Mərdəkanda bitkilərin canlı muzeyi - FOTOLAR

Mərdəkanda bitkilərin canlı muzeyi - FOTOLAR
Xəbərlər 20 Noyabr 2017 09:46 1730
Mərdəkanda bitkilərin canlı muzeyi - FOTOLAR

Abşeron yarımadasının ən gözəl guşələrindən birində - Mərdəkan qəsəbəsində yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutu tropik və subtropik bitki növlərinin canlı muzeyidir.

 

    Bura 1895-1920-ci illərdə xeyriyyəçi və neft sahibkarı Murtuza Muxtarovun şəxsi bağı olub. Təqribən 12 hektar sahəsi olan bağa Lənkərandan torpaq gətirilib və 40 santimetr qalınlığında torpaq qatı verilib. Bağın landşaft memarlığı əsasında qurulması Fransanın park mənzərələrinin yaradıcılarından biri olan arxitektor L.Q.Plaşkonun layihələri əsasında həyata keçirilib. Bağ 1920-ci ildən sonra müsadirə edilib və bir müddət baxımsız qalıb. Görkəmli rus botaniki, akademik N.İ.Vavilov 1926-1945-ci illərdə bağın iqlim, torpaq, əkin üçün yararlı xüsusiyyətlərini nəzərə alaraq burada Ümumittifaq Təcrübi Botanika və Yeni Bitkilər İnstitutunun Şərqi Zaqafqaziya filialını təşkil edib. 1945-1964-cü illərdə bağ Bağçılıq, üzümçülük və subtropik bitkilər İnstitutunun təcrübə bazası kimi fəaliyyət göstərib. Bağ 1964-1966-cı illərdə respublikanın Səhiyyə Nazirliyinin nəzdində olub. Səhiyyə Nazirliyinin nəzdində olan Mərdəkan Dendroloji Parkı (dendrarisi) 1966-cı ildə Azərbaycan SSR Elmlər Akademiyasının Botanika İnstitutuna verilib.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 15 aprel tarixli qərarına əsasən Mərdəkan Dendrarisi AMEA-nın Dendrologiya İnstitutu adlandırılıb. Hazırda instituta AMEA-nın müxbir üzvü Tofiq Məmmədov rəhbərlik edir.

Meşənin ortasında istirahət  mərkəzi olmur

Son vaxtlar iqlim dəyişikliyi, bioloji müxtəlifliyin pozulması qlobal səviyyədə təhlükə yaradır. İqtisadiyyat və sənayenin inkişafı da ekoloji mühitə olduqca mənfi təsir göstərir. Ötən əsrin ortalarında Azərbaycan florasında 4225 növ qeydə alınıb. Onlardan 342-si ağac və kol bitkisidir. Bu gün ölkəmizin florasında olan 1146 növ ağac və kol bitkisi mövcuddur. Bununla yanaşı, təbiətimizdə nəsli kəsilməkdə olan ağac və kol bitkilərinin sayı artıb. Tədqiqatlar göstərir ki, bu gün Azərbaycanda nadir ağacların, nəsli kəsilməkdə olan bitki və kolların sayı 188-dir. Bu, yarım əsrdə dörd dəfədən çox artım deməkdir.

 Səyyah.az turizm portalı azərtaca istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvi Tofiq Məmmədov deyib. İnstitutun direktoru ölkəmizdə 2005-ci ildən başlayaraq bitki örtüyünün qorunması, mühafizəsi ilə əlaqədar dövlət səviyyəsində bir sıra qərar və qanunlar qəbul olunduğunu diqqətə çatdıraraq böyük təəssüf hissi ilə antropogen amillərdən də danışıb: “Dünyanın heç bir ölkəsində meşənin düz ortasında istirahət mərkəzi görməmişəm. İstirahət mərkəzləri meşələrin girişində yaşıllığa xələl gətirmədən yaradılır. Azərbaycanda isə yeni kompleks və istirahət mərkəzlərinin xeyli bir qismi meşənin ortasında və ya yaşıllıqların məhv edilməsi hesabına tikilib”.

