Dekabrın 1-dən 2018-ci il yanvarın 15-dək “Nargis Fund” Fəvvarələr meydanında “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası keçiriləcək.
Səyyah.az turizm portalı xəbər verir ki, həm böyüklərin, həm də uşaqların səbirsizliklə gözlədiyi bu yarmarka şəhərdə əsl Yeni il bayramı ab-havası yaradacaq və burada siz özünüzü nağıl qəhrəmanı kimi hiss edəcəksiniz.
“Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasına təkcə paytaxtımızın sakinləri deyil, dünyanın müxtəlif guşələrindən Bakıya gələn qonaqlar da böyük maraq göstərirlər. Artıq 5-ci il keçirilən xeyriyyə yarmarkasından toplanan vəsait ənənəyə uyğun olaraq, xeyriyyə işlərinə sərf olunacaq.
Xeyriyyə yarmarkası Fəvvarələr meydanında qurulmuş kiçik taxta evciklərdən təşkil olunacaq. Buradan yaxınlarınız və əzizləriniz üçün Yeni il hədiyyələri, suvenirlər, kitablar, geyim, şirniyyatlar və s. əldə edə, kiçik rahat kafelərdə ətirli qəhvə, isti şokolad və ya çay içə, təzə şirniyyatlardan və milli yeməklərdən dada bilərsiniz. Builki tədbir miqyasına, əyləncəli tədbirlərinə və çoxsaylı sürprizlərinə görə əvvəlkilərdən daha fərqli olacaq. /fins.az/