Azərbaycanda dincəlməyin- 10 səbəbi

Xəbərlər 18 Sentyabr 2014 00:00 1542
Azərbaycanda dincəlməyin- 10 səbəbi

Əsrarəngiz təbiəti, zəngin tarixi-mədəni irsi, müalicəvi təbii imkanları ilə geniş turizm imkanlarına malik Azərbaycan dünyanın dörd yanından qonaqları, mənalı və sağlam istirahət həvəskarlarını cəlb edir. Bütün bu zənginlikləri bir arada toplayaraq Azərbaycanda istirahət etməyin 10 əsas səbəbini sizlərə təqdim edirik.

1. Doqquz iqlim qurşağı

Dünyada mövcud olan 11 iqlim qurşağından 9-u Azərbaycanda müşahidə olunur. Ölkə ərazisində həm quru və rütubətli subtropik (Lənkəran-Astara), həm də dağ tundra (Böyük Qafqaz dağları) iqliminə rast gəlinir. Ölkənin cənubunda subtropik iqlim limon, mandarin, portağal, kivi, hətta banan kimi ekzotik meyvələr yetişdirməyə imkan verir. Qışda mülayim, yayda isti hava turistləri cəlb edir. Çimərlik turizmi üçün böyük imkanlar mövcuddur. Xəzər sahilində çimərlik mövsümü mayın sonlarında başlayıb, sentyabrın axırına qədər davam edir. 

2. Dünyada ən böyük duzlu göl - Xəzər

Coğrafi parametrlərinə görə Xəzər dənizi dünyada ən böyük göldür. Sahəsinin böyüklüyünə (371 min kvadrat kilometr) dəniz adlansa da, dünya okeanı və başqa dənizlərə birbaşa çıxışı olmadığına görə isə göl hesab edirlər. Xəzərin suyu çox şor olmadığına, gözü acışdırmadığına və dərini qurutmadığına görə burada çimmək əlverişlidir. Buraya Abşeronda, eləcə də xüsusilə Nabran ərazisindəki çimərlik sahələrində yaradılmış infrastrukturu, hotelləri, yaxt-klubları, katerlə gəzintini, balıq ovu, dayvinq üçün şəraiti də əlavə etsək, onda Azərbaycanın nə üçün Xəzəryanı ölkələr içərisində çimərlik turizmi mərkəzi adlandırılmasının səbəbləri aydın olar.

3. UNESCO-nun mədəni irs siyahısına salınan abidələr 

Azərbaycanın bir neçə tarixi abidəsi və qeyri-maddi mədəni irs nümunəsi UNESCO-nun siyahısındadır. Bunlardan biri dünya mədəniyyətinin nadir incilərindən və ilk qədim yaşayış yerlərindən olan Qobustandır. Qobustandakı unikal qayaüstü rəsmləri tarixin qədim qatlarını, mədəniyyət tarixini öyrənmək baxımından qiymətli mənbədir. Tədqiqatçı alimlər qoruq ərazisində 6 mindən artıq qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40 kurqan aşkar edərək öyrəniblər. Bu qayalarda regionun 15 min illik tarixi - Yuxarı paleolit dövründən Orta əsrlərə qədər böyük bir zaman kəsiyi əks olunub. 1966-cı ildə bu unikal məkan tarixi-bədii qoruq elan edilib. Qoruq 2007-ci ildə UNESCO-nun “Mədəni irs siyahısı”na salınıb. 

UNESCO-nun siyahısına salınan digər tarixi məkan Şirvanşahlar sarayı və Qız qalası ilə birgə İçərişəhərdir. Hazırda 22 hektara yaxın ərazini əhatə edən İçərişəhərdə vaxtilə 28 məhəllə olub. Burada Şərq memarlıq üslubunda tikilmiş məscidlər, karvansaralar, hamamlar və digər abidələr avropalı səyyahların, şərqşünasların, alimlərin böyük marağına səbəb olub, onları heyrətləndirib. 

