İnsanlar elə hesab edirlər ki, Çində istehsal olunan bütün mallar keyfiyyətsizdir.
Bu da həmin ölkənin müxtəlif brendlərin məhsullarının nüsxəsini istehsal edib ucuz qiymətə bazara çıxarmasından qaynaqlanır. İstənilən brendin məhsulunun Çinə məxsusnüsxəsini ucuz qiymətəbazarda tapa bilərsiniz. Təbii ki, orjinalından az keyfiyyətdə, amma on dəfə ucuz qiymətə.
Və ya bu xalqın mətbəxi ilə bağlı “ilan-qurbağa” təəssüratımız… Təqdim etdiyimiz mövzu da elə Çinlə bağlı formalaşmış “iyrənc” mətbəx steorotipidir. Sosial şəbəkələrdə rastımıza çıxan videolarda çinli qadınların, kişilərin böcək, siçovul, qurbağa və s. kimi heyvanları bişirərək, ya da çiy halda yediyini görmüşük. Bu videolar, əsassız məlumatlar insanlarımızda Çin mətbəxi ilə bağlı yanlış təsəvvür yaradıb. İnsanlar elə düşünür ki, çinlilər ancaq həşəratlarla, yeyilməsi birmənalı qarşılanmayan heyvanlanlarla qidalanır.
Hətta biz Çin mətbəxi ilə bağlı reportaj hazırlayacağımızı dedikdə bir neçə insan da oxşar fikri səsləndirdi: “Onların mətbəxi var ki? Həşərat, qurbağa, siçovul yeyən millətdir”.
Düzünü desəm, özümə də maraq güc gəldi. Həqiqətən bu insanlar qeyri-normal olan qidalardan istifadə edirlər? Və yaxud mətbəxlərində ancaq həşəratlar oynaşır? Burdan yol alıb üz tutdum Çin mətbəxini dadmış insanlara.
Çinin paytaxtı Pekində təhsil almış həmyerlimiz Lamiyə Səfərova hesab edir ki, həşəratlar sadəcə turistləri cəlb etmək üçün satışa çıxarılır:
“Stereotiplər çoxdur, düzdür, ancaq mən heç vaxt it əti və ya pişik ətinə rast gəlməmişəm. Həşəratlardan isə yeməklər hazırlamırlar, ancaq məhşur turistik meydanlarda həşəratları yemək üçün satdıqlarını görə bilərsiniz. Məncə, bu sadəcə turistləri cəlb etmək üçündür.
Milli və məhşur yeməklərdən danışmaq bir az tərəddüdlü məsələdir. Çünki Çin böyük ölkədir və hər vilayətinin özünəməxsus mətbəxi var. Elə yer var acılı, ədavalı, çox yağlı hazırlayırlar. Amma bir stereotipə cavab versəm, hə, düyü məhşurdur. Yeməklə birlikdə əlavə qızardılmış düyü olur, çox dadlıdır. Əriştələr çox məhşurdur və çeşidləri genişdir. Dumpling (düşbərə) və baozi (gürcü xəngəlinə oxşayır) çox məhşurdur. Xüsusən Şanxayda, turistik yerlərdə soyuq aylarda çox yerdə düşbərə satıldığını görə bilərsiniz.
Bu adlarını çəkdiyim yeməklərin tərkibində qeyri-adi heç nə yoxdur. Bildiyimiz xəmir, düyü, tərəvəzlər, ət və s. Çin mətbəxi ilə bağlı təəssüratlarım çox möhtəşəmdir, yeməklərini çox sevirəm, getsəniz mütləq dumpling, əriştələrdən yeməyi tövsiyə edirəm. Hot-pot isti aylarda yeməklərin şahıdır, onu da məsləhət bilirəm”.
