2017-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycana dünyanın 139 ölkəsindən 2482,3 min və ya ötən ilin eyni dövrü ilə müqayisədə 20,0 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Səyyah.az turizm poratalı xəbər verir ki, fins.az-a Dövlət Statistika Komitəsindən verilən məlumata görə, gələnlərin 31,9 faizi Rusiya Federasiyası, 19,7 faizi Gürcüstan, 13,8 faizi İran, 11,1 faizi Türkiyə, 3,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,4 faizi İraq, 2,2 faizi Ukrayna, 15,3 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur. Körfəz ölkələrindən gələnlərin sayında daha çox artım müşahidə edilmişdir. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 9,6 dəfə, Oman vətəndaşlarının sayı 7,9 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 4,6 dəfə, Bəhreyn vətəndaşlarının sayı 3,7 dəfə, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 2,7 dəfə, Qətər vətəndaşlarının sayı 2,3 dəfə, İran vətəndaşlarının sayı 1,5 dəfə artmışdır. 2017-ci ilin yanvar-noyabr ayları ərzində xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz azalaraq 3769,0 min nəfər olmuşdur. Ölkə vətəndaşlarının 33,4 faizi Gürcüstana, 23,3 faizi İrana, 22,5 faizi Rusiya Federasiyasına, 14,9 faizi Türkiyəyə, 1,5 faizi Ukraynaya, 1,0 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,4 faizi isə digər ölkələrə səfər etmişdir.