Xaricdə turizm Azərbaycandan 1,6 milyard dollar çıxardıb

Xəbərlər 14 Sentyabr 2014 00:00 1123
Xaricdə turizm Azərbaycandan 1,6 milyard dollar çıxardıb

2014-cü ilin yanvar-iyun aylarında xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyəri əvvəlki ilin müvafiq dövrünə nisbətən 15.4% artaraq 1.6 mlrd. ABŞ dolları məbləğində olub. Bu barədə Mərkəzi Bankın “2014-cü ilin yanvar-iyun ayları üçün Azərbaycan Respublikasının Tədiyyə Balansı”nda deyilir.

 

XARİCİLƏRƏ 1,1 MİLYARDLIQ XİDMƏT SATMIŞIQ

“Hesabat dövründə xarici ölkə vətəndaşlarına turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 1105.3 mln. dollar məbləğində qiymətləndirilmişdir. Bunun 31.5%-i qeyri- rezidentlərin Azərbaycana işgüzar səfərləri ilə bağlıdır. Öz növbəsində xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyəri əvvəlki ilin müvafiq dövrünə nisbətən 15.4% artaraq 1.6 mlrd. dollar məbləğində olmuşdur. Bunun 65.4%-i (və ya 1 milyard 46,4 milyonu) Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı xarici ölkələrdə olarkən sərf etdikləri vəsaitlərin (məkik idxal üçün vəsaitlər istisna olmaqla) payına düşür”,- Hesabatda deyilir.

 

AZƏRBAYCANA 5 MİLYARDLIQ XİDMƏTLƏR SATILIB

2014-cü ilin yanvar-iyun aylarında xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində qarşılıqlı xidmətlər əsas yerlərdən birini tutmuş və bu xidmətlərin ümumi həcmi 7.0 mlrd. ABŞ dolları təşkil etmişdir. Bunun 5.0 mlrd. dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 2.0 mlrd. dolları isə Azərbaycan rezidentlərinin xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir. Qarşılıqlı xidmətlər dövriyyəsinin 12.9%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 905.4 mln. dollar olan nəqliyyat xidmətlərinin 48.5%-i Azərbaycan rezidentlərinin xarici dövlətlərin nəqliyyat sistemlərindən istifadə etmələri ilə əlaqədardır. Azərbaycanın rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin ümumi dəyəri isə 465.9 mln. dollar təşkil etmişdir.

“Marja” 

OXŞAR XƏBƏRLƏR