Əvvəllər fikirləşirdim ki, insanlar səyahət üçün həmişə öz torpaqlarından kənara çıxmalıdır. Məsələn, Mən Azərbaycanda yaşayırımsa deməli istirahət üçün ya London olmalıdır, ya Amerika, ya İtaliya, ya da nəbilim insanların bu gün gəzməkdən, görməkdən daha çox şəkil çəkdirib “instagrama”, ya da “facebooka” qoymaq üçün getdikləri o məşhur yerlərdən biri.
Bir dəfə ingilis dili kursunda bizə danışığı daha yaxşı mənimsətmək üçün bir əcnəbi qonaq gəlmişdi. Bizə sual verdi ki, Azərbaycanın hansı bölgələrində olmusuz. Səhv etmirəmsə bir – iki nəfər dedi ki, onlar doğulduqları bölgədən başqa Nabranda olublar. Qalanlar da bildirdilər ki, ümumiyyətlə onlar istirahət üçün ancaq xarici ölkələri seçirlər. Cavan oğlan isə təccüblənərək yenidən soruşdu ki, biz həqiqətən mi Şəkidə, Qəbələdə, Qubada olmamışıq, tarixi yelərimizi, muzeylərimizi, təbiətimizi tanımırıq. O vaxt onun təəccüblənməsi də mənim üçün təəccüblü idi.
Yaxın günlərdə əlimə çox gözəl bir fürsət düşdü. İki günlük Göygöl rayonunun Hacıkənd qəsəbəsinə getmək imkanı əldə etdim. Əslinə baxsan nəyə görəsə heç fərqli bir yer görəcəyimi fikirləşmirdim. Çünki adətən möhtəşəm yaşıllıqları, təmiz suları, taxta , balaca evləri elə sosial şəbəkələrdə görəndə öz-özümə fikirləşirdim ki, yəqin foto montajdır. İndi sizə həqiqi gördüklərimi danışacam.
Ümumiyyətlə, yollar o məşhur mahnıda deyildiyi kimi uzun və incədir. Gecə-gündüz, nə qədər gedərsən get heç qurtarmır. Siz əlinizə fürsət düşəndə bir də heç tanımadığız insanlara birlikdə yola çıxmağı yoxlayın, nəinki dost və tanışlarla. Əminəm mənə olduğu qədər sizə də maraqlı gələcək. Tanımadığın, xasiyyətini bilmədiyin insanlarla birlikdə yola çıxmaq ilk baxışda cansıxıcı, darıxdırıcı gələcək, amma fikiləşəndə ki, yeni insan tipləri kəşf edəcəksən – bax bu doğurdan əla hissdir.
İstiqamət Hacıkənddir. Əgər burda olmusunuzsa yəqin bilirsiz. Olmayan insanlar üçün isə qısaca belə deyim: ” Hacıkənd GöyGöl rayonu ərazisində yerləşən qəsəbədir. Uzun illərdir ki, insanlar bu ərazinin yaşılllığından, havasından, suyundan, torpağından həm özləri yararlanırlar,həm də istirahət üçün gələn turistləri qonaq edirlər. Yayda da sərin və təmiz havası olan bu yerdə demək olar ki, addımbaşı müxtəlif istirahət mərkəzlərinə rast gəlmək mümkündür. Amma hələlik qəsəbədə yeganə lisenziya alan istirahət mərkəzi “Cənnət Məkan” dır. Mədəniyyət Və Turizm Nazirliyi tərəfindən 2014-cü lisenziya alan bu istirahət mərkəzini gəzəndə anladım ki, əslində nəyə görə bura Nazirlik tərəfindən qiymətləndirilən ilk və tək istirahət mərkəzidir.
