«Əsas problemlərdən biri xarici turistlərin aldadılmasıdır» - MÜSAHİBƏ

«Əsas problemlərdən biri xarici turistlərin aldadılmasıdır» - MÜSAHİBƏ
Xəbərlər 16 Noyabr 2017 18:07 2272
«Əsas problemlərdən biri xarici turistlərin aldadılmasıdır» - MÜSAHİBƏ

Xəbər verildiyi kimi, noyabrın 25-də Azərbaycanda Turizm Forumu keçiriləcək. Azərbaycanın turizm sektorunun inkişafı üçün byöük əhəmiyyfət daşıyan bu tədbirin media təəfdaşlarından biri də seyyah.az turizm portalıdır. Forumun keçirilməsi ideyası, burada müzakirə olunacaq məsələlər və turizmlə bağlı gündəmdə olan məsələlər haqqında seyyah.az-ın suallarına Forumun təşkilatçısı Həvva Səfərova cavab verir.

 

- Həvva xanım, Turizm Forumunun keçirilməsi  fikri sizdə necə yarandı?

-Son 2 ildir Azərbaycanda  forumların sayı həddindən artıq çoxalıb. Marketinq forumu, insan resusrsları forumu keçirilir, bununla da həmin sahənin insanları bir yerə toplaşıb müzakirələr, fikir mübadilələri edirlər. Mən də həmin forumlarda iştirak edə-edə düşünürdüm ki, əslində bu müzakirə edilən problemləri  fərd olaraq da həll etmək mümkündür. Amma turizm elə bir şeydir ki, onu fərd olaraq həll etmək çətindir, hətta mümkün deyil. Çünki agentlik oteldən asılıdır, otel  agentlikdən, agentlik bələdçidən, bələdçi oteldən. Hamısı bir-biri ilə sıx bağlıdır. Anladım ki, bunları bir yerə toplayan platforma yoxdur.  Qərara aldım ki, həmin platformanı gözləməkdənsə niyə də özüm yaratmayım?

 

- İlk forum ötən il keçirildi, eləmi?

- Bəli, ilk turizm forumu keçən il oldu və “Turizm Keysləri” adı altında baş tutdu. Əfsuslar olsun ki, aldığım sualların 99%-i “Keys nə deməkdir?” tipli oldu və buna görə də iştirakçı sayımız az oldu. Cəmi 150 nəfər iştirak etdi. Biz əsas tələbələrə önəm vermişdik. Bu sahədə Azərbaycan Turizm Universiteti yetərincə dəstək oldu. Turizm Nazirliyi də siyasi dəstək verdi. Bu il isə forumu daha geniş miqyasda təşkil etmək istədik və bunu milli brend halına gətirdik. Turizm Keysləri forumu hər yerdə keçirilə bilər, amma biz ona Azərbaycan sözünü əlavə etməklə onu bir növ milliləşdirdik. Daha geniş miqyası əhatə edən başlıq qoyaraq insanları fərqli istiqamətlərə yönəltdik.

 

- Məsələn, hansı istiqamətlərə?

- Məsələn, biz bələdçiləri də bura əlavə etdik. Çünki hamı bələdçilərdən şikayət edir, amma üz-üzə gəldikdə heç bir şey demir. Restoratorları əlavə etdik, çünki böyük restoranlar açılır yeni və sadəcə özlərini menyudan qazanmağa fokuslayırlar. Amma bizim orda bir spikerimiz menyudan əlavə də qazanc  yollarından danışdı, çünki biz restoranın hər küncündən necə qazan əldə edilməsi mövzusunu da əlavə etmişdik. Forumda otelçilər və turizm agentlikləri də iştirak edəcək.

 

- Sizcə turizm agentliklərinin buna ehtiyacı var?

