Yanvarın 16-dan “Buta Airways” şirkəti tərəfindən həyata keçiriləcək Bakı-Sofiya birbaşa hava reyslərinin açılması ilə əlaqədar Azərbaycandan turist axınının artacağı gözlənilir.
Səyyah.az turizm portalı xəbər verir ki, Turist axınının başlaması öncəsi Bolqarıstanın Azərbaycandakı Konsulu Kirill Apostolov ölkəsinin viza prosedurları ilə bağlı vacib detalları diqqətə çatdırıb.
Apostolovun sözlərinə görə, hazırda Bolqarıstan yalnız özünün milli vizasını verir ki, bu da pasport sahibinə Şengen zonasına daxil olmaq hüququ vermir: “Amma Bolqarıstan Nazirlər Şurasının qərarına əsasən, ölkə qüvvədə olan Şengen vizası sahibləri üçün birtərəfli qaydada vizasız rejim tətbiq edir. Yəni pasportunda etibarlı Şengen vizası olan şəxs rahatlıqla Bolqarıstana (3 aydan artıq olmamaq şərtilə) daxil ola və yaşaya bilər”, - konsul deyib.
Konsul sözlərinə görə, Bolqarıstan həmçinin Rumıniya, Kipr və Xorvatiya tərəfindən verilən viza və yaşayış icazəsi sahiblərinə də vizasız rejim tətbiq edir: “Sadalanan ölkələrdən verilmiş sənəd sahibləri də Bolqarıstanda vizasız, (90 gündən çox olmayaraq) qala bilərlər”, - deyə o vurğulayıb.
Kirill Apostolov onu da qeyd edib ki, Azərbaycan vətəndaşları Bolqarıstan vizalarını Bolqarıstanın Bakıdakı səfirliyinin konsulluq şöbəsindən əldə edə bilərlər. Viza üçün müraciət səyahət tarixindən, azı, üç 3 ay müddətindən tez olmayaraq edilməlidir: Xatırladaq ki, Azərbaycan vətəndaşları üçün Bolqarıstan vizasının rəsmiləşdirilməsinin ödənişi 35 avro təşkil edir.
Konsul onu da əlavə edib ki, son 2 il ərzində Bolqarıstan səfirliyinin konsulluq şöbəsi heç bir Azərbaycan vətəndaşına viza verilməsindən imtina etməyib.