Varendorf - Almaniyanın kral tövlələri

Varendorf - Almaniyanın kral tövlələri
Xəbərlər 13 Noyabr 2017 11:14 712
Varendorf - Almaniyanın kral tövlələri

Almaniyanın Münsterlend regionunun şəhərlərindən biri - Şimali Reyn-Vestfaliya əyalətində yerləşən Varendorf şəhəri rahat istirahət və maraqlı asudə vaxt keçirmək üçün turistlərə gözəl imkanlar təklif edir.

  Zümrüd meşələrin və mavi göllərin əhatəsində yerləşən şəhər ekoturizmi sevənlər üçün əla seçimdir. Səyyah.az turizm portalı xəbər verir ki, Varendorf Almaniyada atçılıq idmanının mərkəzi və çempionlar məkanı da sayılır. Burada yerləşən dövlət tövlələrində elit qaçağan atlar saxlanılır. Arzu edənlər üçün tövlələrə ekskursiyalar təşkil edilir.

Velosipedlə gəzinti, yaxud Hötenin izləri ilə

Münsterdə iki gün keçirdikdən sonra biz fürsətdən istifadə edərək, Münsterlend regionunun mənzərəli şəhərlərindən birinə getmək qərarına gəldik. Bunun üçün Münsterin təqribən 30 kilometrliyində yerləşən Varendorf şəhərciyini seçdik. Münsterdən Varendorfa qədər qatarla 40 dəqiqəlik yoldur. Varendorf meşə və göllərlə əhatə olunmuş çox mənzərəli bir yerdədir. Bu şəhər Almaniyanın atçılıq mərkəzi kimi şöhrət qazanıb.

 

Varendorfla tanış olmaq üçün ən yaxşı vasitə velosipedlə gəzintidir. Münsterdə olduğu kimi, burada da velosipedçilər üçün hər cür şərait yaradılıb. Abad yollarda qoyulan göstəricilərin köməyi ilə həm şəhərin mərkəzində, həm də onun ətraflarında, Ems çayının sahilində gəzmək olar. Varendorfu əhatə edən xiyaban Münster xiyabanına çox bənzəyir. Velosipedi Varendorfun mərkəzi dəmir yolu stansiyasında icarəyə götürmək olar.

Şəhər mərkəzinə gedən yol qədim və gözəl evlərin bir-birini əvəzlədiyi kənd məhəllələrindən keçir. Bu evlərin bəzilərinin 500 yaşı var. Bununla belə, onların hamısı çox yaxşı vəziyyətdədir. Bəzən qarşımıza yuxarısında əjdaha başları şəklində qobuları olan binalar çıxırdı. Bunlar vaxtilə tacir evləri olub. Qobuların arasından iplər çəkilib. Müxtəlif yüklər, o cümlədən taxıl kisələri, azuqə bu iplərlə yuxarı mərtəbələrə qaldırılırmış. Binaların birində üzərində alman şairi İohann Hötenin (1749-1832-ci illər) təsviri olan lövhəcik gördük. Varendorflular çox fəxr edirlər ki, tanınmış şair vaxtilə yolüstü onların şəhərində olub. Xatirə lövhəciyindəki mətndə deyilir: "Burada Münster şahzadəsi-yepiskopunun poçt bölməsinin stansiyası olub. Höte 1972-ci il dekabrın 9-dan 10-na keçən gecə - Fransadan Veymara (Almaniyada şəhər) gedərkən yolüstü burada qalıb".

Qədim Benthaymer qülləsi şəhərin əsas görməli yerlərindən biridir. Bu qüllə Varendorfu dövrələyən XIII əsr qala divarının salamat qalan son parçasıdır. Vaxtilə bu cür qüllələrin sayı beş olub. Benthaymerin böyük müdafiə qülləsi özünümüdafiə məqsədi daşıyıb. Bütün qala kimi, qüllə də şəhər əhli tərəfindən müdafiə olunub və daim təmir edilib. Qüllənin aşağısında köhnə yəhudi qəbiristanlığı yerləşir.

Varendorf ətrafında Müqəddəs Lavrenti kilsəsi ucalır. Onun görkəmli qülləsi uzaqdan diqqəti cəlb edir. 1404-1471-ci illər dövründə Vestfaliyaya xas şəkildə inşa edilmiş bu zallı kilsə Vilhelm dövründə təkmilləşdirilmiş, yeni qotik üslubda olan əzəmətli qərb qanadı ilə seçilir.

Sanki açıqcadakı evlər və Olimpiya küçəsi

Varendorfun mərkəzi meydanında ən gözəl qədim binalar iki cərgədə düzülüb. Şiş uclu, pilləvari gözəl damları, səliqəli fasadları və qızılı yapmaları olan bu evlər sanki açıqcadan bizə baxır. Bəzi evlərdə onların tarixi sahiblərinin nəsil gerbləri və tikililərin inşa edildiyi tarixləri görmək olar. Bu tarixi fasadlar ansamblı 1661, 1670 və digər illərdə, ümumiyyətlə isə altı müxtəlif əsrdə inşa edilmiş binalardan ibarətdir.

