Praqanı tanımaq üçün 10 ADDIM

Praqanı tanımaq üçün 10 ADDIM
Xəbərlər 13 Yanvar 2018 17:31 228
Praqanı tanımaq üçün 10 ADDIM


Dünyanın ən gözəl şəhərlərindən biri olaraq tanınan və Çexiya Respublikasının paytaxtı Praqa, Vltava Çayının üzərində yerləşir. Qızıl Şəhər Praqa Turunda iştirak etməyi düşünürsünüzsə, hər il şəhəri ziyarət edən milyonlarla turistdən biri olmağa çox yaxınsınız deməkdir. Nağıllar Şəhəri olaraq da xatırlanan Praqa, Kafkanın körpülərlə hörülü mədəniyyət və sənət şəhəridir. Beləliklə Avropanın qəlbi Praqaya virtual səyahətiniz başlamaq üzrədir.

 

Praqada gəziləcək yerlər

Praqada gəziləcək yerlər arasında Prag Qalası, St. Vitus Katedralı, Charles Körpüsü, Old Town Meydanı, Astronomik Saat, Mustek Meydanı və Vaslavske Bulvarı başlıca yer tutur.

Praqa Qalası: Guinness Rekorlar Kitabına görə dünyanın ən böyük qədim qalası olan Praqa Qalasının inşası 9-cu əsrə söykənir. Qala, yüzillər ərzində müharibələrə, yanğınlara, renovasiyalara və siyasi oyunlara müqavimət göstərmiş və orijinal görünüşündən çox uzaqlaşmadan bugünə qədər gəlməyə nail olan tarixi mirasdır.

Charles Körpüsü: Vltava çayı üzərində yerləşən Charles Körpüsü, Praqadakı ən məşhur və tarixi körpüdür. Təqribən 75 heykəlin olduğu 516 metr uzunluğundakı körpüdən keçərkən şəhərin füsunkarlığına qapıla bilərsiniz.

Praqa Milli Teatrı: İncəsənət həvəskarıyam və səyahət etdiyim hər ölkədə xüsusilə sənətin ön plana çıxarıldığı tədbirlərdə iştirak etmək istərdim deyə düşünənlər üçün Praqa Milli Teatrı olduqca münasibdir. Opera, balet və teatrı izləyə biləcəyiniz zalda sadəcə klassik əsərləri deyil, eyni zamanda müasir sənət əsərlərinə də tamaşa edə bilərsiniz.

Old Town: Praqanın qəlbində (mərkəzində), Astronomik Saat, Tarixi Qüllə və Nicholas kilsəsi kimi müxtəlif arxitektur strukturada bir çox tarixi əsərlə əhatə olunan Old Town meydanında Praqanın tarixi macərasını və keçdiyi yolların izləri ilə tanış ola bilərsiniz.

Praqada Gecə Həyatı

Old City Praqa gecə həyatının mərkəzidir deyə bilərik. Bir-birinə yaxın olan barların birindən çıxıb digərinə daxil ola bilər, o qədər də bahalı olmayan içkilərindən-xüsusilə pivələrini zövqlə qurtumlaya bilərsiniz. Praqada gecənizi olduqca fərqli və füsunkar atmosferada dəyərləndirmək istəyirsinizsə, Vitava çayının üzərində yeməkli və musiqili gəmi turunda iştirak edə bilərsiniz. Praqanı iki hissəyə ayıran Vltava çayı üzərindəki gəzinti boyunca, Milli Teatr, Charles Körpüsü, Praqa Qalasının mənzərəsini seyr edərək və musiqi sədaları altında axşam yeməyinizi yeyə bilərsiniz.

Praqada Nə Yeyək? (Praqa Yeməkləri)

Praqa zəngin çeşidə sahib mətbəxi ilə hər növ damaq zövqünə uyğun seçimlərini təklif edir. Bol miqdarda ət istehlak edilən şəhərdə, düyü və kartof da qarniturların arasında öz yerini tutur. Ənənəvi Çex pivəsinin dadına baxmadan bu şəhəri tərk etməyin. Praqa Pivə muzeyinə gedərək, 30-dan çox pivə seçimi ilə rastlaşa bilərsiniz.