İngiltərədə yaşayan azərbaycanlı tələbə İlkin Rəhimli Çin mətbəxinin dünyanın müxtəlif yerlərində də kifayət qədər məşhur olduğunu dedi:
“Çin mətbəxində çox olmasa da, bir neçə təamın dadına baxmışam. Hər kəsin fikirləşdiyi kimi it və ya digər yeyilməsi normal qarşılanmayan heyvanlardan hazırlanmırlar. Əksinə çox maraqlı və fərqli dada sahib yeməkləri var. Məsələn, limon souslu ördəkləri çox dadlıdır. Kəmşirin sousda toyuq və mal ətindən yeməkləri var ki, öyrəşmədiyimiz, ancaq zövqverici dada sahibdilər. Şirniyyatları da daddığımız standard şirniyyatlardan fərqlidir. Yəni istər dadına baxdığım, istərsə də sadəcə gördüyüm yeməklərin heç birində iyrənc bir nüans görməmişəm. Tərkibi də bildiyimiz tərəvəzlərdən, qidalardan ibarətdir. Sadəcə onlar ədviyyatlardan və souslardan çox istifadə edirlər deyə fərqli dadı olur. Düşünün ki, alma sousunda toyuq belə hazırlayırlar. Başqa bir nümunəm, ananas hissələri ilə birlikdə bişirilmiş toyuq yeməkləri var. Onun da məxsusi dadı olur. Bütün bu sadaladıqlarımı dadmağınızı tövsiyə edirəm”.
Gənc marketoloq Şəfəq Mürsəllidə bu mətbəxə maraq illər əvvəl baxdığı filmdən sonra yaranıb:
“Heç vaxt Çində olmamışam, amma gedib o ölkəni görməyi çox istəyərəm. Əvvəllər onların yeməkləri ilə bağılı mənim də təəssüratım bu cür idi. Çünki bu cür eşitmişik və belə təbliğ olunub. Bu mövzu da toplum psixologiyasının “qurbanlarındandır”, bilmədən, öyrənmədən yürüdülən fikirlərdən biridir. Düzdür, bu cür həşərat və digər heyvanlardan hazırlanan təamları var müəyyən bölgələrində, ancaq bu o demək deyil ki, tamamilə belədir. Çin mətbəxi çox zəngin, sağlıqlı və dadlıdır. Bu mətbəxin müxtəlifliyinə, zənginliyinə illər öncə baxdığım bir filmdən sonra böyük marağım yarandı. Son illərdə isə Bakıda Çin mətbəxi olan bir restorana getdim. Düzdür, oradakı yeməklər dadlı idi, ancaq Çində olmadığım üçün müqayisə apara bilmədim.
Daha sonra ötən il çalışdığım hotelə Çinin məşhur şirkətinin nümayəndələri, iş adamları gələcəyi barədə xəbər verildi və hətta vurğulandı ki, yeməklər necə olursa olsun, Çindəki kimi dadmalıdır. Qida departamentində çalışdığım üçün menyuların hazırlığında iştirak edirdim. Məşhur yeməklərindən Pekin ördəyi, buxarda bişirilmiş mantı, soya paxlasından hazırlanan yeməkləri, düyü və ən əsası dəniz məhsullarını deyə bilərəm. Düyü, tərəvəzlər, dəniz məhsullarından hazırlanmış şorbalar onların gündəlik qida rasionlarına daxildir. Yeməklərin hazırlanması üçün xüsusi Wok adlanan tavaları və buxarda bişirlən təamların hazırlanması üçün həsir və bambukdan hazırlanmış xüsusi qabları var. Yeməklərində tərəvəzlər çox istifadə olunur. Wok adlanan tavada yüksək tempraturda yağda qızardılır. Bu cür hazırlananda çölü qızarsa da içi çiy qalmış kimi olur və tərəvəzlərdə olan vitaminlər ölmür. Soyadan hazırlanmış xüsusi sos yeməklərinə spesifik dad qatır. Duzdan demək olar ki istifadə olunmur. Xüsusi çin duzlarından az miqdarda istifadə edilir. Desert olaraq isə əsasən meyvələrlə qidalanmağa üstünlük verirlər. Həmin müddətdə şahidi oldum ki, çinlilər qidalarına çox əhəmiyyət verirlər”.
