Yanardagda od tutub yanan- QİYMƏTLƏR

“Bu təbiət qoruğuna gəlməkdə məqsədiniz nədir?”
Xəbərlər 14 Avqust 2014 00:00 1881
Yanardagda od tutub yanan- QİYMƏTLƏR

Yanardağdan reportaj hazırlamaq qərarına gəldik. Səbəbə gəldikdə isə çox sadədi. Ölkədə turizmin inkişafı ilə bağlı həm rəsmi səviyyədə, həm də təbliğat müstəvsində daim iş aparılır. Bakı şəhərində nəinki əcnəbi turistləri, həm də yerli əhalini maraqlandıran təbiət abidələrindən biri də Yanardağdır.   


2011-ci il dövlət başçısının sərəncamı ilə ölkədə turizm ili elan olunmuşdu. Sərəncamının icrası ilə bağlı qoruqlarda bir sıra tədbirlərin keçirilməsi və ziyarətçilərin artımı nəzərdə tutulmuşdu. Ötən üç il ərzində ölkə ərazisindəki qoruqlarada nə kimi yeniliklərin olduğunu öz gözlərimizlə görmək maraqlı idi.   


Sözün düzü, ağızdan-ağıza bir neçə heç də xoş olmayan söz-söhbət eşitmişdik. Həm maraqlı bir reportaj, həm də eşitdiyimiz söz söhbətin nə dərəcədə həqiqətə uyğun olub olmamasını araşdırmaq üçün  “Həm ziyarət, həm ticarət” dedik. Nə oldusa, bundan sonra oldu Səhər açılar-açılmaz üz qoyduq yola. Bu da  “Yanardağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğu. Girişə yaxınlaşıb mühafizəçiyə gəlişimizin səbəbini izah etdik, o da qoruğun bir nəfər səlahiyyətli nümayəndəsini çağırdı.


Nə oldusa, bundan sonra oldu.  

Özünü təqdim etmədən bizi sorğu-suala tutan müəllimin jurnalistlərə rəğbət bəsləməməsi elə ilk andaca özünü büruzə verdi. Jurnalistləri “araqarışdıran” adlandıran qoruq nümayəndəsi ilk həmlədəcə girişdə mühafizə kabinəsinin şüşəsinə yapışdırılmış sənədləri göstərdi. 


Orada ölkə başçısının turizmin inkişafı ilə bağlı sərəncamı və sərəncamdan irəli gələrək Turizm Nazirliyinin tabeçiliyində olan qoruqlarda maddi-texniki bazanın yüksəldilməsini nəzərdə tutan 86 nömrəli əmri öz əksini tapmışdı. 


Bilet qiymətləri

Biletlərin qiymətləri yaş və xidmət forması nəzərə alınmaqla müxtəlifdir. Belə ki, yerli və xarici vətəndaşlar üçün 2 manat. Tələbələr üçün 1 manat, məktəblilər üçün 20 qəpik. 

Ekskursiya xidməti (1 qrup üçün 25 nəfərədək 5 manat), tələbələr üçün 3 manat, məktəblilər üçün 1 manat. 


Foto və video çəkilişlər üçün təstiq edilmiş qiymətlər


Sənədli, elmi-populyar filmlərin çəkilişi - 150 manat 

Bədii filmlərin çəkilişi - 300 manat

Verilişlərin çəkilişi - 200 manat 

Kliplərin çəkilişi - 200 manat 

Vertolyotdan çəkiliş -200 manat 

Tədbirlərin keçirilməsi - 300 manat 

Abidələrin reklam məqsədli çəkilişi - 200 manat 

Fotoreklam üçün çəkilişlər - 100 manat 


Mətnlə tanış oluruq, amma orda yuxarıda qeyd etdiyimiz kimi mətbuat üçün  hər hansısa ödəniş aparılmasından söz belə getmir. Burada əsasən kommersiya tipli çəkilişlər nəzərdə tutulub. Lakin qoruq rəsmisi Nuh dedi, peyğəmbər demədi. Reportaj üçün çəkəcəyimiz fotolara görə 100 manat ödəniş etməli olduğumuzu hər vəchlə sübut etməyə çalışdı. Bir xeyli söz oyunu oynadı. 

