Türkiyə Səyahət Agentlikləri Birliyinin (TÜRSAB) rəsmi nümayəndələri Azərbaycanda bir günlük işgüzar səfərdə olublar. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən seyyah.az-a verilən məlumata görə, qonaqları nazir müavini Nazim Səmədov qəbul edib. Görüşdə Türkiyə tərəfdən TÜRSAB-ın Baş katibi Çetin Gürcün, idarə heyətinin üzvü Davut Günaydın, Azərbaycan tərəfdən isə Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyinin sədri Ruslan Quliyev və Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Regionalarda turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov iştirak edib.
Görüş zamanı iki ölkə arasında turizm əlaqələrinin inkişaf prespektivləri, problemlər və gələcək birgə fəaliyyət məsələləri müzakirə olunub. Sağlamlıq turizminin inkişaf meylləri və 2014-2015-ci illərdə Türkiyə və Azərbaycanda keçiriləcək konfrans, sərgi və seminarların həyata keçirilməsi mexanizmləri haqda danışılıb.
Sonda Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyi ilə TÜRSAB-ın Sağlamlıq Turizmi Komitəsi arasında uzunmüddətli əmakdaşlıq Memorandumunun ilin sonuna qədər imzalanması məsələsi qərara alınıb.