Elə buradaca, çiçəklərə qərq olmuş çox gözəl fəvvarəciyin yaxınlığında 1404-cü ilə aid Qotik Ratuşa binası yerləşir. Bina 1970-ci ildə neoqotika üslubunda rizalit (fasadın qabağa çıxan hissəsi) ilə tamamlanıb. Dəfələrlə yenidənqurma işləri aparılan bu binada hazırda bələdiyyə şurasının iclasları keçirilir. Onun bəzi zallarında toy mərasimləri təşkil edilir. Varendorfun turizm ofisi də burada yerləşir. Səyahət edənlər burada region barədə müxtəlif maraqlı informasiya əldə edib, ekskursiyalar sifariş verib, suvenirlər ala bilərlər.

Velosipedlərimizi onlar üçün ayrılmış xüsusi yerdə saxlayıb, Varendorfun daş döşənmiş qədim küçələri ilə piyada gəzmək qərarına gəlirik. Olimpiya küçəsində gözümüz düz yerə montaj edilmiş lövhələrə sataşır. Bu lövhələrdə müxtəlif atçılıq idmanı növləri üzrə çempionların adları və müxtəlif illərin Olimpiadalarında onların iştirak tarixləri həkk edilib. Artıq qeyd etdiyimiz kimi, Varendorf Almaniyanın atçılıq və atçılıq idmanı mərkəzidir. Burada atçılıq idmanı ilə məşğul olmaq üçün hər cür şərait yaradılıb. Dövlət tövlələrində ən elit atlar saxlanılır. Şəhərdə "Krikmarkt" deyilən tarixi at bazarını və hətta vaxtilə fəaliyyət göstərmiş ot bazarını da görmək olar.

 

At insanın dostudur

Qeyd edək ki, Varendorfda hər addımbaşı at obrazlarına rast gəlirdik. Biz atın öz boyu bərabərində parlaq rəngli plastik maketlərindən tutmuş əzəmətli tunc heykəllərə qədər qısa müddətdə azı on at heykəli saydıq. Dövlət tövlələrinə ekskursiyaya gələn qonaqları da at heykəli qarşılayır. Əsası 1826-cı ildə Prussiya kralı III Fridrix Vilhelm tərəfindən qoyulan bu tövlələrdə nəinki atçılıq idmanı və Almaniya ordusunun ehtiyacları üçün atlar yetişdirilir, həm də kral tövlələrinə təhkim edilmiş Almaniya Atçılıq Məktəbinin miniciləri hazırlanır. Tövlələrdə saxlanılan 90 ayğır arasında təkcə qaçağan atlar deyil, həm də, məsələn, çəkisi təqribən bir ton, boyu təxminən iki metr olan ağır çəkili atlar saxlanılır. Səkkiz belə at qoşulmuş araba kral tövlələrinin meydanında dövrə vururdu. Varendorf adətən sentyabrın sonunda keçirilən ənənəvi atlar paradına hazırlaşırdı. Paradda həm bu atlar, həm də başqaları yarışır. Parad zamanı müxtəlif cinsdən və çəkidə olan yüzdən çox at meydanda camaata öz bacarığını nümayiş etdirir. Avqustun birinci yarısında isə elə bu meydanda iki gün ərzində "At simfoniyası" deyilən ənənəvi festival keçirilir. Festivalda peşəkar minicilər simfonik orkestrin müşayiəti ilə çıxışlar edirlər.

Almaniya Atçılıq İdmanı Federasiyası və Almaniya Olimpiya Komitəsi də Varendoprfda yerləşir. Bu qurumlar peşəkar idmançılar hazırlanmasına cavabdehdirlər. Atçılıq idmanı üzrə Olimpiya Komitəsinin məşq mərkəzi atçılıq idmanı növləri üzrə məşqlər üçün hər cür zəruri avadanlıqla təchiz edilmiş nəhəng kompleksdir. Olimpiya Oyunları mükafatçılarının çoxu burada hazırlıq keçiblər.

Son söz yerinə

Almaniya şəhərlərinə qısamüddətli, lakin maraqlı səfərimiz başa çatdı. Səfərə Hannoverdən başladıq və on gün ərzində altı şəhərdə olduq. İndi yenidən Hannoverə qayıdırıq ki, oradan da dərhal hava limanına yola düşək. Biz "Wizz Air" aviaşirkətinin Budapeştdən keçən tranzit reysi ilə Bakıya qayıdacağıq. Təcrübə göstərdi ki, bu aviaşirkətin tranzit reysləri çox rahat, qiymətləri isə münasibdir. Hannover-Budapeşt reysinə biletlərin qiyməti 29.99 avrodan, Budapeştdən Bakıya isə 44.99 avrodan başlayır. Əlavə pul ödəməklə, baqaj aparmaq, o cümlədən 32 kiloqrama qədər artıq yük və 15 kiloqrama qədər əl yükü götürmək, habelə təyyarədə yeməklə təmin edilmək olar. "Wizz Air" aviaşirkətinin Azərbaycandan 43 ölkəyə 144 istiqamətdə reysləri sayəsində biz artıq Avropanın bir neçə ölkəsində olmuşuq və bu xoş ənənəni bundan sonra da davam etdirməyə ümid bəsləyirik! /azərtac/

OXŞAR XƏBƏRLƏR