Yeni ildə Moskva, Dubay, yoxsa fantastik qiymətlərlə Azərbaycan otelləri?

Yeni ildə Moskva, Dubay, yoxsa fantastik qiymətlərlə Azərbaycan otelləri?
Xəbərlər 3 Noyabr 2017 23:36 2489
Yeni ildə Moskva, Dubay, yoxsa fantastik qiymətlərlə Azərbaycan otelləri?

–  Şəmkir, yoxsa Sankt-Peterburq?

–   Qalaaltı ya Moskva?

…Əlbəttə, böyük əksəriyyət Yeni il bayramını xristian şəhərlərində keçirmək istədiyini arzulayar: atmosfer başqa, mühit fərqli, bayram ab-havası yüksək.

Ancaq niyəsə Azərbaycanda istirahət mərkəzlərinin, otellərin sahiblərinə elə gəlir ki, Yeni il bizim şəhərlərdə maraqlı keçir, nəinki xristian ölkələrində.

Seyyah.az turizm portalı yeni il turlarının qiymətlərini təqdim edir:

 

El Faro-da elə qiymətdir ki…

Nabrandakı El Faro istirahət mərkəzi

Elə olmasaydı, bayram kampaniyalarının qiymətlərini fantastik məbləğdə təklif eləməzdilər. Belə çıxır ki, ya vətəndaşları ələ salırlar, ya da həmin qiymətə razılaşanlar var.

Sizi yormadan və uzatmadan, Yeni il kampaniyasının tariflərinə keçirəm:

Məsələn, götürək Nabranda El Faro istirahət mərkəzini. El Faro bir nəfərə 5 günlük istirahəti 205 manata təklif edir.

Bu qiymətə təkcə səhər yeməyi daxildir. Yəni, 5 gün ərzində azı elə 205 manat da günorta və axşam yeməyinə, içkiyə, əyləncəyə xərcləyəcəksiniz – azı…

Bu da 510 manat edir və əgər siz ailəvi bayramı El Faroda qeyd edirsinizsə, onda özünüz təsəvvür edən ki, bayram “burnunuzdan gələcək” yoxsa ürəyiniz yerinə…

“Semkir Excelsior”da “qara bayram”

“Semkir Excelsior”

Ancaq tələsməyin, El Faroya şükür edəcəksiniz. Hazırda sosial şəbəkələrdə bəh-bəhlə reklamı gedən “Semkir Excelsior” oteli təklif edir ki, iki nəfərə 660 manat ödəyin və 4 gün bayramı burada qeyd edin.

Bu qiymətə gündə 3 dəfə yemək daxil deyil və bir anlıq fikirləşin ki, 2018-ci ilin başlanğıcı Şəmkirdə “qara bayram” olacaq yoxsa əsl qış nağılı?!

Hələ bu ayrı sualdır ki, cibində 660 manatı olan adam Yeni ili niyə Şəmkirdə qarşılasın? Axı bu qiymətə qonşu ölkələrdə elə gözəl bayram keçirmək olar ki…ən pisi Gürcüstanda.

Hətta Gürcüstanın ən bahalı qış kurortu olan Bakuranidə belə həmin pulla möhtəşəm Yeni il qeyd edə bilərsiniz – qarlı dağların əhatəsində, xizək, kanat, gecə əyləncəsi… və qəfildən gözünüzü “Semkir Excelsior” otelində açırsınız, sadəcə dəhşət!!!

“Qalaaltı Hotel Spa”da nə baş verir?

“Qalaaltı Hotel Spa”

Və bu dəhşət Şəmkirdən üzü Qalaaltıya qədər uzanır. Qulaqlarınızı tutun və gözlərinizi açın – “Qalaaltı Hotel Spa” istirahət mərkəzində 31 dekabrdan 3 yanvaradək nəzərdə tutulan bayram paketi 1850 manatdır.

Axı niyə müəllif bu sətirləri yazanda stuldan yıxılıb qarnını tutub qəşşş eləmir? Necə, necə 1850 manat?

Bu 4 gün ərzində menyuda ayı kababı verəcəklər, Rihananı dəvət edəcəklər yoxsa bu otelə bizi təyyarə ilə aparacaqlar?

1850 manat elə 2000 manatdır ki, bu pulla siz Kiyev, Moskva, Sank-Peterburq, Avropa şəhərlərində Yeni il qarşılaya bilərsiniz. Görünür ki, ora Qalaaltı deyil, nəsə bilmədiyimiz başqa bir möcüzə var…

“Şamaxı-Şirvan”da 660 manat ödə və…

“Şamaxı-Şirvan” oteli

Bu minvalla gəlib çıxırıq “Şamaxı-Şirvan” otelinə. Elə bu istirahət mərkəzi də Şəmkirdən geri qalmır.

Onlar da Yeni il kampaniyasına 2 nəfərlik 660 manat təklif edirlər. 4 gün oteldə gecələ, səhərlər dur yeməyini ye, Yeni il axşamı şam yeməyi və 660 manat ödə.

Eynilə Qəbələdəki otellər, “Şamaxı Rixos”, “Quba Rixos”, Lerikdəki “Relax” və s. otellər də Yeni ildə dəhşətli kampaniyalar təklif edirlər.

Moskva, Kiyev, Dubay – Qiymətlər

Moskva, Rusiya

Bütün bunlardan sonra geniş yazmağa lüzum qalmır. Sadəcə, gəlin turizm firmalarının Yeni il kampaniyalarına nəzər yetirək.

Məsələn, Misirin kurort zonası olan Şarm Əl Şeyxə bir həftəlik tur 400 dollardır. Əlbəttə ki, bir həftədə uçuş, gündə 5 dəfə yemək, limitsiz içki, şou proqramlar, diskoteka həmin 400 dollara daxildir. Budapeşt-Praqa turu isə su qiymətinə – 299 avrodur.

Moskvaya 5 günlük Yeni il turu 370 dollardır. Dubay 550 dollar, Sankt Peterburq  1 həftəli 330 dollar, Tbilisidə 4 gün 285 dollar, Kiyevdə isə 265 dollardır.

Vəssalam, özünüz nəticə çıxarın, bayramınız qabaqcadan mübarək!!!

Emil Salamoğlu

@azeuronews.com

OXŞAR XƏBƏRLƏR