Azərbaycan Hava Yolları (AZAL) şirkətinin təyyarələri ilə Bakıdan Nyu-Yorka uçuş qiymətləri açıqlanıb. Səyyah.az-ın məlumatına görə, Azərbaycandan Amerikanın biznes paytaxtına birbaşa uçmaq istəyənlər bir tərəfli reysə görə, azı 615 manat ödəyəcəklər (qiymətlər sentyabrın 24-də nəzərdə tutulmuş ilk reys üçündür). Belə ki, Bakı- Nyu-York biletləri "ekonom" salonu üçün bir tərəfə 615 manat təşkil edir.
2-11 yaşlı uşaqlar üçün uçuş qiyməti təqribən 483 manat təşkil edir, 2 yaşına qədər uşaqlar üçün isə əlavə olaraq cəmi 52 manat ödəmək tələb olunur.
Nyu-Yorka "biznes" salonda uçmaq istəyənlər isə "ekonom" salondan təqribən 3 dəfə artıq vəsait ödəməli olacaqlar. Belə ki, bir nəfərin bir tərəfə uçuşu 1676 manata başa gələcək.
"Biznes" salonda 2-11 yaşlı uşaqların Nyu-Yorka uçuşu 1282 manata, 2 yaşına qədər uşaqlar üçün isə cəmi 157 manata başa gələcək.
"AZAL"la Bakıdan Nyu-Yorka uçuş müddəti 12,5 saat təşkil edəcək. Belə ki, Bakıdan sentyabrın 24-də səhər saat 6-00-da yola düşən təyyarə Nyu-Yorka səhər saat 9-30-da çatacaq. Nyu-Yorkdan yerli vaxtla saat 11.30-da qalxan təyyarə isə Bakıya növbəti gün saat 8-00-da çatacaq.