Artıq Yeni İl bayramına sayılı günlər qalıb.
Səyyah.az turizm portalı xəbər verir ki, turizm şirkətlərindən fins.az-a verilən məlumata görə, yerli turistlərimiz bu il bayramı daha çox xarici ölkələrdə qeyd etməyə üstünlük verirlər. Azərbaycanlı turistlərin Yeni İldə ən çox səfər etdiyi əcnəbi şəhərlərdən biri də Tiflisdir. Odur ki, fins.az Tiflisdə 31 dekabr 1 yanvar tarixlərində boş otaqları olan otellərin və qiymətlərini öyrənib. Otellərin siyahısnı təqdim edirik.
Royal otel
3 ulduzlu otel Tiflisdə Gogebaşvili 38 küçəsində yerləşir. Mehmanxana beynəlxalq Tiflis hava limanından 15 kilometr şəhər mərkəzindən isə 600 metr aralıda yerləşir. Oteldə 4 nəfər ailə üçün nəzərdə tutulmuş nömrədə bir nəfərin bayram günü qonaqlaması 96 manatdır. Bu qiymətə səhər yeməyi də daxildir. İki nəfərlik otaqda bir nəfərin qonaqlaması isə 75 manatdır. Bu qiymətə də səhər yeməyi daxildir.
Paradise otel
Sahibi tərəfindən cənnət adlandırılan otelin nə qədər bu ada layiq olub olmadığını deyə bilmərik. Amma onu qeyd edə bilərik ki, otel mehmanxana Trialetty 18 küçəsində yerləşir. Otelin ulduz təsnifatı yoxdur. Qiymətlərə gəlincə isə bir nəfərin iki nəfərlik otaqda qonaqlaması 37 manatdır. Bu qiymətə səhər yeməyi də daxildir. Lüks iki nəfərlik otaqda bir nəfərin qonaqlaması isə 74 manatdır.
Gallery Palace
4 ulduzlu mehmanxana Pavle İngorokva 5 ünvanında yerləşir. Tiflis beynəlxalq hava limanından 14 kilometr aralıda yerləşir. Oteldə 1 nəfərlik standart otağın qiyməti 204 manatdır. İki nəfərlik standart otaqda qonaqlama isə 224 manatdır. Bu qiymətlərə səhər yeməyi də daxildir.
Metekhi's Galavani Hotel
Mehmanxana Jorbenadze 36 ünvanında yerləşir. Otel Avlabari metro stansiyasının yaxınlığında yerləşir. Otelin ulduz təsnifatı yoxdur. Oteldə hostel tipli otaqlar da var. Belə ki, 12 nəfərlik yalnız kişilər və ya yalnız qadınlar üçün olan otaqda bir nəfərin qonaqlaması 23 manatdır. Əlavə 7 manat ödəməklə isə səhər yeməyi də sifariş etmək olar. Standart 1 nəfərlik otaqlar isə 107 manatdır.
ES otel
Adı çəkilən otelin ulduz təsnifatı yoxdur. Mehmanxana Giorgi Anstsukhelidze keçəsində yerləşir. Otel İsani metro stansiyasından 500 metr aralıda yerləşir. Oteldə dağlara mənzərəsi olan nömrədə bir nəfərin qonaqlması 50 manatdır. Bu qiymətə səhər yeməyi də daxildir.
Ambassadori Tbilisi Hotel
5 ulduzlu Ambassadori Tbilisi otel Shavteli 17 ünvanında yerləşir. Mehmanxanada iki nəfərlik lüks otaqda bir nəfərin qonaqlaması 1410 manatdır. Digər bu tip otaqda qonaqlama isə 1128 manatdır. Göstərilən qiymətlərə səhər yeməyi də daxildir.