- Əlbəttə, əfsuslar olsun ki, çox turizm agentliyi açılsa da necə işlətməyi, kadrı necə cəlb etməyi bilmir. Saytdan aviabilet yaza bilən bir nəfəri  qoyur ora, adı da olur ki, tur-mütəxəssisdir. Biz ona görə 10 ildən çoxdur fəaliyyət göstərən bir turizm agentliyinin nümayəndəsini  dəvət elədik ki, kadrların necə yetişdilməsi, bu işin planlaşdırılması barədə danışsın. Auditoriyamızın əksəriyyəti kiçik otellərin baş menecerləri, yeni açılmış turizm agentliklərinin direktorlarıdır. Hələ ki bu yöndə davam edirik.

 

-Forumun keçirilməsində əsas məqsədlər nədir, bu barədə danışaq...

-Əsas məqsəd  “networking”dir. Yəni turizmdə heç kim heç kimlə danışmır əslində, amma hamı bir-biri ilə danışdı orda. Amma hamı problemini dolayı yox, əsas yollarla izah etsə bu problem həll ediləcək. Baxın, əsas məqsəd bu idi.

 

-Forumda əsas hansı mövzular müzakirə ediləcək?

-Mövzularımız belədir: İdeal  və ya idealayaxın otel komandasının qurulması, ixtisaslı turizm kadrlarının yetişdirilməsi və bu yöndə nələr etmək olar. Təbii ki, bu Turizm Universitetində və digər universitetlərdə açılan turizm fakültələrindən əlavə nəzərdə tutulur. Çünki dərslik başqa şeydir, təcrübə başqa.

Daha sonra restoranlar mövzusuna toxunacağıq. Hər hansı bir reklam və ya marketinq metodu ilə əlavə gəliri necə əldə etmək olar. Bir də təbii ki, bələdçilər mövzusu. İki binanın tarixini öyrənərək gedib hava limanından turist tutub gətirib şəhəri gəzdirən də özünü bələdçi adlandırır, illərdir bu sahədə canını qoyub özünü inkişaf etdirən, sertifikatlar alan, xarici ölkələrdə təhsil alanlar da. Sırf bu mövzu ilə bağlı bizdə Səkinə xanım çıxış edəcək, o  beynəlxalq lisenziyalı bələdçidir. Bundan əlavə biz Türkiyə təcrübəsi ilə yerli təcrübənin bir-biri ilə inteqrasiyasından da danışacağıq.

 

- Niyə məhz Türkiyə təcrübəsi?

- Çünki Türkiyə turizm sektorunda bizdən qat-qat öndədir. İstər otelçilik sferasında, istər turizm agentliyi sferasında. Ona görə biz qərara aldıq ki, bir türk mütəxəssis çağıraq, o bizə yerli turizmdə gördüyü problemlər barədə açıq-aşkar danısın. Eyni zamanda biz forumda bütün yerli turizmin ən ağrılı yeri olan digital sistemə keçə bilməmək məsələsini də müzakirə edəcəyik. Bir nəfər bizə digitala necə keçmək və necə satmaq barədə danışacaq. Büdcəsi böyük olan şirkətlər, brend otellər bunu edə bilir təbii ki, amma kiçik şirkətlər hələ ki bu prosesi keçə bilməyib. Neyləsinlər ki, axtarış sistemlərində birinci çıxa bilsinlər. Biz bunun həlli yolarından da danışacağıq.

 

-Sizcə indi turizm sistemi hansı çağırışlarla üz-üzədir? Məsələn əvvəl müştəri qıtlığı vardı, indi bu  baxımdan bolluqdur..

-Mənim fikrimcə həddindən çox turist var. Böyük şirkətlər qarşılaya bildikləri qədər turist qarşılayırlar, yerdə qalan turistləri isə hər yoldan ötən qarşılayır. İstənilən adamın gedib hava limanından özünə turist tutmağına imkan verilməməlidir. Bir qədər kobud səslənsə də bu həqiqətdir. Həmçinin turistlər qeydiyyata alınmalı, real sayları bilinməlidir.

 

- İndi turistlərin real sayı bilinmir, eləmi?

