“Wizz Air” Azərbaycandan olan uçuşlarını dayandırır

Xəbərlər 6 Avqust 2014 00:00 3262
“Wizz Air” Azərbaycandan olan uçuşlarını dayandırır

“Lisenziya alınması üçün şirkət lazımi sənəd və müqavilələr təqdim etməlidir”.

Azərbaycan Hava Yolları QSC (AZAL) Macarıstana məxsus “Wizz Air” aviaşirkətinə oktyabra qədər vaxt verib.

AZAL-dan verilən məlumatda bildirilənə görə, aprelin 8-də bitən müqavilə daha 3 ay artırılsa da, AZAL bu şirkətə uzunmüddətli lisenziya verməyib.

Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutora isə mediaya bildirib ki, onlar Budapeşt-Bakı-Budapeşt birbaşa reyslərinin həyata keçirilməsinin müddətinin uzadılması imkanı ilə bağlı Azərbaycan Mülki Aviasiya Administrasiyasına müraciət ediblər və cavab gözləyirlər.

“Wizz Air” aviaşirkətinin Azərbaycanda fəaliyyət göstərməsi üçün müəyyən artırılan müddət də iyulun 8-də bitib və rəsmi Bakı memorondumun qüvvədə olma müddətini son dəfə 3 ay müddətinə artırıb.

80 AVRODAN UÇURDU

“Wizz Air” aviaşirkəti ötən ilin iyunun 17-dən Bakı-Budapeşt-Bakı istiqamətində uçuşlara başlayıb və Budapeştdən Bakıya uçuş həftənin birinci və beşinci günləri yerli vaxtla saat 20:35-də, əks istiqamətdə isə həftənin ikinci və altıncı günləri saat 03:55-də yerinə yetirilir. İkitərəfli uçuşların təxmini qiyməti 80 avrodur. Amma eyni istiqamətdə uçuşlar həyata keçirən digər aviaşirkətlərdə bu qiymət 500 avro dəyərində hesablanır.

ŞƏRTLƏRİNİ İRƏLİ SÜRSÜNLƏR, LİSENZİYA VERƏK

Azərbaycan Hava Yolları QSC mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli  açıqlamasında AZAL-ın “Wizz Air” aviaşirkətinı lisenziya verməyə hazır olduğunu bildirdi:

“Lisenziya alınması üçün şirkət lazımi sənəd və müqavilələr təqdim etməlidir. Bu sənədlər və müqavilələr olduqdan sonra AZAL həmin şirkətə lisenziya verməyə hazırdır. Macarıstan aviaşirkəti şərtlərini irəli sürməli, müqaviləsini imzalamalıdır. Və bu müqavilələri AZAL-a təqdim etməlidir, sertifikat almalıdır. Şirkətin müqavilələri hazırdırsa, AZAL-a təqdim etməklə lisenziya ala bilər”.

Uçuş qiymətləri ilə bağlı məsələyə gəlincə isə M.Səfərli AZAL-ın qiymət qarşılığında qoyduğu xidmətin də yüksək səviyyədə olduğunu bildirdi:

“AZAL yüksək səviyyədə servis, super vəziyyətdə teknika və xidmət təqdim edir. Digər şirkətlər isə köhnə təyyarələrlə xidmət göstərirlər. Üstəlik, xidmət də AZAL-dakı qədər yüksək keyfiyyətdə deyil”.

Oxu.Az, Axar.az

OXŞAR XƏBƏRLƏR