Azərbaycanda harada nə ovlamaq olar? – İCAZƏLƏR, CƏRİMƏLƏR

Azərbaycanda harada nə ovlamaq olar? – İCAZƏLƏR, CƏRİMƏLƏR
Xəbərlər 14 Noyabr 2017 07:41 6965
Azərbaycanda harada nə ovlamaq olar? – İCAZƏLƏR, CƏRİMƏLƏR

Azərbaycanda ovçuluq turizmi 1963-cü ildən fəaliyyət göstərsə də bu turizm növü son illərdə daha çox fəallaşıb. Doğrudur, quş qripi təhlükəsi ilə bağlı  2005-ci ildə  ov 5 illik qadağan edildi, lakin sonra ov turizmi öz axarına düşdü. Seyyah.az turizm və istirahət portal xəbər verir ki, ov üçün Azərbaycana gələn turistlər də var ki, onlar daha çox quş ovuna və dağ keçisinə görə gəlirlər.

 

Ov həvəskarları meqapolisin gurultusundan, qaynar və stress dolu həyatdan uzaqlaşmaq istəyənlər üçün ova çıxmağı əvəzsiz istirahət hesab edirlər. Ov həvəskarları bu məşğuliyyətləri ilə bəzən təbiətə ciddi zərər verə, qorunmaqda olan nadir növü öldürə, yaralaya bilirlər. Kimisi bunu bilməyərəkdən edir, kimisi isə qadağan edilmiş zonada bilərəkdən ov edir.

 

Ovçular ən çox payız aylarında ova çıxdıqları üçün səyyah.az saytı vəhşi heyvanların və quşların ovlanmasının müddətləri, təyin edilmiş normalar barədə yazını təqdim edir

 

Hansı heyvanı nə vaxt ovlamaq olar?

 

Ova marağı, həvəsi və vaxtı olanlar bilməlidir ki, ovlanmasına icazə verilən heyvan və quş növləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ovlanmasına icazə verdiyi siyahıya daxil olmalıdır. 2017-2018-ci illər üçün ov mövsumü bu ilin may ayından start götürüb. Amma hazırda ovlanmasına icazə verilən bəzi heyvanların ovuna qadağa müddəti başlayıb. Məsələn,

 

Dağıstan turunu (təkə) may ayının 27-dən oktyabrın 14-dək ovlamaq mümkün idi. Müddət bitdiyindən hazırda  bu heyvanın ovlanması qanunsuz hesab edilir.

 

Amma ov həvəskarları hələ bir çox heyvan ovuna çıxa bilər.

 

Qabanı (çöl donuzu) sentyabrın 16-dan dekabrın 16-dək ovlamaq icazəlidir, lakin bu icazə 3 nəfərdən az olmayan qrup ovçular üçün nəzərdə tutulub. Onlar cəmi 1 baş qaban ovlaya bilərlər.

 

Dovşan ovu noyabrın 11-dən etibarən icazəlidir. Ov həvəskarları növbəti ilin yanvar ayının 13-dək dovşan ovlaya bilərlər və  adambaşına 2 baş dovşan ovlamaq icazəlidir.

 

Bataqlıq qunduzunu (nutriya) ovlamaq icazəsi nutriya təsərrüfatları olan təşkilatlara volyerlərdə saxlamaq üçün verilir. Qunduz ovuna çıxanlar 7 oktyabrdan bu heyvanı ovlamağa başlayıb. İcazə ümddəti 2018-ci ilin 17 fevralınadəkdir.

 

Cüllüt  ovuna çıxanlar ağquyruq, çökükburun, qırqıldayan cüllüt, kiçik kroşnep və çölhaçaquyruq cüllütü istisna olmaqla qalan növləri bu ilin 16 sentyabrından ovlayır. İcazə 11 noyabrda bitir. Ovçular adambaşına 6 cüllüt ovlaya bilər.

 

Qaz ovunu sevənlər 14 oktyabrdan ova çıxır. Ovçular ağ qaş və qırmızı döş qazlar istisna olmaqla digər növləri növbəti ilin 10  martınadək adambaşına 4 ədəd olmaqla ovlaya bilər.

