Təhlükəli çimərliklərdəki obyektlər bağlana bilər - XƏBƏRDARIQ

İstirahət mərkəzlərinə ciddi xəbərdarlıq edilib; sahil və dəniz suyunu təmizləməyən obyektlərin fəaliyyəti dayandırılacaq.
Xəbərlər 21 Iyul 2014 00:00 1970
Təhlükəli çimərliklərdəki obyektlər bağlana bilər - XƏBƏRDARIQ

Bakıda təhlükəli elan olunan çimərliklər bağlana bilər. Bu barədə Şıx çimrəliyində yerləşənən istirahət mərkəzlərinin birindən məlumat verilib. Məlumata görə, bir müddət əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılmış monitorinqin nəticəsi olaraq çimərliklərdə yerləşən istirahət mərkəzlərinin qarşısında tələb qoyulub. 

Həmin tələbə əsasən, istirahət mərkəzləri çimərlik kimi istifadə etdiyi əraziləri, qumu, dəniz suyunu mütəmadi olaraq təmizləməli, ərazidə sanitariya qaydalara əməl etməlidir. İstirahət mərkəzlərinə bildirilib ki, bu tələbələrə cavab verməyən istirahət mərkəzləri haqqında ciddi ölçü götürüləcək. Dəfələrlə edilən xəbərdarlığa baxmayaraq, nəticə çıxarmayan obyektlərin fəaliyyəti dayandırılacaq. Mövzu ilə əlaqədar ötən gün Bakının Şıx çimərliyində yerləşən istirahət mərkəzlərinin bir neçəsinə baş çəkib, ordakı vəziyyəti öyrnəməyə çalışdıq. 

“Azca sərt tələblər qoyanda müştəri qaçır”

Şıx çimərliyində yeləşən “Min bir gecə” istirahət mərkəzi bu yay mövsümünü durğunluq içərisində keçirir. Səbəblər içərisində havaların qeyri-sabit keçməsi olsa da, obyekt sahibləri bunun əsl səbəbini bu il istirahət üçün xaricə gedənlərin çox olduğu ilə əlaqələndirdilər. İstirahət mərkəzinin Hüseyn adlı administratorunun sözlərinə görə, bu il turizm şirkətlərinin təklif etdikləri müxtəlif endirim kampaniyaları böyük marağa səbəb olub: “Turizm şirkətləri Türkiyə və Gürcüstana həftəlik tur paketləri 200-600 manat arası təklif edir. Bu da kifayyət qədər normal qiymətlərdir. Bu qiymətə Azərbaycanda bir həftə istirahət etmək çox çətindir. Bu, bizdən asılı deyil. İstirahət mərkəzləri arasında rəqabət mühitinin formalaşmasına heç cürə imkan vermirlər. Vergini günü-gündən artırırlar. Məcbur olub biz də xidmətlərin qiymətini qaldırırıq. Çünki burda yüzlərlə işçi işləyir. Bəs onların maaşını necə verək?”.

İstirahət mərkəzinin administratoru qeyd etdi ki, qiymətə uyğun xidmətləri də yaxşılaşdırırlar: “Əvvəllər giriş üçün qapıda adambaşı 3 manat ödəyib içəri girən müştərilər, çardaq, duş kimi xidmətlərə görə əlavə pul ödəyirdilər. Amma indi bu xidmətlər pulsuzdur. Maşınla istirahət mərkəzinə girmək istəyənlər isə 5 manat ödəməlidirlər. Ödənilən pulun müqabilində müştərilərə çek ödənilir. Həmin çek vasitəsi ilə onlar istirahət mərkəzindəki xidmətlərdən yararlana bilirlər. Burada stolların qiyməti 5-10 manat arası dəyişir. Müştərilər özləri ilə yemək gətiriblərsə stolları 10 manata kirayələyə bilərlər. İstirahət mərkəzində restoran da fəaliyyət göstərir”.

Təmizlik barədə danışan Hüseyn vurğuladı ki, hələlik təmizlik işlərini istənilən qaydada həyata keçirə bilmirlər: “Əsas problem insanlara nəzarət etməkdir. Hər saat elan edirik ki, zibilləri zibil yeşiyinə atın. Amma mütərilər tez-tez gəlib bizə şikayət edir ki, dənizdə üzərkən sellofan, boş su qabları, qida qalıqlarına rast gəlirlər. Onları dənizə biz atmırıq. İnsanlar bir-birlərinə nəzarət etməlidir. Kimsə görsə ki, yanındakı yerə və ya dənizə nəsə atır, ona mane olmalıdır. Onsuz da biz səhər və axşam saatlarında kompelks təmizlik işləri aparırıq”.

