Azərbaycan Turizm Assosiasiyasında turizm şirkətləri ilə "Şahdağ" Turizm Mərkəzi arasında görüş keçirilib.
Səyyah.az turizm portalı xəbər verir ki, AZTAdan fins.az-a verilən məlumata görə,görüşdə ötən həftə "Şahdağ" Turizm Mərkəzində baş vermiş izdihamla bağlı problemlər və AZTA-nın təklif etdiyi koordinasiya metodu ilə birgə tənzimləmə yolları müzakirə olunub. Müzakirələrdən sonra Turizm Mərkəzi ilə əməkdaşlıq şərtləri və güzəştləri haqqında razılığa gəlinib. Razılığa əsasən bundan sonra Şahdağ istirahət mərkəzinə turist aparan şirkətlər öncədən turistlərin siyahısnı və sayını istirahət mərkəzinə göndərəcəklər. Həmçinin təkliflər arasında əyləncə mərkəzlərinə giriş biletlərinin də öncədən turistlərə paylanılması nəzərdə tutulur. Bundan başqa AZTA Şahdağ turlarının təşkili ilə bağlı özündə bir sıra xidmət keyfiyyəti standartını əks etdirən tövsiyə xarakterli anlaşma sənədinin ilkin versiyasını turizm şirkətlərinin diqqətinə çatdırılıb. Sonda bütün razılaşdırılmış şərtlərin icra edilməsi üçün AZTA Gəlmə Turizm Komitəsi nəzdində turizm şirkətləri arasından səsvermə yolu ilə 5-7 nəfərlik komissiyanın yaradılması haqqında qərar verilib.