Azərbaycan ailələrinin istirahət maraqları ilə bağlı seyyah.az-ın suallarına Şəkidəki "Narınqala" istirahət mərkəzinin direktoru Mahir Lətifov cavab verir.
- Mahir müəllim, əvvəlcə Narınqaladakı qiymətləri bir daha xatırladın.
- Qonaqlarımız bizim istirahət mərkəzindəki kotteclərdə qala bilərlər. 2 nəfərlik kottecdə bir günlük yaşayış 70 manat, 3 nəfərlikdə 90 manat, 4 nəfərlik 110 manat, 6 nəfərlik isə 130 manatdır. Bu kotteclərin hər birində divan da var. Üstəgəl əyləncələr, oyunlar, səhər yeməyi və sair də bu məbləğə daxildir.
- Qonaqlarınız burada adətən neçə gün qalır?
- Fərqlidir. Elə qonaqlar var ki, 1-2 gün qalır, bəziləri 4-5 gün, amma elələri də var ki, bir həftə vfə ya 10-15 gün qalırlar. Ötən il də belə olmuşdu.
- Qonaqlar bura hansı aydan gəlməyə başlayırlar?
- Ötən il may ayından qonaq qəbul etməyə başlamışdıq, bu il iyundan başlandı. Səbəbini bilmirəm, məncə, imtahanlarla bağlıdır.
- Ailəvi istirahət edən qonaqlarınız çoxdur?
- Bəli. Ailəvi istirahətə gedənlərin sayı getdikcə artır. Bax ötən il bizim qonaqlarımızın təqribən yarısı, yəni 50%-i ailəsi ilə istirahət edirdi, bu il isə qonaqlarımızın 80%-90%-i ailəsi ilə gəlir.
- Sizcə səbəbi nədir?
- Məncə indi ailəvi istirahət dəbə çevrilib, adamlar ailələri ilə istirahət etməyə üstünlük verirlər. Biz bunu sifarişlərdə də görürük. Məsələn, kottec sifariş edənlərin 90-95%-i öz ailəsi ilə qalır. Bundan başqa, məncə ailəvi istirahət üçün xaricə getmək ucuz deyil. Bu da ölkə daxilində istirahət edənlərin sayını artırır.
- Müştərilərin pul xərcləməsi necə, dəyişib. Məsələn, ötən ilki hesabla bu ilki hesabın məbləği arasında fərq var?
- Bəli var, istirahətə gələnlər daha çox pul xərcləməyə başlayıblar, necə deyərlər, daha səxavətli olublar.
- Sizcə bunun səbəbi nədir?
- Ailəvi istirahət edirlər axı. Adam çoxdur, üstəlik də uşaqlar var - uşaqlar onu-bunu istəyir valideyn də almalı olur. Əvvəllər 2 nəfər oturub 15-20 dəqiqə yemək yeyirdilər. İndi isə ailəvi 2-3 saat otururlar. Uzun müddət oturanda isə sifarişlər də çox olur və məbləğ də artır. Ümumiyyətlə, bu il pis deyil, maşallah.
- Yeri əvvəlcədən sifariş verənlər çoxdur?
- Bəli bir hissə belə edir. Gəlməzdən 10-15 gün əvvəl zəng edib sifariş verirlər. Amma sizə deyim ki, adamlar daha diqqətli olmağa başlayıblar. Məsələn, müştərilər hava haqqında məlumatları izləyirlər, sərin havalarda gəlmirlər. Bəziləri hətta hava pis olanda əvvəlcədən verdiyi sifarişləri də ləğv edir.