Heç vaxt getmədiyim yer haqqında təəssürat hava limanındaca ciyərlərinə çəkdiyim ilk nəfəsdən bəlli olur. İlk nəfəs həmin yer haqqındakı “diaqnoz”dur. Zaman - hava qaralan vaxt, məkan - Türkiyənin Dənizli bölgəsi. İlk nəfəsdən məlum olur ki, məkan elə adı kimidir. Dəniz havalı, təbiət qoxulu bir yerdəyik. Doya-doya yaşamağa çalışırıq.
Dənizli haqqında Azərbaycan nümayəndə heyətində təmsil olunan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyev yolboyu bildiklərini bölüşür.
Bölgənin simvolunun xoruz olduğunu deyəndə çoxumuz inanmırıq, o vaxta qədər ki, bölgədə xoruza qoyulan heykəlləri, satılan xoruz suvenirlərini, şəkilləri görürük. Və öyrənirik ki, Dənizli xoruzunun özəlliyi uzun və ahəngdar banlamasıdır. Xoruz hətta özündən gedənə qədər banlaya bilər. Dənizlilər sevimli quşlarına çox qısqanclıqla yanaşır, başqa ölkələrdə artıb-çoxalmaması üçün onun cinsindən olan yumurtanın ərazidən çıxarılmasına maksimum mane olmağa çalışırlar.
“Bura təbiətin insanlara ərməğanıdır”
Bölgənin simvolu ilə tanışlıqdan sonra, dillər əzbəri olan termal suları barədə məlumat alırıq. Bu barədə bizi bələdçimiz Gülümsər xanım məlumatlandırırır. Bir türk olaraq torpağına vurğunluğu hər kəlməsindən hiss olunan Gülümsər xanım Dənizli bölgəsinin Türkiyəyə Tanrının bir lütfü olduğunu deyir: “Pamukkalənin təbiəti çox comərddir. Bura təbiətin insanlara ərməğanıdır. Enerji verir.
Pamukkalə termal sularının mirkoqranizmləri yox edən antiseptik özəlliyi var. Burada təbiətin gözəlliyi ərazini o qədər qiymətli edib ki, insanların ölmək üçün buranı seçməsi barədə rəvayətlər var. Ərazi yaşlı zənginlərin ömürlərinin son baharını keçirmək üçün məskən olub. Onlar buranı cənnətlə-cəhənnəmin qovuşduğu yer adlandırır, inanırdılar ki, ömürlərinin sonunu burada keçirməklə əbədi cənnət qazanacaqlar”.
Qəbiristanlıqda tarixi gözəllik
Ərazi böyük bir qəbiristanlıqla əhatə olunduğundan, bələdçinin dediyinə şübhəmiz qalmır. Bura Hierapolis adlanır, 2000-dən çox qəbir tapılıb. Şəhər divarlarının ətrafında da nekropolis (məzarlıq) bölgələri var.
Qalıqları ilk dəfə 1958-ci ildə tapılan şəhərin arxeoloji tədqiqi hələ də davam edir, qazıntı işləri gedir. Hierapolis şəhərinin qalıqlarından, hamamların sayının çoxluğundan təxmin etmək olur ki, buradakı termal sular ta qədimdən insanların diqqətini çəkib.
Kalsium duzları və karbon qazı olan 35 dərəcə istilikdəki termal su qaynaqları əsrlərdən bu yana müxtəlif xəstəliklərə şəfa axtaran insanların ən çox baş çəkdikləri yerlərdən biridir. Aralıq dənizi hövzəsində geniş yayılmış qədim yunan və Roma sivilizasiyasının məkanlarından biri olan Hierapolis Roma imperatorlarının məskəni, Misir kraliçası Kleopatranın gözəllik məkanı olub.
Hierapolis geniş küçələri, qədim tikili qalıqları, möhtəşəm sütunları ilə açıq hava altında antik qalereyadır. On min nəfərlik amfiteatr, isti və soyuq su bölmələri olan hamamlar və bir çox başqa tarixi tikililərlə zəngin olan Hierapolis UNESCO-nun Dünya mirası siyahısına daxil edilib.