Ağgöz qara ördək, göydimdik və mərmər cürə istisna olmaqla başqa növ ördəklər 14 oktyabrdan ovlanır. Ovçular 2018-ci ilin 10 martınadək ördək ovuna çıxa bilər. Ovçuların adambaşına 4 ədəd ördək ovlaması icazəlidir.

 

Bəs harda ovlamaq olar?

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən əldə etdiyimiz məlumata görə ova icazə verilən ərazilər heyvanın növlərindən, xüsusiyyətlərindən asılı olaraq dəyişə bilir.  Dağıstan turu (təkəsi) dağlıq ərazilərdə olduğu üçün onun ovuna yalnız dağlıq ərazilərdə yerləşən bir neçə regionda, o cümlədən Quba, Şəki, Zaqatala, Oğuz, İsmayıllıda icazə verilir. Qabanı Lənkəran, Astara, Lerik, Qax, Cəlilabad, Zaqatala, İmişli, Quba, İsmayıllı, Yardımlıda, dovşanı Dəvəçi, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Yevlax, Ağstafa, Qazax, Zərdab, Masallı, Saatlı, Sabirabadda ovlamaq mümkündür.  Habelə növündən asılı olaraq su quşlarının ovuna su bataqlıqları ərazilərində, dovşana müəyyən yarımsəhra ərazilərində icazə verilir.

 

Ödəniş nə qədərdir?

Əgər ova hazırlaşırsınızsa, sizə qaranlıq qalan başqa suallarınız varsa, eləcə də ov üçün icazə əldə etmək üçün aidiyyatı üzrə Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbələrinə müraciət edə bilərsiniz. Ov icazəsinə görə qiymətlər ovlanacaq heyvana görə dəyişir. Dağ keçisini ovlamaq üçün birdəfəlik ödəmə- 24.75, qaban – 16.50, dovşan – 2. 20, cüllüt – 0.31, ördək – 0.99, qaşqaldaq – 0.31, qaz - 2.53 AZN-dir.

 

Ov üçün qadağan edilmiş ərazilər

Ovçuların ova çıxmasına qadağalı olan ərazilər yaşayış məntəqələrinə, şəhərlərə, yaşıl zonalara təxminən 1,5-2 km yaxın ərazilərdir. Həmçinin Xəzər dənizinin adalarında, Goranboy, Xanlar, Ağdam, Daşkəsən, Gədəbəy, Tərtər rayonlarında, qoruq, milli park kimi ərazilərdə ov həmişə qadağandır. Sərhəddə, cəbhəyanı bölgələrə yaxın ərazilərdə də ov etmək qadağan edilib.

 

Normadan artıq ov etmisinizsə...

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Raqif Mirzəyevin sözlərinə görə nazirliyin elan etdiyi norma və kriteriyalar çərçivəsindən kənara çıxanlar üçün cəza və cərimələr də müəyyən edilib: “Ova birmənalı olaraq şənbə və bazar günləri icazə verilir. Adambaşına təyin edilən və ya qrup halında ovlanan heyvandan artıq ovlanarsa bu artıq inzibati xəta törətmələri deməkdir. Məsələn 3 nəfərlik qrup ovçulara 1 qaban ovlamaq icazə verilir, əgər 1 yerinə 2 qaban ovlanarsa İnzibati Xətalar Məcəlləsinin 272.3 maddəsinə əsasən 1000-2000 manat məbləğində cərimə edilirlər. Eyni zamanda qanunsuz ovlanmış qabana görə 220 manat cərimə ödəyirlər”.

Ovlanma müddəti bitmiş Dağıstan turunu ovlayan ovçular 272.3 maddəyə görə ov qanun-qaydasını pozduğu üçün 1000-2000 manat aralığında cərimə ödəməli olur. Qadağan olunmuş yerdə, qadağan olunmuş müddətdə ov etmək, ovçuluq bileti olmadan, ov üçün icazəsiz olmaq, ovçuluq üçün müəyyən edilmiş normanı keçmək, qadağan olunmuş günlərdə ov etmək ov qanun pozuntusu hesab edilir. Müsahibimiz bildirdi ki, qırmızı kitaba düşmüş heyvanların ovlanması, milli park ərazisində ov etmək isə ciddi qanun pozuntusudur, bu işlə artıq hüquq-mühavizə orqanları məşğul olur.

OXŞAR XƏBƏRLƏR