İndoneziyanın Bali adasındakı beynəlxalq aeroport Aqunq vulkanının püskürdüyü külə və tüstüyə görə noyabrın 29-da da işləməyəcək. AZƏRTAC
Səyyah.az turizm portalı azərtaca istinadən xəbər verir ki, bu barədə aeroportun internet səhifəsində məlumat yerləşdirilib. Aeroport rəhbərliyinin bu gün səhər saatlarında yaydığı məlumatda deyilir: “Hava məkanının vulkanik kül ilə örtülməsini nəzərə alaraq, aeroport 24 saat ərzində, noyabrın 30-u səhər saat 7-dək bağlı olacaq”. Avstraliyanın Darvin adasında yerləşən Vulkanik Kül Mərkəzinin yaydığı məlumatda isə Anunq vulkanından 7600 metr hündürlüyə qalxan kül buludunun saatda 27 kilometr sürətlə cənub və cənub-qərb istiqamətində hərəkət etdiyi bildirilir.
Noyabrın 29-da səhər saatlarında Anunq vulkanı püskürməkdə davam edib.
Nəticədə Balidən təqribən 1000 aviareys təxirə salınıb və bu 110 mindən çox sərnişinin sərbəst hərəkətinə maneə yaranıb. Turistlərin əksəriyyəti avtobuslarla qonşu Yava adasına getmək məcburiyyətində qalıb.
Balidəki otellərə adada qalan sərnişinlər üçün qiymətləri iki dəfə aşağı salmaq da təklif edilib.