Johnny Ward İrlandiyanın Galway şəhərində doğulub. 18 yaşına qədər Şimali İrlandiyada yaşayıb və daha sonra İngiltərədə ali təhsil almağa gedib. Universiteti bitirdikdən sonra həyatının 10 ilini uşaqlıq xəyalı olan dünyanı gəzməklə keçirib. Lakin bu, elə də asan olmayıb. Səyahəti zamanı 10 ölkədə xəstələnib. Tailandda dizini və çiynini, Koreyada isə ayağını sındırıb. Ekvador və Paraqvayda soyğuna məruz qalıb, Hindistan, Fildişi sahilləri və Ukraynada həbs olunub. Amma mübarizəsindən dönməyib və nə az, nə çox dünyanın 197 ölkəsini gəzə bilib.
Sey-yah.com Johnny Wardla müsahibəni təqdim edir:
Səyahət istəyiniz necə yaranıb?
Ailəm kasıb olduğu üçün səyahətə getməyə çox pulumuz yox idi. Uşaq vaxtı İrlandiya xaricində cəmi 2 ölkədə olmuşam. Dostlarım isə İspaniya, İtaliya kimi ölkələri gəzərkən mən özümü pis hiss edirdim. Bir müddət sonra bütün gəncliyimi səyahətə xərcləyəcəyimə dair özümə söz verdim.
Səyahət üçün pul çox önəmlidir?
Səyahət etmək üçün pul önəmli deyil. Önəmli olan azad olmaq və ya olmamaqdır. Əgər buna qərar versəz, qarşınıza çıxacaq fürsətləri lazımınca dəyərləndirə biləcəksiniz.
Dünyanı gəzərkən gündəlik nə qədər xərcləyirdiz?
Səyahətim zamanı hər ölkədə orta hesabla 15 gün qalırdım. İlk 5 il ərzində pulum çox az idi. Ona görə də gündəlik xərcim 15-20 dollar tuturdu. Yəni ildə 5 min dollar. Yeri gəlib Tailandda və Cənubi Koreyada ingiliscə dərslər keçərək pul qazanmışam. Son illərdə isə sosial şəbəkələrdə profillərim və bloqum məşhurlaşdıqca hər şey düzəldi. Ümumiyyətlə, xərclərimə hər zaman diqqət yetirirəm.
197 ölkəni neçə ildə gəzdiniz? Əvvəlcədən getdiyiniz ölkələr var idi?
Səyahətimə 2006-da başladım və 197 ölkəni gəzmək mənə 10 ilə başa gəldi. Əvvəlcədən getdiyim ölkələrə gəlincə, uşaq vaxtı ABŞ-a yay tətilinə və Fransaya getmişdim.
Dünya turunuzun istiqamətini necə planlaşdırmışdız?
İlk vaxtlar təyyarə ilə gəzmək üçün yetərli qədər pulum yox idi. Nəticədə avtobusla gedə biləcəyim qonşu ölkələri seçirdim. Misalçün, Cənubi Afrikadan Suriyaya avtobusla gemişəm.
Bəzi şəkillərdə ananız da sizinlədi. Birgə haralarda olmusuz?
Anamı 50 ölkəyə aparmaq xəyalım var. Artıq 44-nü gəzdirmişəm. Özbəkistandan Əfqanıstana, Toqodan Cənubi Afrikaya, Tibetə kimi bir çox yerlərə aparmışam. Mənəvi olaraq mənə çox kömək edir.
Ən az qaldığınız ölkə hansı olub?
Çox güman ki, Vatikan. Cəmi 1 gün çəkib.
Bəs ən çox qaldığınız ölkə?
Yerinə görə, 3-6 ay arası dəyişib. Çin, Tailand, Avstraliya, ABŞ, Cənubi Koreya kimi ölkələrdə daha çox qalmışam. 2009-cu ildə Avstraliyada pulum bitmişdi və ona görə də iş tapıb 1 il qaldım.
Səyahətiniz zamanı hansı hadisələrlə üzləşmisiniz?
10-dan çox ölkədə bir neçə dəfə xəstəxanaya getmək məcburiyyətində qalmışam. Tailandda dizim və çiynim, Koreyada isə ayağım sınıb. Ekvador və Paraqvayda soyğuna məruz qalmışam, Hindistan, Fildişi sahilləri və Ukraynada həbs olunmuşam. Hind gəmisində səyahət etdikdən sonra Yəmənə çatmaq unudulmaz xatirə idi. Bu ölkəyə gedib çıxmaq üçün 6 ay boyunca 6 dəfə cəhd etdim. Ora çatdıqdan sonra 197 ölkə kvotamı doldurmaq üçün 2 ölkə qalmışdı və sona yaxınlaşırdım.
Yenidən qayıtmaq istədiyiniz ölkə var?
Hamısına yenidən getmək istəyirəm. Bəlkə də hamısını 2-ci dəfə gəzən tək insan ola bildim.
Qeyd edək ki, Johnny Ward Azərbaycanda da olub və bu barədə bloqunda post paylaşıb.

Mənbə: sey-yah.com