Sentyabrın 24-də Azərbaycan Hava Yolları (AZAL) şirkəti Bakıdan Nyu-Yorka Birbaşa uçuşlara başlayır. Səyyah.az-ın məlumatına görə, Nyu-York şəhərinin Kennedi hava limanına (JFK) reyslər hər həftə çərşənbə və şənbə günləri yerinə yetiriləcək, Bakıdan uçuş yerli vaxtla saat 06.00-da, Şimali Amerikanın ən iri şəhərində enmə isə yerli vaxtla saat 09.30-da nəzərdə tutulub. Geri istiqamətdə uçuşlar həftənin eyni günlərində saat 11.30-da həyata keçiriləcək, Azərbaycanın paytaxtında enmə isə növbəti gün saat 08.00-da baş tutacaq. Azərbaycandan Amerikanın biznes paytaxtına birbaşa uçmaq istəyənlər bir tərəfli reysə görə, azı 615 manat ödəyəcəklər (qiymətlər sentyabrın 24-də nəzərdə tutulmuş ilk reys üçündür).
Bakı- Nyu-York biletləri "ekonom" salonu üçün (gediş-gəliş) 960, bir tərəfə isə 615 manat təşkil edir. 2-11 yaşlı uşaqlar üçün uçuş qiyməti təqribən 483 manat təşkil edir, 2 yaşına qədər uşaqlar üçün isə əlavə olaraq cəmi 52 manat ödəmək tələb olunur.
Nyu-Yorka "biznes" salonda uçmaq istəyənlər isə "ekonom" salondan təqribən 3 dəfə artıq vəsait ödəməli olacaqlar. Belə ki, bir nəfərin bir tərəfə uçuşu 1676 manata başa gələcək.
"Biznes" salonda 2-11 yaşlı uşaqların Nyu-Yorka uçuşu 1282 manata, 2 yaşına qədər uşaqlar üçün isə cəmi 157 manata başa gələcək.
"AZAL"la Bakıdan Nyu-Yorka uçuş müddəti 12,5 saat təşkil edəcək. Belə ki, Bakıdan sentyabrın 24-də səhər saat 6-00-da yola düşən təyyarə Nyu-Yorka səhər saat 9-30-da çatacaq. Nyu-Yorkdan yerli vaxtla saat 11.30-da qalxan təyyarə isə Bakıya növbəti gün saat 8-00-da çatacaq.