Azərbaycanda daha bir hava limanı yenidən istifadəyə verildi

Azərbaycanda daha bir hava limanı yenidən istifadəyə verildi
Xəbərlər 14 Dekabr 2017 16:36 701
Azərbaycanda daha bir hava limanı yenidən istifadəyə verildi

Zaqatala Beynəlxalq hava limanı əsaslı yenidənqurmadan sonra rəsmən istismara verildi.

   Zaqatala Beynəlxalq hava limanının yenidən qurulması Prezident İlham Əliyevin Zaqatala rayonuna səfəri zamanı verdiyi tapşırığa müvafiq olaraq həyata keçirilib. Hava limanının ərazisində geniş füzelyajlı hava gəmilərini qəbul etməyə imkan verən uçuş-enmə zolağı (UEZ) tikilmiş, perron xeyli genişləndirilmiş, müasir naviqasiya sistemləri, meteoroloji və işıq siqnalı avadanlıqları quraşdırılmış, həmçinin aerovağzal kompleksinin binası təmir edildi. Hava limanının açılışı günü buraya ilk dəfə olaraq dünyanın ən böyük sərnişin təyyarələrindən biri - “Airbus A340-500” təyyarəsi enmişdir. Azərbaycanın “AzVirt” şirkəti tərəfindən həyata keçirilən tikinti işləri nəticəsində hava limanında uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı tikilib. Yeni zolaq beynəlxalq tələblərə cavab verir və Zaqatala Beynəlxalq hava limanına geniş füzelyajlı hava gəmilərini qəbul etməyə imkan verəcək. Eyni zamanda hava limanının ərazisində tikinti işləri üçün asfalt-beton qarışığının hazırlanması məqsədilə səyyar asfalt-beton zavodu quraşdırılmışdır.  Yeni uçuş-enmə zolağının təchizatı üçün müasir naviqasiya və multilaterasiya sistemlərindən, həmçinin meteoroloji və işıq siqnalı avadanlıqlarından istifadə olunmuşdur.

Vağzalyanı meydanda avtomobil dayanacağı 1200 kv. metr genişləndirilərək 150 minik avtomobilini qəbul olunması üçün şərait yaradılmışdır. Zaqatala Beynəlxalq hava limanında xüsusi təyyarə-laboratoriya vasitəsilə sınaq uçuşları yerinə yetirilmiş, radiopellengator, enmə sistemləri, işıqsiqnal sistemləri uçuşla yoxlanılmış, nəticədə avadanlıq və sistemlərin mövcud yararlıq normalarına uyğunluğu təsdiq edilmişdir. Qeyd edək ki, Zaqatala hava limanının istismara verilməsi regionda turizmin və yük dövriyyəsinin inkişafına böyük stimul ola bilər.

OXŞAR XƏBƏRLƏR