"Caspian Sea Resort" Xaçmazın ilk 5 ulduzlu oteli oldu

Xəbərlər 11 Sentyabr 2014 00:00 1527
"Caspian Sea Resort" Xaçmazın ilk 5 ulduzlu oteli oldu

 

"Caspian Sea Resort" otel və istirahət kompleksinə Xaçmazın ilk 5 ulduzlu oteli statusu verilmişdir. Mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi mehmanxanaların təsnifatını aparıb. 
 
Təsnifat Avropanın bir çox ölkələrində tətbiq olunan "Hotel Stars Criteria 2010-2014" sənədinə əsasən hazırlanmış "Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyaların müəyyənləşdirilməsi və qiymətləndirilmədə meyarların tətbiq edilməsi barədə" AZS 745-2012 Dövlət Standartına uyğun həyata keçirilmişdir. Qiymətləndirmə nəticəsində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Caspian Sea Resort" otel və istirahət kompleksinə 8 avqust 2014-cü ildən 8 avqust 2017-ci ilə qədər 5 ulduz dərəcəsini təsdiq edən sertifikat təqdim edilib. 
 
Otelin baş direktoru Bəşir Hacıyev bu nailiyyəti yüksək qiymətləndirərək fikirləri ilə bölüşmüşdür: "Azərbaycanda fəaliyyət göstərən ən iri yerli investisiya qruplarından biri olan"Synergy Group"un üzvü "Caspian Sea Resort" istirahət kompleksinə 5 ulduz dərəcəsinin verilməsi burada qonaqlara xidmətin yüksək səviyyədə təşkil edildiyinə dəlalət edir. Qonaqlara göstərilən yüksək səviyyəli gülərüzlü xidmət, istirahət mərkəzinin ərazisində mövcud olan təmizlik və qonaqpərvər atmosfer bu təltifatın bariz göstəricisidir. Otelə ən yüksək dərəcəsinin təqdim edilməsi burada xidmət səviyyəsinin daha da yüksəldilməsi, yeni uğurlara nail olmaq üçün bir stimul olacaqdır."
 
Qeyd edək ki, "Caspian Sea Resort" otel və istirahət kompleksi ilə bərabər 5 ulduz dərəcəsi “JW Marriott Absheron Baku” və “Kempinski Hotel Badamdar Baku” otellərinə də təqdim edilib. 
 
“Caspian Sea Resort” otel və istirahət kompleksində ailəvi istirahət etmək istəyənlər üçün hər bir şərait yaradılıb. 24 saat fasiləsiz xidmət göstərən otel gün ərzində 110 nəfər qonağı qəbul etmək iqtidarındadır. Qonaqların yaddaqalan istirahəti üçün həftəsonu oteldə milli və xarici musiqi proqramları təşkil edilir. Həmçinin, oteldə toy, ad günü və korporativ tədbirlərin, pikniklərin keçirilməsi üçün hər bir şərait yaradılmışdır. Ayrıca, mütəmadi olaraq keçirilən kampaniyalar qonaqların xüsusi marağına səbəb olur.
OXŞAR XƏBƏRLƏR