Şəkidə ilk dəfə şirniyyat festivalı keçirilib - FOTOLAR

Şəki və Qırğızıstan qənnadıçıları festivalın qızıl medallarına layiq görülüblər
Xəbərlər 21 Iyul 2014 00:00 3582
Şəkidə ilk dəfə şirniyyat festivalı keçirilib - FOTOLAR

İyulun 20-də Şəkidə ilk dəfə Beynəlxalq ənənəvi şirniyyat festivalı keçirilib. Seyyah.az ailem.az-a istinadən xəbər verir ki, XVIII-XIX əsrlərə aid tarixi-memarlıq abidəsi "Yuxarı Karvansaray" mehmanxana kompleksinin həyətində keçirilən festivalda 6 ölkədən, həmçinin, respublikamızın 23 şəhər və rayonundan gəlmiş şirniyyatçıların hazırladıqları məhsullar nümayiş etdirilib.

 

Festivalın açılış mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Şəkidə müxtəlif xarakterli festivalların keçirilməsinin artıq ənənə halını aldığını bildirib. O, qeyd edib ki, bir neçə gün əvvəl Şəkidə beşinci dəfə keçirilən "İpək Yolu" Beynəlxalq musiqi festivalı da öz işinə başlayıb. V.Əliyevin sözlərinə görə, şirniyyat festivalının keçirilməsinin əsas məqsədi xalqımızın qeyri-maddi irsinin qorunub saxlanması və təbliğ olunmasına, eyni zamanda Şəkinin turizm potensialının genişləndirilməsi və beynəlxalq səviyyədə tanıdılmasına nail olmaqdır.

 

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov isə bildirib ki, Şəki şirniyyatı özünün əla, ləziz dadı və geniş çeşidləri ilə fərqlənir. Şəkinin şirniyyat ustalarının hazırladıqları məhsullar xarici bazarlara da geniş yol açıb, bu şəhərin mətbəx mədəniyyyətinin tanıdılmasında mühüm rol oynayıb. Bu gün Şəki təkcə özünün ipəyi ilə deyil, eyni zamanda halvası ilə də bütün dünyada məşhurdur.

 

Rəsmi hissədən sonra tədbir iştirakçıları Türkiyə, Rusiya, Monqolustan, Gürcüstan, Qırğızıstan, Koreya, həmçinin, Azərbaycanın müxtəlif şəhər və rayonlarından gəlmiş qənnadıçıların əvvəlcədən hazırladıqları şirniyyat məhsulları ilə tanış olub. İştirakçı ölkələrin mətbəxlərinə aid şirniyyat məhsulları, həmçinin, Azərbaycan qənnadıçılarının hazırladıqları şirin xörəklər (firni, xəşil, şirin plov, südlü sıyıq), unlu qənnadı məmulatları (paxlava, fəsəlli, qatlama, zilviyyə, umac halvası), milli şəkərli şirniyyatlar (noğul, qoz halvası, səməni halvası) sərgilənib.

 

Şəki və Qırğızıstan qənnadıçıları festivalın qızıl medallarına layiq görülüblər. İkinci yerə Şamaxı rayonunun, Naftalan şəhərinin, həmçinin, Türkiyə və Gürcüstanın kulinarları çıxdılar. Qəbələ, Şəmkir, Balakən rayonlarının, Gəncə şəhərinin qənnadıçıları və Koreyadan gəlmiş şirniyyatçılar üçüncü yeri yeri tutaraq festivalın bürünc medallarına layiq görüldülər. 

OXŞAR XƏBƏRLƏR