Bizdən soruşdu ki, reportajın məqsədi nədi? İzah etdik ki, bu ötən 3 il ərzində turizm baxımından nə irəliləyiş olub, turist axını necədi… Cavabında dedi ki, bu, konfidensial məlumatdı, deyə bilmərik, ümumiyyətlə bunalr sizi niyə maraqlandırır?.. 

Dedik ki, ay müəllim, siz bilməlisiniz ki, istər özəl oldu, istərsə də dövlət,  bu kimi turizm əhəmiyyətli yerlərin mətbuatda diqqət mərkəzində olmasının, təbliğ edilməsinin böyük əhəmiyyəti var. Bu -  təbliğat, maraq oyatmaq, turist axını deməkdir. Yenə də öz dediyin deyir, sanki bu nitq öncədən hazırlanaraq qoruğa üz tutan jurnalistləri qoruq ərazisindən kənarlaşdırmağa yönəlib.  Elə verdiyimiz salam qarşılığında gördüyümüz reaksiyadan bu şəxsin jurnalistlərə olan antipatiyasını sezmişdik. 


“Jurnalistlər araqarışdırandı”

Bir az çək-çevirdən sonra reportajı kənara qoyub detalları qarşılıqlı müzakirə etməyə başladıq. Jurnalist olaraq öz vəzifə borclarımızı izah etdik. O da öz növbəsində jurnalistləri yalnız “araqarışdıran” kimi tanıdığını söylədi.  Söhbət əsnasında bu arada müəllimin jurnalistəri sevməməsinin səbəbini də öyrəndik. Yerli telekanallardan biri qəhrəmanımızdan müsahibə alıb, sonra material efirə gedəndə onun sözlərini öz fikirləri kimi təqdim edib ki, bu da bütün jurnalistləri qara siyahıya salmağa kifayət edib. 

Söhbət uzanır, nə biz inadımızdan dönürük, nə də o bizi anlamaq istəyir, günəş də zenitə doğru yol alıb qalxır. Redaksiyaya qayıtmaq vaxtıdı. Çıxarkən qoruğun çöldən ümumi görüntüsünü və yol boyu iki yerdə qoyulmuş məlumat lövhəsininin şəklini çəkməyi də unutmuruq.  Nəzərə alsaq ki, həmişə televiziyadan, fotolardan gördüyümüz və bizimçün böyük maraq kəsb edən bir yerdən – Yanardağdan təsəvvür etdiyim kimi reportaj hazırlamaq bu günlük qismət olmasa da başımıza gələnləri nəql etmək üçün imkan və vasitə oldu.   Bunlar bizim bugünlük sərgüzəştimizdir. Amma məsələnin digər tərəfini də araşdırmaq lazım gəldiyindən redaksiyaya qayıdar-qayıtmaz Turizm Nazirliyi ilə əla saxlayaraq qarşılaşdığız problemi onlara da bildirdik.  Necə deyərlər burada bizim reportaja çökmüş qaranlıq aydınlığa qovuşdu.


Mədəniyyət və Turizm Nazirliyindən cavab verildi ki… 

Mədəniyyət və Turizm nazirliyinin mətbuat katibi İntiqam Hümbətov sorğumuza cavab olaraq  “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğundan hazırlanacaq reportaj üçün hər hansısa ödəniş etmək məcburiyyətində olmadığımızı birbaşa təstiqlədi: “Orada film, reklam və digər kommersiya tipli çəkilişlər üçün Nazirlər Kabinetinin qərarı ilə qiymətlər var. “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğundan təbliğat xarakterli reportaj hazırladığınız üçün hər-hansı bir məbləğ ödəməyinizə ehtiyac yoxdur”.  İntiqam Hümbətov  bunun üçün nazirliyə müraciət etməyin kifayət olduğunu bildirdi.  