Şanxay şəhərində yaşayan azərbaycanlı tələbə Elmar Ağazadə Çində yeməklərin bölgədən-böləgəyə dəyişdiyini bildirdi:
“3 ilə yaxındır ki, Çində yaşayıram. Bunu bilən hər bir azərbaycanlının verdiyi ilk “ Ayda oranın yeməklərini necə yeyirsən?” , “ Elmar doğurdan onlar ilbizi mayonezə batırıb yeyirlər?” , “ Qağa, qurbağa yemisənmi?” – tipli suallar olur. Bu tip sualların yaranmasına zəmin yaradan da yerli və xarici mətbuatın yanlış informasiyalarıdır. Gələk Çin yeməklərinə. Çin mətbəxi dünyanın ən zəngin mətbəxi hesab olunur. İstənilən xarici ölkədə bu mətbəxin qiyməti çox yüksəkdir. Hər bir ölkədə olduğu kimi Çində də bölgədən- bölgəyə yemək çeşidləri dəyişir. Misal üçün, Şimal əhalisi düyüdən və ətdən çox istifadə edir, cənub-şərqlilər isə düyünün yerini “mian” adlı Çin verməşili ilə əvəzləyir. Əlavə olaraq, xəmir yeməklərinə üstünlük verirlər.
Çinin qərb bölgəsində hamımızın yaxşı tanıdığı Uyğurlar yaşayır. Uyğur mətbəxini izah etməyə gərək yoxdu. Bizim mətbəxlə demək olar, eynidi, təamları fərqli olsa belə. Uyğur plovu, uyğur kababı, çörəyi, qatığı, salatları, qazan yeməkləri və s. misal göstərə bilərəm.
Çinin Cənub-Qərb bölgəsində yaşayan insanlara hardasa vegeterian demək olar. Ən zəngin mətəbəxə sahib olan bölgələrdən biridir və yeməklərinin böyük qismində ət istifadə etmirlər.
Bütün bunlarla yanaşı dəniz məhsulları və ya dəniz yeməkləri də çox məşhurdur və demək olar ki, qərb bölgəsini çıxmaq şərti ilə bütün bölgələrdə var.
Son olaraq çinlilərin həşarat yeyib-yeməməsinə gəldikdə isə bəli bunu edənlər var. Amma bu o demək deyil ki, ölkə əhalisinin hamısı bütün günü bunu edir, gündəlik həşaratla qidalanır”.
İnsanlarla yanaşı bu mətbəxi yaxından bilən bir mütəxəssis fikrinə də ehtiyac duyduq. Mütəxəssis dedikdə, söhbət qurmandan gedir. Bir mətbəxi ən yaxşı kim bilə bilər? Təbii ki, hər gün o mətbəxdə o təamları hazırlayan insan.
13 ildir Azərbaycanda yaşadığını deyən çinli aşbaz Xuan Vey də Çin mətbəxi barədə stereotiplərin olduğunu bildirdi. 20 ildir aşbaz kimi işləyən Xuan iddialların heç biri ilə razılaşmadı:
“Bilirəm, hamı elə düşünür ki, biz gündəlik o adı keçən heyvanlarla qidalanırıq. Ancaq elə deyil. Yeyənlər də var. Lakin bu hər kəsə şamil olunmamalıdır. Çin çox fərqli və zəngin bir mətbəxə sahibdir. Demək olar ki, hər bölgənin öz mətbəxi, qida rasionu var. Bir bölgədə dəniz məhsulları daha çox istifadə olunursa, digər bölgədə tamam fərqli qida rasionu var. Yəni bir-birindən çox fərqlənirlər”.
“Şin-Şin” restoranında şefpover kimi çalışan X.Vey Azərbaycanda Çin yeməklərinin olduğu kimi hazırlanmadığını dedi:
“Azərbaycanlılar Çin mətbəxini ora gedib daddıqda tamam başqa təəssüratda olurlar. Eynilə bura gələn çinlilər kimi. Nə qədər desək də Çin mətbəxidir, fərq var. Bu ondan irəli gəlir ki, orada olan sousların, ədviyyatların çoxu satışda yoxdur. Sahibkar məcburdur ordan gətirtsin. Ancaq bu çox baha başa gəlir. Belə olan halda qiymətləri artırmalı olacaq. Bundan əlavə, azərbaycanlılar o dadı asanlıqla mənimsəyə bilməyəcək deyə biz yeməkləri onların ağız dadına uyğunlaşdıraraq hazırlayırıq. Azərbaycanda istənilən restorana gedə bilərsiniz, heç bir restoranda Çin yeməkləri olduğu kimi deyil. Tək Azərbaycanda yox, bu, bütün ölkələrdə belədir”.
Sonda çəkilişə göstərdiyi dəstəyə görə, Şin-Şin restoranına təşəkkür edirik.