Mərasimdə məlumat verilib ki, Bakı vaxtı ilə saat 18:00-da Moskvanın Domodedovo aeroportundan havaya qalxan təyyarə Bakı vaxtı ilə saat 20:30-də Qəbələ Beynəlxalq Hava Limanına enib. Təyyarənin göyərtəsində 180 sərnişin olub. Qəbələdən isə təyyarə həmin gün saat 22:00-də Moskvaya uçub. Qəbələdən Moskvaya uçan təyyarənin göyərtəsində isə 175 sərnişin olub. Uçuşlar “Airbus-320” avialayneri ilə hər həftənin 2, 4 və 6-cı günləri yerinə yetiriləcək.
Moskvadan Qəbələyə aviabiletin qiyməti 69 avrodur. Tədbirdə bildirilib ki, “Metrojet” şirkəti gələcəkdə Moskvadan Qəbələyə gündəlik aviareyslər təşkil etməyi, eləcə də Qəbələdən Rusiyanın digər şəhərlərinə uçuşlar keçirməyi planlaşdırır. Hazırda “Metrojet” aviaşirkəti “Qlobus” turizm şirkəti ilə birgə Rusiyadan olan turistlər üçün Qəbələ və Azərbaycanın digər turizm rayonlarına müntəzəm turpaketlər təşkil edir. Qəbələdən xarici ölkəyə yeni müntəzəm aviareysin açılmasında əsas məqsəd sərnişinlərə xidmət etməklə yanaşı, ölkəmizdə həyata keçirilən regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq Qəbələdə, şimal və şimal-şərq rayonlarında turizmin inkişafına təkan vermək, xarici turistləri bölgəyə cəlb etməklə yerli turizmin imkanlarını nümayiş etdirməkdir.
Çıxışlarda qeyd edilib ki, bu günədək Qəbələ Beynəlxalq Hava Limanından Avropanın 20-dən çox ölkəsinə dəfələrlə, Afrika və Amerika qitələrinin hər birinə isə bir dəfə uçuşlar olub. Hazırda isə Qəbələ Beynəlxalq Hava Limanından müntəzəm olaraq Qəbələ-Moskva-Sankt-Peterburq, Moskva-Qəbələ, Bakı-Qəbələ aviareysləri həyata keçirilir. 2012-ci ilin noyabrından Moskva-Qəbələ və Qəbələ-Moskva-Sankt-Peterburq marşrutu üzrə həyata keçirən müntəzəm aviareysləri Rusiyanın “EK.Alyans” Aviaşirkəti yerinə yetirir.