 -Bəli, əfsuslar olsun ki, bizdə statistika çox dərindən aparılmır, hətta ölkəmizdən tranzit olaraq istifadə edənləri də turist hesab edirlər. Amma ümumi olaraq otel və hostellərdə nə qədər adam qaldığını bilsək və bunu statistika ilə qarşılaşdırsaq çox ciddi fərqi görəcəyik. Bu zaman belə bir sual yaranır – statistikadakı digər turistlər hanı? Ölkəmizə qohumunu görməyə gələnlər də var, burdakı evinə baş çəkməyə gələn də. Əgər hava limanında pasport yoxlama zamanı gələn insanlardan nə məqsədlə gəldiyi soruşulub “turist” cavabı alınanda bu cavablara görə statistika hazırlasalar, CRM sistemi ilə yanaşsalar bu rəqəmlər son dərəcə real olar. Biri var gələn şəxsin özü desin turist olduğunu, biri də var biletin istiqamətinə görə təyin edilsin.

 

- Daha bir problem turistlərin aldadılmasıdır..

- Bəli, təəssüf ki. Şəxsən mən də ən az 4 dəfə bu kimi hallarla rastlaşmışam. Mənə 10 manata satılan ayaqqabını turistə 40 manata satırlar. Turist bunu təbii ki, anlayır və onda mənfi  fikir formalaşır. Mən demirəm ki, başqa ölkələrdə belə hallar olmur. Mənə də Parisdə eyni şeyi ediblər, taksi xidmətində böyük miqdarda pul umuzu aldılar. Amma bu hal 1 ya 2 dəfə olur. Hər dəfə təkrarlansa turist bezir, başlayır sosial şəbəkədə öz hesabında Azərbaycan haqqında neqativ rəylər yazır. Onsuz da Azərbaycan haqqında dünya turistləri çox məlumatlı deyillər, tanımaq istəyənlər də bu cür rəyləri oxuyub neqativ yüklənirlər.

 

- Son illər turistlərin sayının artması, bu sahənin gəlirinin yüksəlməsi bu sahəyə maraq göstərən də artıb. Bəs bu vəziyyət xidmətin keyfiyyətinə necə təsir gösərib?

- Çox təəssüf ki, son dərəcədə aşağı salır keyfiyyəti. Misal üçün bələdçilər. Hər yerindən duran fikirləşir ki, bu sahədə pul var, keçim elə bu sahədə işləyim. Kitabdan Qız Qalasının, Şirvanşahlar Sarayının tarixini əzbərləyir vəssalam. Fikirləşmir ki, mən bunun kursunu keçməliyəm, bilməliyəm ki, bələdçi nəyi deyib, nəyi deməməlidir. Bir neçə dəfə turist qrupunun yanından keçəndə elə siyasi məsələlərə toxunduğunu eşitmişəm ki, bu barədə düzgün məlumatı yoxdur və bunu deməsi qətiyyən doğru deyil.  O öz şəxsi fikrini turistlərə çatdırır və bu dövlətin əleyhinədir. Bələdçi öz şəxsi fikirləri ilə dövlətin fikirlərini bir-birinə qatmamalıdır.

 

-Belə çıxır ki, onlara sertifikat veriləndə nəyi danışıb nəyi danışmamaqları barədə siyahı da verilir?

-Təbii ki. Amma siyahı kimi yox, nələri danışıb, nələri danışmamaqları barədə geniş bilgiləndirilirlər. Ona başa salınır ki, sənin şəxsi fikrin elə şəxsi  fikir olaraq qalmalıdır. Publikaya bu fikirləri demək olmaz, şəxsi fikir bir addım geridə durmalıdır. Bundan əlavə restoranların turistləri qəbul problemidir. Yeni-yeni turist axını olanda restoranlar qəbul etmirdi çoxunu. Bildirilirdi ki, çox turist qəbuluna öyrəşməyiblər, bizim millətimiz bu axına öyrəşməyib, ona görə də çox səs-küy olduğunu düşünürdülər.  Restoranlar turist qəbul etdikcə öz yerli müştərilərini itirməyə başladılar. Yerli müştərini itirməmək üçün turisti qəbul etmirdilər. Bu dünyanın heç bir yerində yoxdur. Mən tam xidmət sahəsinin içində deyiləm, məsələyə marketinq tərəfindən baxıram. Mən daha çox məmnunluğa yönəlmişəm təbii olaraq.

