Azərbaycan İntellektual Oyunlar Federasiyasının təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” oyunu üzrə VI Azərbaycan Çempionatı təşkil olundu.
Səyyah.az turizm portalı xəbər verir ki, Azərbaycan intellektual oyunlar hərəkatının peşəkarlarından ibarət 26 komanda ölkə çempionu adı uğrunda mübarizə apardı.
Toğrul Qurbanov, Sadiq Yusifi və Tərlan Əsədlinin redaktorluğu ilə hazırlanan 60 sualdan ibarət olan çempionat gərgin mübarizə ilə yadda qaldı. Dörd turun yekununda “Diplomat” komandası rəqibləri qabaqlayaraq Azərbaycan çempionu adını qazandı. “Vendetta” komandası ikinci, “Revolver” komandası isə üçüncü yeri tutdu.
Qeyd edək ki, “Nə? Harada? Nə zaman?” üzrə VI Azərbaycan Çempionatının keçirilməsi ilə ölkədə 2017-cı ildə intellektual oyunlar mövsümünə son qoyuldu.
Qaliblər kubok, medal, diplom və hədiyyələrlə mükafatlandırılıblar.