Perevallarla qalxanda hiss edirsən ki, yerdən uzaqlaşdıqca təmiz hava insanı daha da qucaqlayır, sərinliyi daha yaxşı hiss edirsən. Bir də o yolları gedəndə ümumiyyətlə, bu qədər yolu adamların necə saldığını fikirləşdim. Yəqin o ustalar fikirləşmirdilər ki, nə vaxtsa bura istirahət üçün gələn hansısa qız onların da əziyyətini yadına salıb, ürəkdən onlara tanımasa da təşəkkür edəcək.
Havası, ərazisi fərqli olduğu kimi insanları da fərqlidir Hacıkəndin. Məsələn insanların üzündə kədər görə bilməzsiniz burda. Əksinə yollar yollara qarışdıqca sizi yol kənarlarında təndirdə ətirli, çəmənli çörək bişirən xalalar salamlayacaq, hələ mən dağdan təzəcə toplanmış kəklikotu, bağayarpağı, mixək, nanə, reyhan satan nənələri demirəm. Məsələn, burada uşaqlar da yaşlarından tez böyüyüblər. 8-9 yaşlı uşaqlar atı elə çapırlar ki, adamın ürəyi əsir. Amma onlar bunu sadəcə at çapmaq üçün yox, həm də pul qazanmaq üçün edirlər. Balaca uşaqlar deyirlər ki, onlar gələn turistlərə “at çapmaq” təklif edirlər əvəzində isə hər turistdən bir manat alırlar. Bununla isə ailə saxlayırlar. İlk baxışdan günün altında gəzməkdən qaralan, əyinlərində o cırılmış köynəkləri ilə gəzişən uşaqlar adama elə yaxşı görüntü vermirlər. Amma çox yox, biraz yaxınlaşıb onları danışdırsaz, əminəm ki, heç vaxt unutmayacağınız bir söhbətə şahid olacaqsınız.
Bir də GöyGöl var. Azərbaycanın ən qiymətli sərvətlərindən olan o göl…Onunla sərhədə yaxınlaşıb, arada olan dəmir zəncirləri görəndə bir anlıq özümü yad bir yerə gedən insan kimi hiss elədim. Fikirləşin, siz bu torpaqada yaşayırsınız və onun gözəlliyindən tam olaraq zövq ala bilmirsiniz, əlinizi o suyun soyuqluğunu hiss etmək üçün uzada bilmirsiniz. Oranı qoruyan mühafizəçilər isə deyir ki, buna səbəb insanların laqeydliyidir. Onlar hələ də təbiəti sevməyi bacarmırlar. Əslində insanları ittiham elədi. Amma dəmir zəncirin bu üzündən baxanda gördüyüm mənzərə məni emin etdi ki, onun dediklərində böyük bir həqiqiət vardı…
Siz sərhədə gedib GöyGölü yaxından görə bilməsəniz də çayın qırağında, sıldırım qayaların ətəyində kürən çay içməmiş qayıtsaz onda görəcəksiniz ki, istirahətin doğurdan nəyisə çatışmır. Dağlardan təzə yığılmış kəklikotu çayı, bir də qara çay və bir də somavarda qaynadılmış bulaq suyu. Bu üçünün qarışığına deyirlər kürən çay. Siz bu çayı konfetlə də içə bilərsiz, şokaladla da. Amma əmin edirəm ki, heç biri qənd ilə içməyin yerini vermiyəcək.
Hacıkəndin gündüzləri sərin, gecələri soyuq olur. Bir də əgər siz ağacların, yaşıllığın arasında tikilən o balaca, rahat evlərdə qalacaqsınızsa bu möhtəşəm sərinliyi iliyinizə qədər hiss edəcəksiniz. Yayın “cırhacırı” deyilən vaxt o sərinliyi duymaq insanın beynindəki bütün problemləri, sualları, hətta lazımsız cavabları belə yuyub aparır. Məsləhət görürəm ki, özünüzlə maraqlı, dili asan balaca bir kitab da götürəsiniz. Axşamlar hamının yatdığı, ətrafdan yalnız qara fatmaların çıxardığı o səslər gələndə, bir də yayın ortasında o soyuqluğu hiss edərək sevimli qəhrəmanınızın başına gələn olayları oxudunuzsa siz 3 yaş cavanlaşdınız deməkdir.