“Turizm obyektləri mətbuatla işləməyi o qədərdə bacarmırlar”

Nazirlik qarşılaşdığımız problemlə bağlı bizim haqlı olduğumuzu təsdiq etsə də məsələ ilə bağlı bir də Turizm üzrə müstəqil ekspertin də fikirlərini sizinlə paylaşmaq istərdim.  Turizm üzrə ekspert Bahadur Bilalov deyir ki, qoruqlar və digər turizm obyektləri mətbuatla sıx əməkdaşlıq etməlidir. Onun sözlərinə görə, hər hansı bir mətbu orqanda istirahət mərkəzi, obyekt haqqında müsbət bir informasiya gedirsə, həmin obyektə əlavə turist cəlb olunmasına gətirib çıxarır: “Düşünürəm ki, doğurdan da Azərbaycanda turizm obyektləri mətbuatla işləməyi o qədərdə bacarmırlar. Onlar bu istiqamətdə işlərini kökündən dəyişdirməli və sıx əməkdaşlıq etməlidirlər”.  Həmin yerdə çalışan kadrların peşəkarlığına gəlincə, ekspert qeyd etdi ki, istirahət mərkəzlərində, turizm obyektlərində kifayət qədər peşəkar kadrlar işləmirlər: “Baxmayaraq ki, son zamanlar ali məktəblərdə kadr hazırlığı gücləndirib, çox təəssüflər olsun ki, turizm obyektlərinin rəhbərlikləri bu yerlərdə daha çox öz yaxın qohumlarını və ya tanışlarını işə cəlb edirlər. Nəticələr də göz qabağındadır. 


Sözsüz ki, KİV əməkdaşları arasında qeyri-peşəkar olduğu kimi turizm obyektində işləyənlər arasında da belələri var. Bu baxımdan bu cür hallar ortaya çıxır. Ümumilikdə turizm obyektindən yazılan hər bir yazı və süjet həmin obyektə əlavə insanların gəlməsinə səbəb olacaq”.


Bir az da qoruğun özü haqqında 


Qoruğun ərazisi yalnız “Yanardağ”dan ibarət deyil. Buraya Əli daşı piri, Qirməki palçıq vulkanı vadisi, “Qurd yuvası” təbii mağarası və VII əsrə aid olan köhnə qəbiristanlıq daxildir. “Yanardağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğu prezidentin 2007-ci il 2 may tarixli 2141 nömrəli sərəncamı ilə yaradılmış elmi tədqiqat müəssisələrinə bərabər tutulan qurumdur. Nazirlər  Kabineti 22 sentyabr 2008-ci il 227 nömrəli qərarına əsasən isə  "Yanardağ" dövlət tarix-mədəniyyət və təbiət qoruğu Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilib.  O ki qaldı qoruğa, baş çəkən turist və qonaqlar, bu haqda qəzetimizin növbəti sayında daha ətraflı reportajla aydınlıq gətirəcəyik.


PS. Reportajda başımız öz dərdimizə qarışdı deyə, bir məqamı burda xatırlatmağı özümüzə borc bildik. Qoruğun ərazisinə girmək, orda gedən işlərlə tanışlıq qismət olmasa da, girişdə gördüyümüz mənzərə heç də ürəyimizcə olmadı. 

Ən azından girişdə Yanardağa, mədəniyyətimizə xas  milli  ornamentlərlə zəngin dekorasiya, giriş qapısı təsəvvür edirdik ki, qarşılaşdığımız iki mühafizə köşkü və elektron şlaqbaumlar oldu. Nəzərə alsaq ki, bu gün kapitalizmin, bazar iqtisadiyyatının hökmranlıq etdiyi bir dövrdə reklam uğurun yarısı deməkdi, o zaman bu qoruğun uzaqdan gəl-gəl deyən, çağırışçı siması da olmalıdı. Daha çöllükdə iki “budka” və iki şlaqbaum yox... 

Bu, turisti cəlb etmək əvəzinə qaçıracaq durumdu.   


Teleqraf.az

OXŞAR XƏBƏRLƏR