Azərbaycanda qədim alman izləri- Helendorfdan REPORTAJ

Xəbərlər 17 Iyul 2014 00:00 5806
Azərbaycanda qədim alman izləri- Helendorfdan REPORTAJ

Bura vaxtilə almanların məskən saldığı Helenendorf - Göygöl şəhəridir. Şəhərə daxil olarkən bina və evlərin görüntüsündən alman memarlıq üslubunun burada hələ də qorunduğunu hiss etmək olur.

 

Qeyd edək ki, almanların Qafqaza köçü 1817-ci ildə Rusiya və Almaniya rəhbərliyinin razılığı ilə başlanıb. Bu razılığa uyğun olaraq, Almaniyanın Vürtemberq vilayətinin sakinlərinin bir hissəsi Gəncənin 7 milliyində, qədim yaşayış məskəni Xanlıqlar kəndinin ərazisində (sonralar Xanlar, indi isə Göygöl şəhərinin yaxınlığında) onlar üçün ayrılmış torpaqlara köçürülüblər. 1819-cu ildə Azərbaycanda ilk alman koloniyası olan Helenendorf yaranıb, əvvəlcə Helenendorfda 124 alman ailəsi məskunlaşıb. Həmin ilin avqustun 22-də isə Göygöl şəhərinin əsası qoyulub.

 

6 küçədə alman üslubunda 400-dən artıq ev tikilib

 

Göygöl Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şərqiyyə Hümbətova bildirib ki, Helenendorfda qısa müddətdə 6 küçə salınaraq, alman memarlığı üslubunda 400-dən artıq ev tikilib. Burada bəlkə də respublikada ilk dəfə olaraq ümumtəhsil məktəbi, uşaq bağçası, musiqi məktəbi fəaliyyət göstərib. Ümumiyyətlə, almanlar bu bölgənin inkişafı və abadlaşmasında böyük rol oynayıblar. 1890-cı ildə Gəncə çayı yaxınlığında dörd mərtəbəli su dəyirmanı tikilib, müxtəlif növ un növlərinin istehsalına başlanıb. 1903-cü ildə 13 km məsafədən Köşkü kəndi ilə Üçbulaq (Murud) kəndi arasında yerləşən meşədəki bulaqlardan şəhərə su çəkilib. 1911-ci ildə isə Helenendorfda - Gəncə çayının üzərində Azərbaycan ərazisində ilk su elektrik stansiyası tikilib. Stansiyanın tikintisi ilə əlaqədar ərazidə sənaye inkişaf etməyə başlayıb, kirəmit və kərpic istehsalı zavodları, pivə zavodu, mədəniyyət evi tikilib.

 

Almanlar burada 1 əsrdən artıq yaşayıblar. 1941-ci ildə Almaniya ilə SSRİ arasında müharibə başlayarkən, ittifaq ərazisində yaşayan digər almanlar kimi, Helenendorf sakinləri də Orta Asiyaya sürgün ediliblər.

 

Məhşur alman şərabları və qədim çəlləklər

 

 

Helenendorf almanları Gəncə çayının ətrafında yerli üzüm sortları becərməyə başlayıblar. Nəticədə, 1860-cı il Azərbaycanda şərabçılıq sənayesinin yaradılması və inkişaf tarixinin başlanğıcı olur. Bu yeniliklərin başında Helenendorflu alman sahibkarları Xristofor Forer və Xristian Qummel dururdu. Həmin il hazırkı Göygöl Şərab Zavodu, 1862-ci ildə isə “Forer Qardaşları” səhmdar cəmiyyəti təsis olunur. Bu cəmiyyətə X.Forer və onun oğulları Qotlob, Fridrix, Henrix və Xristofor rəhbərlik edirlər. Forerlərin şüşələrdə qablaşdırdıqları şərab və konyak Avropa bazarlarına çıxarılır və qızıl pula satılır. Forerlər üzüm bağlarını daha da genişləndirirlər. Nəhayət, Forerin evindəki zirzəmi istehsal edilən şərab və konyak üçün kifayət etmir və böyük  şərab anbarının tikilməsinə ehtiyac yaranır...

 

 

Göygöldə olduğumuz vaxt 1875-ci ildə burada almanların tikdiyi şərab anbarına da baş çəkdik. Gil və ağ daşdan tikilən, bəzi hissələrində isə yumurta ağından istifadə edilən anbarın sahəsi 3 min kvadratmetrdir. 35-40 metr dərinlikdə yerləşən anbar çox soyuqdur. B.Bağırovun sözlərinə görə, ilin bütün fəsillərində burada temperatur 13-15 dərəcədən artıq olmur, qışda isə 10 dərəcəyə də düşür. Anbarda şərab əsasən yeni çəlləklərdə saxlanır. Almanların palıd ağacından hazırladığı və bugünədək qorunan doqquz çəlləkdən hələ də istifadə edilir. Anbarda dəmir, beton və yumurta ağından hazırlanan böyük çən də var. Bu çəndə yetişən şərab çənin yanlarındakı bacalardan şərab qablarına yığılırmış. Onu da öyrəndik ki, anbarın mühafizəsi məqsədilə hər həftə sonu anbarda kükürd yandırılır. Bu, zirzəmidəki həşərat və havada olan mikrobları məhv edir. Anbarın havalandırılması isə təbii yolla baş verir.