Hacıkəndin gecələri nə qədər soyuq olursa, səhərləri bir o qədər günəşli olur. Axıb gedən çayın şırıltısını eişdə-eşidə, söyüd ağaclarının gətirdiyi mehi içinizə çəkə-çəkə səhər yeməyi də yedinizsə ürəyiniz dolusu “istirahət etdim” deyə bilərsiniz.
Bir gün olmağına baxmayaraq, bu yazdıqlarımı hiss etdirəcək bu yerlər sizə. Hacıkənddən çıxanda isə əgər tarixi yerləri görməyi, tarixə ekuskursiya etməyi sevənsinizsə ən yaxın Gəncə köməyinizə gələcək. Gəncə haqqında olduqca çox yazmaq olar, təbiəti, insanları, küçələri, parkları. Amma mən sizə seçirəm məsələn Mavzoley şəhərin girəcəyində yerləşən, 14 əsr bundan qabaq tikilən Nizami məqbərəsindən danışmağı. Nizaminin “Xəmsə” sindən ibarət yaradılan kompozisyaları görmək o əsərləri oxumaq qədər maraqlı idi mənim üçün. Bəs sizə ikimərtəbəli ,şüşədən ibarət evdən danışsam ? 1960-1964-cü illərdə tikilən bu evin sadəcə şampan şüşələrindən hazırlandığını desəm? Gəncəlilərin “butılka ev” adlandırdığı bu mülk tarixi əsərlər siyahısına da daxildir. İndi elm, texnika o qədər inkişaf edib ki, o qədər tikinti ləvazimatları var ki… Buna baxmayaraq minimal güclü zəlzələrdə itirilən yüzlərlə ev var. Həqiqətən də təccüblüdür, bəs bu ev bu qədər vaxtda necə qalıb?… Sonra məsələn sizə danışa bilərəm “Çökəy hamamdan” , “Şah Abbas “ məscidindən“, “Şahsevən” məscidindən, “Xan bağı” ndan.. Amma danışmıram. Çünki istəyirəm ki, gedib özünüz də görəsiz, kəşf edəsiniz. Bu həzzi özünüz yaşayasınız…
Hə bir də əsas məsələ, uzaqdan da olsa Hacıkənddə, danışıdığım o yüksəklikdə bir hərbi xidmət gördüm. Əsgər qardaşlarımızı gördüm. Üzlərində qəribə bir gülüş vardı, inam vardı. Çox heyif ki, yaxınlaşmaq istəsəm də imkan olmadı onlardan nəsə soruşmağa. Amma üzlərində gördüyüm o işıq imkan verdi ki, belə bir vaxtda özümü güvəndə hiss edim.
Bu iki gündə gördüklərim, yaşadıqlarım, hiss etdiklərim, müşahidələrim idi. Həm də ilk səyahətin verdiyi həyəcanın təsiri idi deyəsən. Yəqin ki, jurnalist olacağım üçün qarşıda səyahətlər çox olacaq, amma heç biri bu qədər təsir bağışlamayacaq. Çünki hər şeyin ilki həmişə başqa olur, insanda fərqli təsüratlar yaradır. Bir də istədim ki, olmadığınız bir yeri sizə təsvir edim, əgər olmusunuzsa da bir də mənim dilimdən eşidəsiniz. Bir daha anladım ki, Azərbaycanı qarış-qarış gəzməmiş,tanımamış “The London Eye”, “Big Ben”, “Eyfel qülləsi”, “Çin Səddi”, “Kolizey” həvəsi hələ gözləməlidir. Əslində kursda bizə o sualı verən gəncin təəccüblənməsi də normal idi.
Şəfiqə Dadaşova