Azərbaycanda turizmin inkişafı üçün geniş imkanların yarandığı hazırkı dövrdə Qobustanın və İçərişəhərin “Dünya mədəni irs siyahısı”nda olması mədəni turizm baxımdan mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə, Azərbaycan mədəniyyətinin inciləri olan muğam, xalça sənəti, aşıq sənəti, tar ifaçılığı sənəti də UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irs xəzinəsinə daxil edilib.

4. Müalicəvi Naftalan nefti

Naftalan neftinin müalicə məqsədilə istifadə olunmasına dair ilk yazılı məlumat XII əsrə təsadüf edir. Naftalan neftinin texniki istismarına isə XIX əsrin 70-ci illərində başlanılıb. 1892-ci ildə alman mühəndisi Y.İ.Eger ilk dəfə Naftalanda neft çıxarmaq üçün buruq qazdırıb və kiçik bir zavod tikdirib. Orada “Naftalan” və “Kojelon” adlı preparatlar hazırlanırdı. Bu preparatlar Almaniyaya, oradan isə dünyanın müxtəlif ölkələrinə göndərilirdi. Məşhur alman dermotoloqu P.P.Unna 1903-cü ildə demişdi: “Kim Naftalana malikdirsə, onun hər şeyi var”. 

Naftalan kurortu 1933-cü ildə fəaliyyətə başlayıb, əsas inkişafı isə 1970-1980-ci illərə təsadüf edir. 1987-ci ildə burada SSRİ məkanından 70 minə qədər insan müalicə olunmuşdu. Hazırda yenidən qurulan Naftalan yenə keçmiş şöhrətini özünə qaytarır. Burada müasir infrastruktur qurulub, hotellər tikilib. Bir çox ölkələrdən insanlar müalicə olunmaq üçün Naftalana gəlir.

5. Palçıq vulkanları

Azərbaycan palçıq vulkanlarının sayına görə dünyada birinci yeri tutur. Yer kürəsindəki 800-dək palçıq vulkanından 320-dən çoxu ölkəmizin ərazisində, eləcə də Xəzər dənizinin Azərbaycan sektorunda qeydə alınıb. Əsasən Bakı və Abşeron yarımadasında, eləcə də Qobustan və Şamaxı rayonları ərazisində yayılmış palçıq vulkanlarının bəziləri təbiət abidəsi kimi formalaşıb. Ölkəmizdə qeydə alınmış palçıq vulkanlarının 70 faizi fəaliyyətdədir. Vulkanların gili, palçığı əsəb sistemi, dəri və oynaq xəstəliklərinin müalicəsində uğurla istifadə olunur. 

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Bakı və Abşeron yarımadasında 50-dək palçıq vulkanına təbiət qoruğu statusu verilib. Sərəncamda palçıq vulkanlarından ekoturizm obyekti kimi istifadə olunmasının zəruriliyi vurğulanır.

6. Bənzərsiz Azərbaycan mətbəxi

Dünyanın ən zəngin və dadlı mətbəxlərindən olan Azərbaycan mətbəxi ölkənin çoxəsrlik mədəniyyətinin ayrılmaz parçasıdır. Azərbaycan mətbəxinə aid yeməklərin əksəriyyəti qoyun, mal, quş və balıq ətindən hazırlanır. Ölkənin müxtəlif regionlarının özünəməxsus mətbəx nümunələri də var. Bölgələrin müxtəlif çeşidli şirniyyatları da daima qonaqları heyrətləndirib. Ölkəmizdə hər bayramda müxtəlif çeşidli yeməklər və şirniyyatlar hazırlanır. Bu da xalqımızın mətbəx mədəniyyətinin zənginliyindən xəbər verir. 

7. İpək Yolu üzərində yerləşən Şəki

Böyük Qafqaz dağlarının ətəklərində, tarixi İpək Yolunun üzərində yerləşən Şəki şəhəri qədimdən ticarətçiləri özünə cəlb edib, XV əsrdən Qafqazın ipəkçilik mərkəzi kimi tanınıb. 

