“Fast-food”un dünyada ən böyük brendləri hesab olunan “McDonalds” və “KFC”nin ətrafında skandal başlayıb. Bu dəfə hər iki şəbəkə vaxtı keçmiş ətlərdən hazırlanan məhsullara görə ittiham olunub. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çində televiziya proqramlarının birində məlumat açıqlanıb. Bildirilib ki, “Husi” adlı istehsalçı bir firma vaxtı keçmiş ərzaqların etiketlərini dəyişdirərək yenidən məhsulların üstünə vurub və dövriyəyə buraxıb. Həmin vaxtı keçmiş ətlərin isə “KFC”, “McDonalds” və “Pizza Hut” restoranlarına satıldığı ortaya çıxıb.
Fakt ortaya çıxandan sonra məsələ ilə bağlı araşdırmaya başlanılıb. “McDonalds”, “KFC” və Çinin 3-cü böyük restoran şəbəkəsi olan “Dicos” yayılan xəbərlərdən sonra, “Husi”dən ət almağı dayandırdıqlarını açıqlayıblar. Çin Qida Dərman Təşkilatı “Husi”nin Şanxaydakı müəssisəsinin möhürləndiyini bildirərək müştərilərə şübhəli məhsullardan uzaq durmağı tövsiyə edib.
“Husi” isə açıqlamasında bildirib ki, şirkətləri bunun şəxsi zəmində baş verdiyinə inanır və məsələ ilə bağlı bütün məsuliyyəti üzərlərinə götürdüklərini elan ediblər.
Qafqazinfo.az