Məzuniyyət və istirahətin ən qaynar vaxtıdır. İl boyu bu məqamı gözləyənlər həm ölkədaxili, həm də xarici turizm imkanlarından bəhrələnərək dincəlmək istəyir. Bunun üçün turizm şirkətlərinin təqdim etdiyi turlardan da istifadə edilir. Lakin müsbət məqamlarıyla yanaşı, bəzən bu xidmətlərdən istifadə zamanı xoşagəlməz və mübahisəli məsələlər də yarana bilir. Bütün bunları nəzərə alaraq, turistlərin bilməli olduqları vacib məsələlərlə bağlı hüquqşünas Səbuhi Axundovla söhbət etdik.
- Səbuhi müəllim, vətəndaşlar səyahət seçərkən və tur alarkən hansı məsələlərə diqqət yetirməlidir ki, sonradan pis vəziyyətdə qalmasınlar?
- Vətəndaşlar turizm şirkətlərinə müraciət edərkən ilk növbədə onların fəaliyyətinin qanuniliyini yoxlamalıdırlar. Bu gün elektron sistemdə hansısa sahibkarın fəaliyyətini yoxlamaq elə də çətin deyil. Bundan əlavə, razılaşdıqları şərtlər çərçivəsində qarşılıqlı razılaşmaya dair müqavilə bağlanmalıdır. Edilmiş ödənişin təyinatını və məbləğini göstərən qəbz verilməlidir. Bu hallarda sonradan yarana biləcək istənilən pozulmuş hüquqları bərpa etmək mümkündür. Əks halda, insan səyahət etmək əvəzinə, 3-5 min manatından da ola bilər. Bu gün belə vətəndaşlarımız çoxdur.
- Səyahət müqaviləsi bağlamağa münasibətiniz necədir?
- İstənilən anlaşmanın müqavilə şəklində rəsmiləşdirilməsi hüquqların sığortasıdır. Bu müqavilə sabah istənilən anlaşılmazlıq baş verən zaman məhkəmədə müdafiə hüququnu qoruyur. Belə müqavilənin olmamağı bəzən müştərinin başına gələnləri sübuta yetirə bilməməyinə səbəb olur. Belə olan halda isə hüquqların belə, səndən üz döndərir. Müqavilə bağlamaq və anlaşmaları rəsmiləşdirməyin özü bir mədəniyyətdir. Bu gün bizə müqaviləsi olmadığı halda, pul ödəyib səyahət etmək istəyən və sonra da aldadılan insanlar müraciət edirlər. Sözsüz ki, onların bu iddialarını sübuta yetirmək bəzən mümkünsüz olur. Bu səbəbdən də müqavilə bağlanmasına yaxşı baxıram və hər kəsə məsləhət görərdim ki, hətta ödənişləri həyata keçirərkən qəbz əldə etsinlər və həmin qəbzlərdə ödənişin təyinatı və məbləğinə xüsusi diqqət yetirsinlər.
- Bu müqavilədə hansı məsələlər göstərilməlidir?
- Müqavilədə əsas məsələlər turizm firmasının sifarişçi vətəndaş qarşısında götürdüyü öhdəliklər göstərilməlidir. Belə ki, turizm şirkəti göstərəcəyi xidmətləri və dəyərlərini qeyd etməlidir. Məsələn, səyahətin müddəti, marşrutu, nəqliyyat xidməti, hansı oteldə qalacaq və hansı nömrə bron edilib, gün ərzində qidalanma, vizanın neçə günə alınması göstərilməlidir. Turizm xidməti göstərən şirkət turistin hüquq və vəzifələrini göstərilməlidir. Ən əsas və sonradan mübahisə yaradacaq məsələ icraçının, yəni şirkətin günahından səyahət baş tutmadığı halda, pulun hansı hissəsinin və hansı qaydada qaytarılması və yaxud turist tərəfindən səyahətə bir neçə gün qalmış imtina edilərsə, bu halda nə qədər cərimə tutulması məsələləri müqavilədə mütləq göstərilməlidir.
- Azərbaycanlı turistlər səyahət müqaviləsi bağlamağa maraq göstərirlərmi?
- Bu gün Azərbaycanda buna o qədər də maraq göstərilmir. Çünki demək olar ki, heç kim tanımadığı yaxın, ya uzaq bir əlaqəsi olmadığı şəxsin turizm şirkətinə müraciət etmir. Çox az insana rast gəlmək olar ki, onlar müqaviləyə üz tuturlar. Bunun da səbəbi ondan ibarətdir ki, onlar artıq bir dəfə müqaviləsizliyin qurbanı olublar.
- Səyahətə gedənlər xarici ölkələrdə ən çox hansı problemlərlə rastlaşırlar?
- Səyahətə gedənlər daha çox bütün ödənişləri etdikdən sonra vəd olunmuş otellərdə yer verilməməsindən və yaxud gündəlik 3 dəfə yemək göstərildiyi halda, orada cəmi bir səhər yeməyinin verilməsi problemlərindən şikayətlənirlər. Bu cür problemlə bağlı bizə ötən aylarda müraciətlər olmuşdu. Maraqlananda gördük ki, ümumiyyətlə, belə bir turizm şirkəti mövcud deyil. Sadəcə, biletlərin və qalınacaq otellərin bron kağızlarını müstəriyə verməklə, onun pulunu alıblar. Sonra hava limanında müştəriyə vizanın alınmadığını bildiriblər. Belə halda müqavilə olmadığı üçün bu dələduzluq qurbanına çevrilmiş turist əli ilə verdiyi pulu ayağı ilə axtarmalı olur. Ancaq müqavilə olduğu zaman belə halda dəymiş ziyanın şirkətdən tutularaq vətəndaşa ödənilməsi elə də çətin olmur.
Digər əsas bir problemi də qeyd edim ki, bu gün iş düzəldən və heç bir turizm şirkətində işləməyən şəxslər də var ki, onlar vətəndaşları çox vaxt aldadırlar. Bu səbəbdən də vətəndaşlar hər zaman təmasda olduqları şirkət nümayəndəsinin sənədlərinə diqqət etsinlər. Bu sahədə çətinliklər və çatışmazlıqlar çoxdur. Hesab edirəm ki, yaxın zamanlarda bizdə də hüquqi maarifləndirmə üçün açılan qapılar bu sahənin də zərərsiz fəaliyyətinə töhfəsini verəcək. Əhali müqavilədən kənar pullarını havaya sovurub sonra zərərçəkmiş vəziyyətində qalmayacaq.
Ailem.az