Səyyah.az saytı casablanca.az saytına istinadən sizə Praqada gərəyiniz olacaq 10 qızıl məsləhət təqdim edir. Beləliklə:

1.Tətilinizi məhsuldar keçirmək üçün: Mandarin Oriental

Dünyanın ən yaxşı otelləri arasında öz yerini tutan Mandarin Oriental Prague, gənc heyəti ilə göstərdikləri xidmətlərdə həqiqətən də sərhəd tanımır. Sakit və gözdən uzaq mövqeyə sahib olan, Mala Strana bölgəsində yerləşən otelin binası Renesans-Barok-Müasir stillərin maraqlı qarışığını təqdim edir. Bütün otaqlar bir birindən fərqli şəkildə döşənmişdir və hər birinin çox yüksək tavanları var. Hər bir otaq bütövlükdə olduqca genişdir…Otelin, 14-cü əsrdən qalan qədim manastrın içərisində yerləşən möhtəşəm spa-sı mövcuddur. Spa-nın nəzərəçarpan zəmini vasitəsilə altdakı qotik qalıntılarını asanlıqla görə bilərsiniz. Otelin restoranı Avropa və Asiya mətbəxinin ləzzətlərini təqdim edir.

2. Çex mətbəxi: U Modre Kachnicky

Xüsusi gecələr və sofistik yemək üçün bu restorana mütləq baş çəkin. Xoş atmosferada Çex mətbəxinin dadına baxmaq istəyənlər üçün bura olduqca münasibdir. “Mavi Ördək Balası” mənasını daşıyan səmimi və qədim üslubdakı bu məkânda, ənənəvi Çex mətbəxi təqdim olunur. Malá Strana-da yerləşən bu iki mərtəbəli restoran tavan örtüklü kiçik yemək otaqlarından ibarətdir. Divarlarda əllə hazırlanan fresklər, antik mebəllər və canlı piano musiqisi ilə bu restoran olduqca isti və bir o qədər də romantikdir. Aşbaz Michal Váňa burada bugünə qədər Morgan Freeman və Jean Paul Gaultier kimi məşhur simaları qonaq etmişdir.

3. Sənətə fasilə yoxdur: Dox

Şəhərin müasir sənət muzeyi Dox, 2008-ci ilin Oktyabr ayında açılmışdır. 1920-ci illərdə metal fabriki olan və müasir Çex memar Ivan Kroupá tərəfindən dizayn olunan Dox-dakı ilk sərgilərdən biri sənətçi David Cerný-nin Entropa adlı nəhəng installyasiyası olmuşdur. Hətta tətillərinizdə belə incəsənətdən uzaq qala bilmirsinizsə, muzeyə baş çəkib yeniliklərlə tanış ola bilərsiniz.

4. Sərinləşin: Letna Beer Garden (Pivə Bağçası)

Letna Pivə Bağçası, Praqanın ən populyar məkanlarındandır. Yayda burada açıq havada pivə içmək olduqca zövqlüdür. Praqalılar da bunun fərqindədir və ona görə də gözəl havalarda buralarda yer tapmaq çox çətin hətta imkansızdır. Şəhərə hakim mövqeyi ilə olduqca gözəl mənzərəyə sahib olan pivə bağçası Letna Park-da yerləşir. Şəhərin mərkəzinə qısa yeriş məsafəsi olan pivə bağçasının girişindən pivənizi ala bilərsiniz, burada eyni zamanda pivənizin yanında yeyə biləcəyiniz ləzzətli yüngül yeməklər də var.

5. Keçmişə səyahət: Praqa Qalası

Praqa Qalası 880-ci ildən bəri şəhərin göy üzündə yüksəlir. Dünyanın ən böyük qala kompleksi olan Praqa Qalası yüzillər ərzində müharibələrə, yanğınlara, renovasiyalara və siyasi oyunlara müqavimət göstərmiş və orijinallığını çox da itirmədən bugünlərə qədər gələ bilən tarixi mirasdır. Qalada görüləcək bir çox şey mövcuddur. Saint Vitus Katedralı, tarixi Krallıq Sarayı, Müqəddəs George Bazilikası bunlardan bir neçəsidir. Eyni zamanda kompleks daxilində muzeylər, sənət qaleriyaları, bağçalar və manastr da var. Bu qala eyni zamanda dövlət başçısının da rəsmi iqamətgahıdır.

6. Mistik səyahət: Strahov Manastrı

1143-cü ildə Roma memarlığı üslubunda inşa edilən bu bazilika Praqa Qalasından 1.5 km uzaq məsafədə yerləşir. Hal-hazırda bir manastr olan və Katolik keşiş qrupunun yerləşdiyi Strahov-un kilsə qismində 18-ci əsrdən qalan divar rəsmləri mütləq görülməlidir. Ancaq, burada əsas diqqət çəkən 200 minə yaxın nadir, tayı bənzəri az tapılan kitablar və əl yazmaların mövcud olduğu kitabxanadır. Bu nadir kitabların bir çoxunu kitabxananın Fəlsəfə və Teoloji bölmələrindən əldə edə bilərsiniz. Möhtəşəm şəhər mənzərəsinə sahib olan manastrın həm də pivə emalatxanası mövcuddur. Şam yeməyi zamanı həm turist sıxlığından uzaq qalacaq, həm də ənənəvi Çex yeməklərini və Praqın ən yaxşı pivələrindən birini şam işıqları ilə işıqlandırılan həyətdə dadmaq imkanını əldə edə bilərsiniz.

