Kataloniya böhranı Barselona otellərinin gəlirlərini azaldıb

Kataloniya böhranı Barselona otellərinin gəlirlərini azaldıb
Xəbərlər 16 Noyabr 2017 13:14 491
Kataloniya böhranı Barselona otellərinin gəlirlərini azaldıb

Kataloniyada vəziyyət nəinki cəmiyyəti ikiyə bölüb, həm də muxtariyyətdə biznesin gəlirlərinə birbaşa təsir edib.

Müvafiq nəticəni Barselona otelləri gildiyasının təqdim etdiyi məlumatlarda da görmək olar. Səyyah.az turizm portalı TASS informasiya agentliyinə istinadla xəbər verir ki, “La Vanguardia” qəzetinin məlumatına əsasən, oktyabr ayında, yəni böhranın ən dərin vaxtlarında Kataloniya paytaxtının mehmanxanalarının bir nömrə üçün gəlirlərində orta hesabla 13 faizlik geriləmə müşahidə olunub.

Gildiya sədri Jordi Kolos təəssüflə qeyd edib ki, vəziyyət “pisdən daha ağır hala” çevrilib. Belə ki, yay aylarında Barselonanın beynəlxalq aeroportunda təhlükəsizlik xidməti əməkdaşlarının tətili, Kataloniyaya turist axınına qarşı etiraz aksiyaları keçirilib, avqustun ortalarında isə regionun paytaxtında terror aktı törədilib. Bütün bunların investisiyalara əngəl törətdiyini deyən Klos noyabr və dekabr aylarında da vəziyyətin düzələcəyinə inanmadığını bildirib.

Mehmanxana biznesi Kataloniyada yaranan vəziyyətdən zərər çəkən yeganə sektor deyil. Bir qədər əvvəl məlum olub ki, cari ilin oktyabr ayında regionda fəaliyyət göstərən ticarət müəssisələrinin 62 faizdən çoxunda satış həcmi azalıb. Böhranla əlaqədar kataloniyalılar istisna olmaqla, ispanların demək olar ki, 25 faizi muxtar regionda istehsal edilən məhsulları almır.

OXŞAR XƏBƏRLƏR