TOP-10 Hotels- Bakının ƏN BÖYÜK OTELLƏRİ

Seyyah.az paytaxtın otelləri arasında nömrələrinin sayına görə Top-10-u müəyyənləşdirib.
Xəbərlər 23 Yanvar 2014 00:00 6058
 TOP-10 Hotels- Bakının ƏN BÖYÜK OTELLƏRİ

 

Azərbaycanda otellərin sayının sürətlə artımı şəhərin qonaq qəbul etmə imkanları ilə yanaşı, otellər arasında rəqabəti də yüksəldir. Artıq paytaxta gələn qonaqların seçim imkanları böyükdür. Bəs Bakıda ən böyük otel hansıdır? Seyyah.az paytaxtın otelləri arasında nömrələrinin sayına görə Top-10-u müəyyənləşdirib.

 

1.Hilton Baku Hotel (5*) – 309 otaq (618 yer)

Bakı Bulvarında, faktiki olaraq dənizin bir addımlığında yerləşən «Hilton» otellər imperiyasının Bakı nümayəndəliyi bu gün haqlı olaraq ölkənin ən böyük 5-ulduz oteli sayılır. 25 mərtəbəli oteldə 309 otaq var. Bura 177-i standart,  88-i suit, 1 prezident nömrəsi, 1 qonaq otağı və s. daxildir.

 

2. Kempinski Badamdar (5*) – 280 otaq (727 yer)

Bakının Badamdar qəsəbəsinin adını bütün dünyada məşhurlaşdıran Kempinski Badamdar oteli paytaxtın ən böyük 5-ulduz otelləri arasında ikincidir. Buradakı 280 otağa standart nömrələr, suitlər və 374 kvadratmetrlik prezident nömrəsi aiddir. Amma sıralanma yer sayına görə aparılsaydı, Kempinski Badamdar paytaxtda birinci olardı – 727 yer otelə ən böyük nümayəndə heyətini də təkbaşına qəbul etməyə imkan verir.

 

3. Park Inn Baku (4*) – 248 otaq (316 yer)

Paytaxtın əsas otel sırasında - Neftçilər prospektində yerləşən Park Inn Baku 4 ulduzlu olsa da, öz yerinə görə adlı-sanlı rəqiblərindən qətiyyən geri qalmır. Otelin rəsmi internet səhifəsində göstərildiyi kimi buradan Xəzər dənizi və Park Bulvar ticarət mərkəzinə məsafə sıfıra bərabərdir.

 

4. JW Marriott Absheron Baku Hotel (5*) – 243 otaq  (486 yer)

Sovet dövründə olduğu kimi indi də Azadlıq meydanı iki məşhur otelin qarşıdurma məkanıdır. Amma indi keçmiş «Abşeron» otelinin yerində «Marriott» otellər şəbəkəsinin Şərqi Avropadakı ən dəbdəbəli nümayəndəsi dayanıb. JW Marriott Absheron Baku Hotel öz məşhur qonaqlarını əla dizaynı və dəbdəbəsi ilə heyrətləndirir.

 

5. Crescent Beach Hotel (4*) - 241 otaq (261 yer)

 

Azərbaycanda neft bumunun rəmzlərindən olan Crescent Beach Hotel indi də istirahət üçün əla məkan sayılır. İstirahət ab-havası adamı işgüzar həyatdan ayırsa da, oteldə işgüzar qonaqlar üçün də münasib şərait yaradılıb. Buradakı 241 otaqda minimum 261 nəfər yerləşə bilər.

 

6.  AF-Hotel (4*) – 237 otaq (540 yer)

Bakının Bakının böyüklüyünə görə, 6-cı ən böyük otelində yerləşmək üçün Novxanıya getmək lazımdır. Rəsmi olaraq mehmanxana sayılsa da, AF-Hotel əyləncə imkanlarına görə, istənilən ailəvi istirahət mərkəzi ilə rəqabət apara bilər. Buradakı otaqlar da daha çox ailəvi istirahətə hesablanıb – 237 nömrədə 540 nəfər yerləşə bilər.

 

7. Sheraton Baku Airport Hotel (5*) – 207 otaq (414 yer)

Dünya otel industriyasının ən tanınmış nümaynədələrindən biri Sheratonun Bakıdakı oteli Heydər  Əliyev adına Hava Limanındadır.  Nəhəngliyini hətta hava limanının fonunda qoruyub saxlayan Sheraton Baku Airport Hotel təyyarədən yenicə düşən və ya uçmağa hazırlaşan qonaqlar üçün ən münasib variantdır.

 

8. Park Hyatt Baku (5*)  - 194 otaq (237 yer

«Hyatt» otelləri silsiləsindən 2-ci otelin açılması paytaxtda Hyatt otel və biznes şəhərciyinin yaranması ilə nəticələndi. Oteldə 237 yerlik  194 otaq ən tələbkar müştərilərin tələbatını da ödəməyə qadirdir.

 

9. Jumeirah Bilgah Beach Hotel (5*) – 190 otaq və kottec (300 yer)

Məşhur Dubay ərəb otel şəbəkəsinə daxil olan və ölkənin ən dəbdəbəli otellərindən biri sayılan Jumeirah Bilgah Beach Hotel paytaxtın ən səfalı ərazisində - Xəzərin sahilində Bilgəh qəsəbəsində yerləşir. “Jumeirah”in MDB-dəki ilk otelinin sahibləri rahatlıq yaratmaq üçün qətiyyən xəsislik etməyiblər - 176 lüks otaq və 14 dəbdəbəli kottec. 

 

10. Hyatt Regency Baku (5*) – 182 otaq (202 yer)


Paytaxtdakı otellərin böyüklüyünə görə ilk 10-luğunu Azərbaycanda ilk dünya brendi olan Hyatt Regency Baku oteli tamamlayır. Ölkəmizdə çoxdan işləyən xaricilər arasında məşhur olan oteldə ümumilikdə 202 yerlik 182 nömrə var. 



OXŞAR XƏBƏRLƏR