Günəşi, yağışı və kraliçanı bir arada görməyin mümkün olduğu şəhər - REPORTAJ

Günəşi, yağışı və kraliçanı bir arada görməyin mümkün olduğu şəhər - REPORTAJ
Xəbərlər 14 Noyabr 2017 12:34 58
Günəşi, yağışı və kraliçanı bir arada görməyin mümkün olduğu şəhər - REPORTAJ

Gecə boyunca yağan yağışın damlaları səhərin ilk işıqları ilə birlikdə ağacların yerə tökülən yarpaqlarının üstündə parıldayır. 

 Havagünəşli görünsə də, noyabr ayının soyuğunu yavaş-yavaş soyuyan, buz kəsən əllərimdə hiss edirəm. “Əlcək geyinməyin vaxtıdır”, deyə bir anlıq içimdən düşünərkən yanımdan keçən qadının qoluna dəyirəm istəmədən də olsa. Geri dönürəm, orta yaşlı bir qadın gülərüzlə məndən üzr istəyir. Mən də ondan üzr istəyirəm. Bir birimizə təşəkkür edib sağollaşırıq. Hərə öz yoluna...

Belə bir mənzərə ilə ilk dəfə qarşılaşsanız təəccüblənə bilərsiniz,  ancaq Londonda bir müddət yaşayandan sonra ingilislərə məxsus “üzr istəmə” mədəniyyətinə siz də alışırsınız, hətta alışmaqla qalmayıb, bu mədəniyyətin bir parçası olursunuz.

gunesi yagisi ve kralicani bir arada gormeyin mumkun oldugu seher reportaj

İldə milyonlarla insanın ziyarət etdiyi bir şəhərdir London. Hər kəsin bu şəhəri ziyarətinin özünə görə səbəbi var. Kimi gəzmək, kimi oxumaq, kimi də işləmək üçün üz tutur dumanlı Albiona. Gəlmə səbəbiniz nə olursa olsun London tez bir zamanda sizi özünə valeh edəcəkdir.

Burada 15 aydır yaşayan birisi olaraq sizə Londonun sevdiyim cəhətləri haqqında yazmaq istəyirəm. Düzdür, bu baxımdan həm də sizə əvvəlcədən xatırlatma eləmək istəyirəm ki, Londonun gəzməli-görməli yerləri yazmaqla qurtarmaz, xüsusilə də bu şəhərə ilk dəfə gələnlər üçün hər küçə maraqlı gəlir. Ən çox da bizim əvvəllər filmlərdə gördüyümüz iki-üç mərtəbəli məşhur evlər insana xüsusi zövq verir. 

gunesi yagisi ve kralicani bir arada gormeyin mumkun oldugu seher reportaj

Ancaq şəhəri tanıtmaq üçün haradansa başlamaq lazım gəlirsə, mən parkları seçərdim. Hyde Park, Green Park, Regent’s Park, St James Park, Kensington Gardens Londonun ən başlıca parklarından, hətta atributlarındandır. Parklara girər-girməz möhtəşəm mənzərələr başlayır. Siz günün istənilən saatında insanların idman etdiyi, ailələrin uşaqları ilə, heyvansevərlərin öz heyvanları ilə gəzintiyə çıxdığı, ya da oturaraq dinləndiyi, bəzən günəşləndiyi bir mənzərə ilə qarşılaşacaqsınız. Hətta Londona daim xas olan yağışlı havalarda belə...

 

Yağış demişkən, Londonda gəlirsinizsə, özünüzlə çətir gətirməyi unutmayın, çünki burda hər an yağış yağa bilər. Elə özüm də bu reportaja şəkil çəkmək üçün ayırdığım bir neçə saatda həm günəşi, həm yağışı gördüm.

 

gunesi yagisi ve kralicani bir arada gormeyin mumkun oldugu seher reportaj

 

Muzeylər Londonun heyranlıq və axın yaradan ikinci möhtəşəm ünvanıdır. Dünyanın ən məşhur rəssamlarının əsərlərini siz heç bir vəsait ödəmədən London muzeylərində pulsuz görə bilərsiniz. Bunun səbəbi isə muzeylərin və qalereyaların bir çoxunun dövlət tərəfindən dəstəklənməsidir. Buna görə də, siz, məsələn “National Gallery”de Monetin günəbaxan tablosunun gözəlliyinə heç nə ödəmədən heyran ola bilərsiniz.

 

 

London deyəndə, əlbəttə ki, ağıla gələn digər bir atribut məşhur London Eye və Big Benin yerləşdiyi Vestminister ərazisidir. Siz Vestminister körpüsündə bu iki məşhur London simvolları ilə ən yaxşı bucaqdan şəkil çəkdirmək üçün sıraya düzülən insanları görəcəksiniz. Sadəcə, əgər Londona bundan əvvəl ən azı bir dəfə gəlmisinizsə, London körpülərində görəcəyiniz yeni bir xüsusiyyət diqqətinizi çəkəcək. Bu da körpülərin piyadalara aid giriş və çıxışlarına qoyulan beton barrikadalardır. Hökumət axır aylarda körpüdəki piyada keçidlərinə terrorçuların yük avtomobilləri ilə girməsinin qarşısını almaq üçün belə bir tədbirə əl atıb. Ancaq bu barrikadalar və onların yada saldığı kədərli, qorxunc terror olaylar belə Londonun gözəlliyinə, bu şəhərə gələn turistlərin sayına xələl gətirə bilməyib.

 

 gunesi yagisi ve kralicani bir arada gormeyin mumkun oldugu seher reportaj

 

Londonun digər bir simvolu Kralıça Yelizavetanın yaşadığı Buckingham Sarayıdır. Kraliça özü isə İngiltərənin (və kraliçanın digər torpaqlarının) əsas, birinci simvoludur.

 

St James parkından asta-asta dələlərə baxaraq, onların şəklini çəkərək yeridikdən sonra insanların darvazası önündə şəkil çəkdirmək üçün bir-biri ilə yarışdığı sarayı görəcəksiniz. Mən sarayın qarşısına şəkil çəkməyə getdiyim gündə isə kraliçanı daşıyan avtomobili saraydan çıxarkən görə bilirəm. Və kraliçanı bir saniyə də olsun görə bilmək üçün hər zaman olduğu kimi, indi də yüzlərlə yerli insan, turistlər sarayın qarşısına toplaşıb. Onu da qeyd edim ki, ingilis xalqının kraliyət ailəsinə xüsusi məhəbbəti var. Saray ildə bir neçə dəfə ziyarətlərə açıq elan olur. Siz də təsadüfən həmən günlərdə Londondasınızsa, bu görkəmli binanın müəyyən hissələrini gəzib-görə bilərsiniz. Ancaq biletləri əvvəlcədən almaq tövsiyə olunur.

 

gunesi yagisi ve kralicani bir arada gormeyin mumkun oldugu seher reportaj

 

Yazının əvvəlində də dediyim kimi, London haqda yazmağa başlamaq asan, Londonla bağlı deyiləcəklərə nöqtə qoymaq çətindir. Şəhərin hər hissəsi haqqında yazılacaq çox şeylərin olduğunu qeyd edib, bir sonrakı yazılarda Londonun hər bir bölgəsi haqqında xüsusi olaraq yazmaq vədi ilə yağışlı şəhərdən məndən indilik bu qədər! /apa/

OXŞAR XƏBƏRLƏR