Rubrika: "Mən də getdim"- Fərəh Sabirqızı

Şahdağda bir gün
Xəbərlər 15 Yanvar 2014 00:00 2064
Rubrika: "Mən də getdim"- Fərəh Sabirqızı

"Mən də getdim" rubrikası səyyah.az təsisçilərinin öz həmkarları üçün yaratdığı imkandır. Müxtəlif mətbuat vasitələrində və ya sadəcə müstəqil şəkildə fəaliyət göstərən jurnalistlər istiraət və səyahətləri barədə təəssüratlarını bu rubrikada bölüşə bilərlər. Burada onlar olduqları yerlər, gəzdikləri ölkələr və ya məkanlar, eləcə də qarşılaşdıqları hadisələr, ən əsası, onlara göstərilən xidmət barədə fikirlərini qeyd edə bilərlər. Dostlar, səyahətinizi bizimlə də bölüşün! Rubrikanın qonağı, tanınmış jurnalist Fərəh Sabirqızıdır.


- Hər dəfə bayram tətili vaxtı Bakıdan kənara çıxmağa çalışırıq. Bu il xarici ölkəyə getmək qismət olmadı. Ona görə də, təmiz, şaxtalı hava udmaq, qar görmək və əylənmək qərarına gəldik. Bu tələblərə cavab verən və ailə büdcəmizə uyğun yer Qusardakı "Şahdağ" Turizm Kompleksi idi.


Şahdağa getməzdən öncə kompleksin rəsmi saytından topladığımız məlumatlar xeyli işimizə yaradı. Çünki artıq əvvəlcədən qiymətləri, kompleksin iş rejimini bilirdik. Xizəklə sürüşmək vaxtında, kanatda gəzməkdə problem olmadı. Göstərilən xidmətlərin qiyməti də elə saytda göstərilən kimi idi – bu baxımdan sürpriz yaşanmadı. Amma maşın saxlama qiyməti, xidmətlərin sayı və keyfiyyəti təəccübləndirdi. Məsələn, kompleksin ərazisində cəmi bir neçə saatlığa maşın saxlamaq üçün 6 manat ödədik.


Ümumiyyətlə, gördüklərimizdən aydın olurdu ki, bu kompleks birdə-birə bu qədər turistin gəlişinə hazır deyil. Ona görə də turistlərə xidmət lazımi səviyyədə deyildi. Məsələn, bura saat 11-də gələn şəxsə yarım günlük bilet satırdılar. Amma izah etmirlər ki, artıq həmin yarım günlük vaxtın bitməsinə cəmi 1 saat qalıb. Halbuki, turist digər yarım gün üçün bilet alıb axşama qədər kanatlardan istədiyi qədər istifadə edə bilərdi.


Bəyənmədiyim ikinci məqam - Şahdağda uşaqlar üçün xüsusi bir əyləncə tapmadıq. Halbuki, saytda uşaqlar üçün tübinq, kvadrosikllərdə gəzinti, macəralar parkı, şişirdilmiş şar qalalar kimi əyləncələr göstərilmişdi. Bunlardan heç biri aktiv deyildi. Sadəcə, yarım saatı 3 manata olan yelləncək vardı.


Ümumiyyətlə, Şahdağda həvəskar turistlər üçün aktiv yalnız iki xidmət qalırdı - kanat və xizək. Onda da problemlər vardı. Hər yerdə yaranmış uzun-uzadı növbələr istirahəti tamamilə korlayırdı. Uşaq üçün xizək sifariş edib, növbədə dayanıb, pulunu ödəyib, yenə uzun növbələrdən keçib ayaqqabı seçəndən sonra məlum oldu ki, uşaq xizəyi artıq qalmayıb. Zorən yenə növbələrdə dayanıb pulunu geri qaytarmalı olduq. Kanata minmək üçün də növbələr yaranırdı.


Kanatlara xidmət göstərən işçilərin bəziləri əcnəbi olduğundan, yerli turistlərin nə dediyini anlamırdılar, bu da müəyyən narazılıq yaradırdı. Eləcə də, otelin içində fəaliyyət göstərən kafenin bəzi ofisiantları da əcnəbilər idi. Kafedən söz düşmüşkən, burada yeməyin qiyməti ucuz deyildi. Böyüklər üçün nahar dəsti 15 manat (makaron (və ya düyü) + toyuq əti), uşaqlar üçün 11 manat, bir stəkan çay isə 2 manata idi.


 Bu şərtlər daxilində Şahdağda bir gündən artıq vaxt keçirməyi lazımsız hesab etdik.

 


OXŞAR XƏBƏRLƏR