Avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev “I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Sərəncam imzalayıb. Seyyah.az xəbər verir ki, sərəncam ilə Nazirlər Kabineti iki ay müddətində I Avropa Oyunlarının təşkilində və keçirilməsində iştirak edən şəxslərin, habelə Oyunların iştirakçılarının akkreditasiya sisteminin təşkili üçün müvafiq tədbirlər görmək, akkreditasiya olunacaq şəxslərin dairəsini müəyyən etmək, akkreditasiyadan keçmə qaydasını və akkreditasiya kartının formasını təsdiq etmək tapşırılıb.
Sərəncam ilə müəyyən edilib ki, müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və xarici dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər I Avropa Oyunlarının açılışına 60 gün qalmışdan başlayaraq Oyunların bitməsindən 30 gün keçənədək olan dövrdə pasport və ya digər sərhədkeçmə sənədləri və akkreditasiya kartı əsasında Azərbaycan Respublikasına gələ və Azərbaycan Respublikasından gedə bilərlər.
I Avropa Oyunlarına bilet əldə etmiş əcnəbilər və xarici dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər isə, Oyunların açılışına 10 gün qalmışdan etibarən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər. Viza üçün müraciət etdikdə I Avropa Oyunlarına bileti və ya biletin əldə olunmasını təsdiq edən sənədi təqdim etməlidirlər.
I Avropa Oyunlarının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyətinə cəlb olunan və müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və xarici dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər üçün iş icazəsinin alınması tələb olunmur.