 

 

Forer qardaşlarının nəvələri babalarından qalan tikililəri yad etmək üçün Göygölə tez-tez gəlirlər. Qardaşlardan birinin nəvəsi Tomas Forer artıq 4 dəfə burada olub və anbarın durumu ilə maraqlanıb. Amma şərab anbarına gələn almanlar təkcə Forerin qohum-əqrəbası deyil, Azərbaycana gələn alman turistlərin çoxu yolunu burdan salır.

 

 

Hər ailənin payı olan Lüteran kilsəsi

 

Göygöldə yolumuzu alman Lüteran kilsəsindən salırıq. Onun tikintisində hər bir alman ailəsi iştirak edib. Bura hər ailə bir daş gətirib, bunu bacarmayanlar bir qızıl verib və onun müqabilində bu iş başqası tərəfindən yerinə yetirilib. Göygöl rayonunun memarı Fikrət İsmayılov bildirdi ki, kilsənin tikintisi 1854-cü ildə başlayıb 1857-də başa çatıb. Sonralar kilsənin qarşısında böyük bağ da salınıb, indi bağda abadlıq işləri aparılır. Kilsənin üstündə almanlardan qalma 3 böyük saat 2009-cu ildə Almaniyadan dəvət edilmiş usta tərəfindən bərpa edilib. İndi həmin saatlar səhər saat 7-dən 12-dək yarım saatdan bir və saatın tamamında zəng vuraraq sakinləri keçmişə qaytarır.

 

 

11 alman evinə tarixi abidə statusu veriləcək

 

 

Helenendorfdakı alman evləri bir neçə il əvvəl restavrasiya edilib. F.İsmayılovun dediyinə görə, bu zaman evlərin memarlıq üslublarına toxunulmayıb, sadəcə xırda təmir işləri yerinə yetirilib.

 

Küçə boyunca sıralanmış evlərin divarına tikildiyi tarix və sahiblərinin adları yazılıb. Burada 120-dən artıq evin yaşı 100-dən çoxdur. Onu da bildirək ki, hazırda Göygöldəki küçələrdən biri alman alimin adınadır. Küçəyə adı verilən Yakob İoqonoviç Hummel anadan olduğu Göygöldə tarixi araşdırmalarla məşğul olub və kurqanlardan tapdığı eksponatlardan ibarət muzey yaradıb.

 

 

Göygöldə yaşamış sonuncu almanın evi

 

Helenendorfun son alman sakini Viktor Klayn 7 il bundan əvvəl dünyasını dəyişib. Evinin qapısına vurulan lövhədən məlum olur ki, 1886-cı ildə tikilən ev İosya Kleynə məxsus olub. Evin sonuncu sakini isə İ.Kleynin oğlu Viktor idi. Viktorla yaxından dostluq etmiş F.İsmayılovun sözlərinə görə, onun sürgün edilməməsi və Azərbaycanda qalmasına səbəb atasının polyak olması idi: “Viktor çox səmimi və necə deyərlər, «alman dəqiqliyi» sözünü doğruldan insan idi. Digər millətin nümayəndəsi ilə evlənən almanlar sürgün edilmədiyindən Viktor Göygöldə qalıb”. Atası vəfat edəndən sonra Viktor anası ilə yaşayıb. Sonuncu almanın taleyi kədərli olub - anası azərbaycanlı qızla evlənməsinə qarşı çıxdığından ömrünün sonunadək tənha yaşayıb və 2007-ci ilin martında vəfat edib: “Anasında millətçilik hissi güclü olduğundan oğlunun azərbaycanlı qızla evlənməsinə mane oldu”.

Azərbaycan və rus dillərini mükəmməl bilən Viktor bizim musiqiləri çox sevib: “Şərab içəndən sonra pianonun arxasına keçib Azərbaycan musiqilərini ifa etməyə başlayırdı. Rəşid Behbudovun demək olar bütün mahnılarını bilirdi”. Bütün alman evləri kimi Viktorun evinin altında da  böyük zirzəmi, burada  şərab çəlləkləri, şərab qabları var. F.İsmayılov bildirir ki, almanlar bu zirzəmilərdən soyuducu kimi istifadə edirlərmiş.

Ölümünə az qalmış Viktor evinin muzeyə çevrilməsini vəsiyyət edib. Onun bu arzusu yerinə yetirilib. Evə muzey statusu verilməsi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən əmr verilib.

 

Ailem.az

OXŞAR XƏBƏRLƏR