İnstitutda landşaft memarlığı ilə məşğul olan təcrübəli mütəxəssislər kifayət qədərdir. Hətta institutun mütəxəssislərinin təcrübəsindən xarici ölkələrin botanika bağlarında da istifadə olunur. Onlar respublikanın istənilən ərazisində bağ və parkların salınmasında layihələndirmədən tutmuş bəzəyə qədər bütün işlərin öhdəsindən gələ bilərlər. Təəssüf ki, bu sahədə yerli mütəxəssislərin imkanlarından lazımınca istifadə olunmur.

Dendrologiya İnstitutunun kolleksiya sahələrində İspaniyadan yeni gətirilmiş məhsuldar zeytun sortları, yeni salınmış quru-subtropik bitkilərin əkildiyini deyən alimin sözlərinə görə, ölkəmizdə narçılığın və zəfəranın istehsalı üçün əlverişli təbii-iqlim şəraiti var. Narın yeni sortlarının yaradılması, rayonlaşdırlıması və zəfəran soğanaqlarının artırılması Dendrologiya İnstitutu alimləri tərəfindən qarşıya məqsəd qoyulub. Abşeronun quru-subtropik iqlim şəraitində onların botaniki xüsusiyyətləri, çoxaldılması, xalq təsərrüfatı əhəmiyyəti öyrənilir. Eyni zamanda, Bakı-Tbilisi-Ceyhan neft kəməri və Böyük İpək Yolu boyunca magistral yolların ətrafının yaşıllaşdırılması üçün təbii və mədəni floradan yeni introduksiya olunmuş ağac-kol bitkilərinin seçilməsi, növ tərkibinin təyini, torpaq-iqlim şəraitinə uyğun qruplaşdırılması, landşaft memarlığında yaşıllıqların planlaşdırılması prinsipləri əsasında tətbiqi istiqamətində mühüm işlər görülür.

Ölkəmizdə Qafqaz xurmasının nəsli kəsilmək üzrədir

Dendrologiya İnstitutunun herbari və toxumçuluq laboratoriyasının fondunda 620 növdən çox toxum saxlanılır. Bu toxumlar ekspedisiyalar yolu ilə Azərbaycanın müxtəlif bölgələrindən, o cümlədən Naxçıvan Muxtar Respublikasından gətirilib. Laboratoriyanın təcrübə bazasında toxumlar səpilərək Abşeron şəraitinə uyğunluğu öyrənilir. Hətta burada Bakı çuzqununun toxumu və herbarisi var. Dendrologiya İnstitutu xarici ölkələrin botanika bağları ilə daim toxum mübadiləsi aparır. Xarici ölkələrin botanikləri institutdan əsasən Eldar şamının, eləcə də Qara şamın toxumunu istəyirlər.

Laboratoriya iqlimin və antropogen amillərin bitkilərə təsirini də öyrənir. Kəndəlaş Azərbaycanın bütün bölgələrində bitir. Artıq bu bitkilərin areallarının kiçildiyini müşahidə edilir. Eləcə də ölkəmizdə Qafqaz xurmasının nəsli kəsilmək üzrədir. Tovuz rayonunda Qafqaz xurması vaxtilə çox olsa da, artıq bu bitkiyə orada çox nadir hallarda rast gəlinir. Bunun da hamısı antropogen amillərlə əlaqədardır.

 

Yaşlı ağacların qeydiyyatı aparılır və sertifikatlaşdırılır

İnstitutun dendroxronologiya laboratoriyası müasir avadanlıqlarla təchiz olunub. Burada ağacların oduncağında dendroxronoloji təhlil aparılır, iqlim amillərinin təsirindən illik halqaların qalınlığında baş verən dəyişikliklər araşdırılır. Əsas məqsəd təbii və mədəni florada olan nadir növlərin populyasiyalarında baş verən proseslərin dendroxronologiyasını öyrənməkdir. Bunun üçün müasir avadanlıq vasitəsilə ağacların gövdəsindən nümunələr götürülür, laboratoriyada onların analizi aparılır. Ağacların gövdəsindəki halqalara əsasən bitkiyə təsir edən daxili amillər, eləcə də ekzogen amillər illərə əsasən araşdırılır.