![]()
Gözəlliyin ünvanı - Kleopatra hovuzu
Vaxtilə Kleopatranın çimib gözəlləşdiyi antik hovuz Pamukkalənin əhəmiyyətli simvollarından biridir. Bura sağlamlığa faydalı olan suyu ilə dünyanın azsaylı belə məkanlarından biri olaraq qəbul edilir. İldə minlərlə adamın üzdüyü bu hovuz bir çox xəstəliyin dərmanı sayılır. Hələ Roma imperatorluğu dövründə Hierapolis və ətrafı tam bir sağlamlıq mərkəzinə çevrilmişdi. O illərdə şəhər və ətrafında qurulan 15-dən çox hamama minlərlə insan gəlir və sağlamlıqlarına qovuşurmuşlar. Aparılan araşdırmalara görə, hovuzun suyu ürək, qan-damar xəstəlikləri, təzyiq, revmatizm, dəri, göz, raxit, iflic, sinir və damar xəstəliklərinə, içildikdə isə mədə xəstəliyinə çox yaxşı təsir etməkdədir. Hovuzu əhatə edən rəngarəng güllərdən ibarət bağça onu daha da cazibədar edir.
![]()
Bu hovuzun suyunun özəlliklərindən biri də, deyilənə görə, burada çimənlərin cildinin gözəlləşməsidir. Guya burada yuyunmaqla Misir hökmdarı Kleopatra kimi gözəl olmaq da mümkündür. Bu üzdən də buraya Kleopatra hovuzu da deyirlər.
Pamukkalə ilə bağlı planlar
İlin bütün fəsillərində açıq səma atında turistlərə sərgilənən Pamukkalə dağları UNESCO tərəfindən qorunan təbii qoruqlar siyahısındadır. Bu bölgə də turizmə açıq elan olunduqdan sonra dağların ətrafında beş ulduzlu hotellərin tikintisi sürətlənib. Hazırda Pamukkalədə iki dağın əhatəsində süni göllər yaradılıb. Medical turzimin inkişafı üçün ərazi tam hazır vəziyyətə gətirirlib. Ərazi yetkililərinin Pamukkalə ilə bağlı planları böyükdür. Bütün universitetlərdə tibb fakültələrinin yaradılması, böyük klinik mərkəzlərin açılması, güclü infrastruktur qurulması turist axınına hesablanıb. Baxmayaraq ki, təbiətin neməti – termal sular sayəsində ərazi heç vaxt turist sarıdan korluq çəkmir. Hədəf isə ərazini milyardlarla dollar gəlir gətirən tibbi turizm məkanları sırasında lider etməkdir.
![]()
“Dənizlinin xoruzu, duzu, qızı”
Pamukkalənin termal suları təkcə insanlar üçün faydalı deyil, burada dünyanın ən keyfiyyətli pambıq növləri yetişdirilir. Çoxları ərazinin kalsiumla zəngin pambığaoxşxar qayalıqlarına görə Pmukkalə adlandırıldığını düşünsə də, yerli sakinlər məhz keyfiyyətli pambığına görə belə adlandırıldığını deyir. Ətraf ərazilər başdan-başa böyük əkin sahələridir. Bu ildən Pamukkalədə dünyada ilk dəfə tumsuz nar sortlarının yetişdirilməsinə başlanılıb. Bölgə 70 faizlik istehsal gücü ilə özü özünü təmin edir. Pambıqçılıq dənizlilərin ən böyük gəlir mənbəyidir. Odur ki, Dənizli Türkiyənin ən böyük tekstil mərkəzi sayılır. Dükan-bazarlarda ancaq bölgəyə məxsus tekstil məhsulları görmək mümkündür. Turistlər də buranı pambıq istehsalçısı kimi tanıdğı üçün alınan məhsullar sırasında tekstil nümunələri birinci yerdədir. Türkiyənin ən çox ixracat edən 7-ci bölgəsi olmağı davam etdirən Dənizli rəsmi statistikalarda 2 milyard 757 milyon dollar olan toplam ixracatının 51 faizini tekstil və trikotaj sektorunda həyata keçirir. Bu səbəbdən Dənizlidə geyim çox ucuzdur. Necə deyərlər öz məhsulumuz, öz istehsalımız.
![]()
Zeytundan isə hər formada istifadə olunur. Meyvəsi, yağı, ağacı... Zeytundan alınan kosmetik vasitələr, yuyucu məhsulları turistlərin ən çox istehlak etdiyi mallar sırasındadır. Bizi təəccübləndirəcək başqa nələrə sahib olduqlarını özlərindən də soruşduq.
“Dənizlinin xoruzu, duzu, qızı”, – deyə cavab verdilər.
/hafta.az/