7. Ye, iç, oxu: The Globe Bookstore & Cafe

Yüksək tavan örtüyünə sahib olan əsrlik bir binada xidmət göstərən Globe, 1993-cü ildən bəri Praqalıların kitablarını oxuyarkən qəhvələrini qurtumladıqları və ya dostları ilə görüşdüyü məkandır. Şəhərin ilk İngilis kitab evi olan Globe yeni şəhər mərkəzi Nové Mesto-da həm İngilis dilində kitab həm də beynəlxalq qəzet və jurnal satır. 10 mindən çox yeni və istifadə olunmuş fantastikadan tarixə, sənətdən uşaq ədəbiyyatına qədər müxtəlif kitab çeşidlər mövcuddur. Kitab evinin bitişiyində yerləşən kafe, yerli sənət əsərlərinin bəzədiyi canlı qırmızı divarları və havalar gözəl olduqda möhtəşəm açıq hava həyəti və barı ilə olduqca populyardır. Menyuda Amerika mətbəxi üstünlük təşkil edir: Hamburger-dən fıstıq əzməli cheesecake-ə qədər burada bir çox ləzzətli yemək və şirniyyat var. Kafedə xüsusi gecələr də təşkil olunur. Bazar gecələri nümayiş olunan filmlər bunlardan sadəcə biridir.

8. Petrin Təpəsində Eyfel Qülləsi

Petrin Təpəsinin zirvəsindəki bu polad abidə Eyfel Qülləsini xatırladır, təbii ki hündürlüyü nəzərə alınmazsa. Çünki, Eyfel Qülləsinin sadəcə beşdə biri böyüklüyündədir. 1891-ci ildə inşa edilən bu qülləyə yeriyərək 30 dəqiqədə çıxa bilərsiniz. Gediş yolu ağaclarla boldur və olduqca füsunkardır. Yerimək istəməyənlər isə Újezd Prospektindən funikulyara minə bilər. Bura çatdıqda 299 mərtəbəli pilləkənlə və ya heç bir ödəniş etmədən istifadə edəcəyiniz liftlə qüllənin təpəsinə çıxa bilər, ətrafı istər içəridəki istərsə də xaricdəki müşahidə platformalarından ətrafı seyr edə bilərsiniz. Qüllədən Charles Körpüsü, Vltava Çayı, Praqa Qalası, şəhərin ən yüksək təpəsi Snezka-yı görə bilərsiniz. Qülləni təmiz bağçalar və Stefanik Müşahidə evi əhatə edir.

9. Ungelt (Tyn) Həyəti

Tyn Kilsəsinin arxasındakı Ungelt Həyəti nağıllar aləmindən gəlmiş kimi abu-hava yaradır. Buradakı kiçik, ənənəvi dükkanlar taxta oyuncaq və kuklalar (gəlinciklər) satır. Qədim şəhər meydanına sadəcə 100 metr məsafədə yerləşən həyət Tynska, Stupartska və Mala Stupartska prospektlərinin arasında yerləşir. 11-ci əsrdən bəri, demək olar ki, əzəmətini qoruyub saxlaya bilən Ungelt əvvəllər gömrük yoxlanışlarının həyata keçirildiyi və vergilərin toplandığı yer imiş. Bugün bir-birindən fərqli memarlıq üslubundakı binaların yanaşı sıralandığı həyətdə ən çox maraq doğuran binalardan biri Renesans dövründən qalan Granovsky Sarayıdır. Ungelt-ə getməzdən əvvəl fotoaparatınızı mütləq yanınızda olduğundan əmin olun.

10. Milad Bazarları (Vanocni trh)

Hər il dekabr ayında başlayıb, yanvar ayının əvvəllərinə qədər davam edən Milad Bazarı olduqca hərəkətli keçir. Hədiyyəlik əşya satanlardan qida stendlərinə, taxta oyuncaqçılardan şirniyyat məmulatı satanlara, isti şərab stendlərindən əldə hazırlanan bijüteriyalara qədər bura qış və Noel ruhunu tam olaraq əks etdirir. Bu bazarlardan Wenceslas Meydanında və qədim şəhər meydanında qurulanlar üstünlük təşkil edir. Bu iki bazarın ortasına nəhəng şam ağacı qurulur, hətta uşaqlar üçün heyvanlarla oynayacaqları kiçik zoopark belə təşkil olunur.

 

OXŞAR XƏBƏRLƏR