Gələn il Bakıda daha bir göydələnin tikintisi başa çatacaq. Söhbət "Azinko Holding" şirkətinin tikintisini həyata keçirdiyi “Bakı Tower” biznes və iş mərkəzində gedir.
Səyyah.az turizm və əmlak portalı xəbər verir ki, şirkətdən FED.az-a bildirilib ki, Heydər Əliyev prospektində 2014-cü ildən inşasına başlanılan binanın hündürlüyü 277 metr olacaq ki, bu da MDB-də ən hündür tikili sayılır.
50 mərtəbəli binada biznes mərkəz, hotel və restoranlar yerləşəcək. Binanın yuxarısında tacşəkilli qübbə quraşdırılacaq. Şirkətdən bildirilib ki, müasir texnologiyalar əsasında inşa edilən binanın təhlükəsizliyi üçün yeni mexanizmlər tətbiq edilib. Belə ki, zəlzələ və digər hallarda binanın dayanıqlığını qorumaq üçün xüsusi mexanizm qurulub – o binanın müvazinətini balanslayacaq. Aşağı iki mərtəbənin hündürlüyü 6 metr, digər mərtəbələrin hündürlüyü isə 4,4 metrdir. Binanın tac hissəsində yerləşəcək 5 mərtəbənin hündürlüyü isə 5 metr təşkil edəcək. Binanın damper hissəsinin hündürlüyü isə 7 metr təşkil edəcək. Hazırda göydələnin damper hissəsinin tikintisi davam edir.Gələcəkdə bu mexanizmlə tanış olmaq, eləcə də binadan ətrafı seyr etmək üçün baxış meydançasına ekskursiyalar da təşkil ediləcək.
“Bakı Tower” MDB məkanında ən hündür göydələn hesab edilir. Ümumi sahəsi 89 min kvadratmetr olan binanın tikintisi 2018-ci ilin sentyabrında başa çatacaq. Bina bütünlüklə icarəyə veriləcək, hazırda gələcək icarəçilərlə danışıqlar da aparılır.