1861-ci ildə şəhərdə dünyanın ən iri ipəkçilik fabriki inşa edilib. Əcnəbilər Şəki haqqında deyirlər ki, İsveçrə dünyada saatı ilə necə tanınırsa, Şəki də öz ipəyi ilə məşhurdur. 2700 il yaşı olan şəhər tarixi abidələrini, təbii tərtibatını, erqonomik sifətini qoruyub saxlaya bilib. XVIII əsrdə yenidən qurulan Şəki şəhəri memarlığı ilə fərqlənir. Dünya memarlığının incilərindən olan Şəki Xan Sarayı 1762-ci ildə tikilib. Buradakı karvansaralar da Şəki memarlığını xarakterizə edir. Şəkili zərgər, dulusçu, nəqqaş və şirniyyatçılar tarixən Azərbaycandan uzaqlarda da məşhur olublar. 

8. Odlar Yurdunun atəş ruhu və sirləri 

Qədim zamanlardan Azərbaycan Odlar Yurdu kimi tanınıb. Abşeronda torpaqdan çıxan yanar qazların möcüzə kimi tanınması dünyanın bir çox yerlərindən insanların bu diyara səfər etməsinə səbəb olub. Belə məkanlardan biri Bakının Suraxanı rayonu ərazisindəki Atəşgah məbədidir. “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu UNESCO-nun “Dünya irsinin ilkin siyahısı”na daxil edilib. 

Təbiətin qədim Azərbaycan torpağına bəxş etdiyi daha bir möcüzə - Bakının Abşeron rayonunun Məhəmmədi kəndi yaxınlığında yerləşən Yanardağdır. Orta əsr mənbələrində Bakı od püskürən şəhər kimi təsvir olunur. Bakının rəmzi hesab olunan üç yanar alov dili Yanardağın mövcudluğuna istinadən qəbul edilib. 

İslamdan öncə Yanardağ da Atəşgah məbədi kimi atəşpərəstlərin dini inanc, sitayiş yeri olub. Digər möcüzə Yanardağın ən yüksək zirvəsində yerləşən “Qurd qapısı” adlı mağaradır. Deyilənlərə görə, vaxtilə burda canavarlar məskən saldığına görə mağaranı belə adlandırıblar. 

Yanardağın yuxarı ərazisinin hündürlüyü 116 metrə çatdığına görə Abşeronda ən hündür yer hesab olunur. Yanardağ Qafqaz sıra dağlarının son zirvələrindən biridir. Azərbaycan Prezidentinin 2007-ci ildə imzaladığı sərəncamla “Yanardağ”ın ərazisi dövlət tarix-mədəniyyət və təbiət qoruğu elan edilib.

9. Bakı bulvarı

Paytaxt Bakının ən gəzməli və görməli yerlərindən biri Dənizkənarı Milli Parkdır. 2009-cu ildə 100 illik yubileyini qeyd edən bulvarda müxtəlif əyləncə, ticarət, mədəniyyət və idman mərkəzləri fəaliyyət göstərir. Bura paytaxtımızın qonaqlarının və sakinlərinin ən çox sevdiyi məkandır. Hazırda bulvarın ərazisi Dövlət Bayraq Meydanından başlayıb Bakı dəniz limanında yekunlaşır və təxminən 8 km-ə yaxındır. Yaxın illərdə bu ərazi sahil boyu Bibiheybət və Zığ istiqamətlərinə doğru genişləndiriləcək, 25 km-ə çatdırılacaq.

10. Müasir unikal arxitektura

Müasir Bakının tarixi ənənələri ilə yanaşı yeni simvolları da var. Bunlardan biri bütün dünyada tanınan “Alov qüllələri”dir. “Alov qüllələri” həm ideya, həm də arxitektura baxımından diqqəti cəlb edən nadir nümunələrdəndir. Müasir Bakının simvollarından birinə çevrilən bu qüllələr qlobal urbanizasiya tələblərinə cavab verməklə özündə bir neçə kompleksi və xidmət sektorunu birləşdirir. 

Şəhərdəki Heydər Əliyev Mərkəzi də futuristik üslubu ilə müasir dünya memarlığının incilərindəndir. Bakını dünyada məşhurlaşdıran məkanlardan biri də “Eurovision 2012”nin keçirilməsi münasibətilə tikilən “Bakı Kristall Holl” konsert zalıdır. 25 min nəfərlik tutuma malik kompleksin zəngin arxitekturası var.

OXŞAR XƏBƏRLƏR