Azərbaycan Hava Yolları (AZAL) şirkətinin sentyabrın 24-də işə düşəcək Bakı-Nyu-York reysi həm qiymətinə həm də müddətinə görə, "Türk Hava Yolları"ından sərfəli olacaq. Səyyah.az bu barədə hər iki şirkətin rəsmi internet səhifələrindəki göstəricilərə əsasən məlumat yayıb.
Belə ki, xəbər verdiyimiz kimi, "AZAL"ın təyyarələri ilə Azərbaycandan Nyu-Yorka "ekonom" salonunda uçmaq istəyənlər bir tərəfli reysə görə 615 manat ödəyəcəklər (qiymətlər sentyabrın 24-də nəzərdə tutulmuş ilk reys üçündür). "AZAl"ın "ekonom" salonunda 2-11 yaşlı uşaqlar üçün uçuş qiyməti təqribən 483 manat təşkil edir, 2 yaşına qədər uşaqlar üçün isə əlavə olaraq cəmi 52 manat ödəmək tələb olunur.
"Türk Hava Yollları"nın təyyarəsi ilə Bakıdan Nyu-Yorka uçmaq isə bir tərəfə bilet "ekonom" salonda 627 avro və ya 660 manata başa gələcək. "THY"nin reysi ilə 2-11 yaşlı uşaqların "ekonom" salonda Nyu-Yorka uçuşu 525 avro və ya 553 manata, 2 yaşına qədər uşaqların uçuşu isə 67 avroya və ya 70 manata başa gələcək.
"AZAL"ın reysi ilə Nyu-Yorka "biznes" salonda uçmaq da sərfəlidir. Belə ki, "biznes" salonda bir nəfərin bir tərəfə uçuşu üçü biletin qiyməti 1676 manatdır. "Biznes" salonda 2-11 yaşlı uşaqların Nyu-Yorka uçuşu 1282 manata, 2 yaşına qədər uşaqlar üçün isə cəmi 157 manata başa gələcək.
"THY"nin "biznes" salonunda isə Nyu-Yorka uçuş qiymətləri 2199 avro və ya 2315 manatdır. Türk şirkətinin reysi ilə "biznes" salonda 2-11 yaşlı uşaqların Nyu-Yorka uçuşu 1705 avro və ya 1795 manata, 2 yaşına qəşər uşaqların uçuşu isə 224 avroya və ya 236 manata başa gələcək.
"AZAL"ın Nyu-York reysi uçuş müddətinə görə də, "Türk Hava Yolları"nı üstələyir. Belə ki, "AZAL"la birbaşa uçuş müddəti 12 saat 30 dəqiqə təşkil etdiyi halda, ""Türk Hava Yolları" İstanbuldan keçməklə, öz sərnişinlərini Bakıdan Nyu-Yorka ən yaxşı halda 15 saat 50 dəqiqəyə çatdırır. Bunun 3 saat 5 dəqiqəsi Bakıdan İstanbula uçuş, 10 saat 55 dəqiqəsi İstanbuldan Nyu-Yorka uçuş, 1 saat 50 dəqiqəsi isə İstanbul aeroportunda keçirilən vaxtdır. Reyslərin tarixindən asılı olaraq Nyu-Yorka uçuş müddəti hətta bir sutkadan artıq ola bilər.