 

- Forumda bütün bu məsələlərdən danışılacaq deməli...

-Ümid edirik ki, belə olacaq. Biz spikerlərimizə bildirmişik ki, bizə şablon danışıq, dərs öyrətmək  lazım deyil. Bizə mövcud problemi ortaya qoyub həllini axtarmaq lazımdır. Forumda təkliflər bölməsi də olacaq, biz orda iştirakçılardan növbəti forumda nələri görmək istədiklərini soruşacağıq və bu təklifləri gələn il forumda baxacağıq ki, həqiqətən inkişaf varmır. Bir növ özümüzdə statistikasını aparacağıq.

 

- Forumda iştirak şərtləri necədir?

-Çox sadə.  Turizmforumu.az saytına daxil olursunuz, “bilet al” xanasını  klikləyib lazımı məlumatları daxil edirsiniz, biletiniz alırsınız. Bilet 20 manatdır, Turizm Universitetinin tələbələri üçün 15 manat.  Və biz sizinlə əlaqə saxlayaraq biletinizi pulsuz çatdırırıq.

 

- İştirakçılar hökmən turizm sektorunun nümayəndəsi olmalıdır?

-Xeyr, turizm karyerası qurmaq istəyən tələbələr də ola bilər, kənar şəxslər də. Biz deyirik ki, turizmi sevən hər kəs bu forumda iştirak edə bilər.

 

-Kifayət qədər yeriniz var? Hər istəyən bilet alsa yer problemi olmaz?

- Biz 350 nəfər planlaşdırırıq. Bizə daxil olan sorğulara əsasən deyə bilıərəm ki, iştirak etmək istəyənlərin əksəriyyəti yeni turizm şirkətlərinin direktorları, yeni açılmış otel və butik-otellərin baş menecerləridir. Hədəf kütləmizi hələ ki, qoruyub saxlaya bilirik. Sevindirici haldır ki, artıq 100-ə yaxın sorğu qəbul edilib və biz bunun üçün 1 manat belə reklam xərci ayırmamışıq. Bu sadəcə “word of mouth” dediyimiz alətlə yayılıb. Yəni ağızdan ağıza keçmək yolu ilə. Artıq dünəndən bəri şəhərin müxtəlif yerlərindəki 4 monitorda reklamlarımız yayımlanır. Nizami metrosu tərəfdə böyük monitor, Tblisi prospektindəki Azpetrolun yanındakı monitor, Heydər Əliyev sarayı ilə üzbəüz parkın yanındakı monitor, bir də Babək Prospekti ilə Heydər Əliyev Prospektinin kəsişməsində, Lalələr Parkının yanındakı monitorda reklamlarımız göstərilir. Biz indi baxacağıq ki, reklam bizim statistikamıza necə təsir edir.

 

- Foruma kimlər dəstək verir?

-Bu bizim sponsorlarımız tərəfindən reallaşdırılır. Media sponsorlarımız seyyah.az və başqa saytlardır. Digər sponsorlarımız  “Silk Vey Bank”,  “Günay Sığorta”, “Digital Momentium”dur. Forumda iştirakçılara təklif edəcəyimiz içkiləriüçün bizə “Karlsberg” və “Hell” şirkətləri  sponsorluq edir. Təşkilati məsələlər üçün komandamızın müzakirələr üçün ehtiyacı olan məkan problemimini isə Winter Park Hoteli həll etdi.

 

-Forum harda olacaq?

-Holiday İnn Oteldə, noyabr ayının  25-də, həftənin şənbə günü baş tutacaq. Forum saat 09.00-dan 18.00-dək davam edəcək. Forum çərçivəsində iki cofe-break olacaq.

 

- Müsahibəyə görə, təşəkkür edirəm. Sizə və forumun işinə uğurlar arzulayırıq.

- Sağ olun. 

OXŞAR XƏBƏRLƏR