Laboratoriyanın əməkdaşları dendrofloranın öyrənilməsi məqsədilə regionlarda monitorinqlər keçirib. Monitorinqlər zamanı yaşlı ağac növləri təyin edilib, hətta 300–dən çox yaşı olan ağaclardan nümunələr götürülərək araşdırılıb. Məlum olub ki, respublikamızın Lənkəran zonasında daha yaşlı ağaclara rast gəlinir. Laboratoriyada ağacların halqalarına əsasən onların hansı illərdə yaxşı inkişaf etdiyi, yaxud inkişafının ləngidiyi öyrənilir. Təyin olunan yaşlı ağacların qeydiyyatı aparılır və sertifikatlaşdırılır. Tədqiqatları davam etdirilir ki, bu da ölkəmizdə ekoturizmin inkişafına böyük töhfə verəcək.

Elmi işlərin nəticələri tədris prosesində tətbiq edilir

Dendrologiya İnstitutunun əsas fəaliyyət istiqamətlərindən biri elmi-tədqiqat işlərinin nəticələrinin tədris prosesində və istehsalatda tətbiqidir. Elm və təhsilin inteqrasiyası məqsədilə müəssisədə Bakı Dövlət Universitetinin botanika, Azərbaycan Tibb Universitetinin farmakologiya və botanika, Odlar Yurdu Universitetinin tibbi biologiya və bitki ekologiyası kafedralarının filialları yaradılıb. İnstitutunun alimləri tələbələrə həmin ixtisaslar üzrə mühazirələr oxuyur, magistrlərin dissertasiya işlərinə rəhbərlik edirlər. Həmçinin Dendrologiya İnstitutunda şagirdlər üçün ekoloji məşğələlər təşkil olunur. İstər tələbələr, istərsə də məktəblilər üçün praktik məşğələlər institutun laboratoriyalarında və kolleksiya sahələrində keçirilir.

İnstitut daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası istiqamətində də tədbirlər həyat keçirir. Meşə, milli park və qoruqlarda yaşlı, nadir ağac-kol növlərinin tarixi, yaşı dendroxronoloji təhlil edilməklə tarixi və təbiət abidələrinin sertifikatlaşdırılması üçün təkliflər verilib. Ancaq institutun əsas işi biomüxtəlifliyin qorunması, yaşıl ərazilərin bərpası və mövcud resursların səmərəli istifadəsi, ətraf mühitin mühafizəsi ilə bağlı monitorinq və nəzarət mexanizmlərinin yaradılmasıdır. Bu istiqamətdə cari il iyulun 5-dən 8-dək Minskdə Dendrologiya İnstitutu, Türkiyənin Pamukkale Universiteti, Belarus Dövlət Universiteti, Qazaxıstan Bitki Biologiya və Biotexnologiya İnstitutu, Qazaxıstan Təhsil və Elm Nazirliyinin Elm Komitəsi və Rusiya Dövlət Aqrar Universitetinin birgə təşkilatçılığı ilə “SEAB-2017. Avrasiyada biomüxtəliflik” mövzusunda beynəlxalq simpozium keçirilib. Eyni zamanda, sentyabr ayında Dendrologiya İnstitutu MDB ölkələrinin Botanika Bağları Cəmiyyətinin IV Qurultayını təşkil edib. Bundan başqa, Azərbaycan florasında ağac-kol bitkilərinin ehtiyatı öyrənilib, populyasiyaların müasir vəziyyəti tədqiq edilib. Yaşıllaşdırma üçün bəzək bitkiləri qruplaşdırılıb. Təbii florada yayılmış nadir və nəsli kəsilməkdə olan ağac-kol bitkilərinin təbii ehtiyatının dəyişilmə səbəbləri və mühafizə tədbirləri hərtərəfli araşdırılıb. Bununla yanaşı, dörd ölkənin yeddi universiteti ilə elm, texnologiya və innovasiya sahəsində birgə əməkdaşlıq müqaviləsi imzalanıb.

Son zamanlar Azərbaycan dendraflorasının hərtərəfli monitorinqi aparılıb. Monitorinqlər nəticəsində müəyyənləşdirilib ki, təbii və mədəni dendrafloramızda 1160-dan çox ağac və kol bitkisinin təxminən 60 faizi introduksiya olunub. İntroduksiya işləri isə floranın zənginləşməsinə, biomüxtəlifliyin artmasına səbəb olur.

OXŞAR XƏBƏRLƏR