“Təmirdən çıxan ”Dostluq"da müştəri qıtlığı"

Təmirdən çıxan “Dostluq”dan isə bildirdilər ki, Şıx çimərliyindəki digər istirahət mərkəzləri kimi onlar da müştəri sarıdan qıtlıq çəkirlər. “Dostluq”un baş administratoru Əli vurğuladı ki, suyun və sahilin təmizlənməsi ilə bağlı onlara da ciddi xəbərdalıq edilib: “Yaxın günlərdə xaricdən xüsusi aparat gətizdirəcəyik. Həmin aparatlar vasitəsi ilə hər 4 saatdan bir həm dəniz suyu, həm də sahildəki qum təmizlənəcək. Keçən dəfə nazirlik yoxlama apardı. Ciddi nöqsanlar aşkarlandı. Bizə sərt xəbərdarlıq edildi ki, qısa müddətdə həmin nöqsanlar aradan qalxmasa istirahət mərkəzinin fəaliyyəti dayandırılacaq”.

İstirahət üçün bu məkanı seçən paytaxt sakini Xalid Məmmədov qeyd etdi ki, son günlər gilavar küləyinin əsməsi suyu nisbətən təmizləyib: “Xəzri əsəndə nə zir-zibil varsa sahilə vurur. Suya girməyə ehtiyyat edirsən. Keçən dəfə Hövsan çimərliiyində idim. Çimdiyim yerdə gördüm ki, suda qara rəngdə böyük nəsə var. Elə bildim kimsə boğulub cəsədi sahilə çıxıb. Polis çağırdıq, məlum oldu ki, gördüyüm suiti cəsədidir”.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı məlumatda deyilirdi ki, nazirlik Abşeron yarımadasının kanalizasiya şəbəkəsi olmayan Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı qəsəbələrinin sahil zolağında və “Amburan” çimərliyi ərazisində, eləcə də Novxanı və Corat bağlarının sahil boyu ərazilərində beynəlxalq standartlara cavab verən 17 ədəd modul tipli çirkab su təmizləyici qurğu quraşdırıb və Azərbaycan Xəzəryanı dövlətlər arasında dənizin və onun akvatoriyasının çirklənmədən qorunması üzrə kompleks tədbirlər həyata keçirən yeganə ölkədir.

Qeyd olunub ki, nazirlik tərəfindən modul tipli çirkab su təmizləyici qurğuların quraşdırıldığı ərazilərdə aparılan monitorinqin nəticələrinə görə, 2007-ci illə müqayisədə mikrobioloji baxımdan çirklənmənin qarşısı alınıb. Artıq Abşeron yarımadasının şimal zonasındakı ərazilərdən dənizə axıdılan tullantı suları idarə olunur. Belə ki, təmizləyici qurğuların istismarı müddətində dənizdə mikrobioloji baxımdan çirklənmənin dərəcəsi tədricən azalmağa başlayıb, son illər ərzində qeyd olunan sahələrdə bağırsaq çöplərinin və şərti patogen bakteriya olan Escherichia coli-nin (E.coli) miqdarı minimum həddə çatıb. Aparılan tədqiqatların nəticələrinə görə, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlan və Hövsan çimərliklərində çirklənmə dərəcəsi artıq norma daxilindədir.

Bildirilirdi ki, lakin belə qurğuların quraşdırılmadığı məntəqələrdə ötən il olduğu kimi (Sumqayıt, Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil qəsəbəsinin çimərlik ərazilərində), bu il də mikrobioloji baxımdan çirklənmə qeydə alınıb. Bu ərazilərdə böyük həcmlə axıdılan tullantı suları müvafiq norma və standartlara uyğun təmizlənmədən və zərərsizləşdirilmədən dənizə axıdıldığına görə sözügedən ərazilərdə bağırsaq çöpü bakteriyalarının və şərti patogen E.coli-nin miqdarı normadan artıq müəyyən edilib.

2014-cü ilin may ayında Xəzər dənizinin sahilində təmizləyici qurğuların quraşdırıldığı ərazilərdə, eləcə də digər çimərlik sahələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən birgə keçirilən monitorinq zamanı dənizdən götürülən su nümunələri üzərində aparılan laborator təhlillərin nəticələri qeyd olunan sahələrdə bağırsaq çöplərinin və şərti patogen E.coli-nin miqdarının minimum həddə çatmasını təsdiq edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən modul tipli təmizləyici qurğular quraşdırılmış qəsəbələrin sahil zolağında aparılan son tədqiqatların nətiçcələri bunu deməyə əsas verir ki, qeyd olunan qəsəbələrin sahil zolağındakı çimərlik sahələri (Sumqayıt, Qaradağ rayonu Sahil qəsəbəsinin “Sahil” və Səbail rayonunun “Şıx” çimərliklərindən başqa) yay mövsümü ilə əlaqədar çimərlik kimi istifadəyə yararlıdır.

musavat.com

OXŞAR XƏBƏRLƏR