Ərəb aviaşirkəti Azərbaycanda fəaliyyətə başlayır

Uçuşlara 2015-ci ilin oktyabrın 1-dən etibarən başlanacaq və “Airbus A320” avialayneri ilə yerinə yetiriləcək
Xəbərlər 22 Sentyabr 2014 00:00 1131
Ərəb aviaşirkəti Azərbaycanda fəaliyyətə başlayır

Birləşmiş Ərəb Əmirliklərinin “Etihad Airways” milli aviaşirkəti həftədə 4 dəfə həyata keçiriləcək Əbu-Dabi – Bakı aviareysi üzrə uçuşlara başlayır. Bu barədə aviaşirkətdən bildirilib.

Sözügedən marşrut üzrə uçuşlara 2015-ci ilin oktyabrın 1-dən etibarən başlanacaq və “Airbus A320” avialayneri ilə yerinə yetiriləcək. Təyyarədə 16 biznes-sinif, 120 ekonom-sinif oturacaq mövcuddur. Ümumiyyətlə isə hər həftə oturacaqların sayı 1 088 təşkil edəcək.

 “Etihad Airways” aviaşirkətinin Heydər Əliyev Beynəlxalq Aeroportuna uçuşlara başlaması – aktiv inkişaf edən Qafqaz regionunda əlaqələrin qurulması üzrə strategiyamızın əsas hissəsidir”, - deyə “Etihad Airways”ın prezidenti və icraçı direktoru Ceyms Hoqan bildirib.

AMERİKAYA DA SƏFƏR ETMƏK MÜMKÜNDÜR

Yeni uçuşlar Azərbaycan və BƏƏ arasında biznes və turizm əlaqələrində artan tələbata tam cavab verəcək. Bu, həmçinin, bir çox ölkələrdə, əsasən də Şimali Amerikada yaşayan Azərbaycan diasporası ilə Azərbaycan arasında əlaqəni daha da asanlaşdıracaq:

“Biznes və istirahət məqsədilə Azərbaycandan səyahət edən sərnişinlər Əbu-Dabi vasitəsilə Fars Körfəzi, Hind regionu, Asiya və Şimali Amerikaya səfər etmək üçün gözəl imkan əldə edəcəklər. Bundan başqa, Əbu-Dabi – Bakı aviareysi Azərbaycan və BƏƏ arasında ticarət və turizm sahələrində onsuzda sıx olan əməkdaşlığı bir qədər də möhkəmləndirəcək”, - deyə C. Hoqan əlavə edib.

Qeyd edək ki, 2012-ci ildə Azərbaycan və BƏƏ arasında ticarət dövriyyəsinin həcmi 400 mln. ABŞ dollarından çox olub. Hazırda 12 mindən artıq azərbaycanlı BƏƏ-də yaşayır.

 “Etihad Airways”ın 2015-ci ilin oktyabrın 1-dən etibarən Bakıya həyata keçirəcəyi uçuşların cədvəli:

“Etihad Airways” hər həftənin bazar ertəsi, çərşənbə axşamı, cümə axşamı və şənbə günü Əbu-Dabidən Bakıya və geriyə hərəkət edəcəkdir. Bakıdan uçuş 18:00-da, Əbu-Dabidən isə 11:10-da nəzərdə tutulur.  Uçuş 2 saat çəkir.

11 MİLYONDAN ÇOX SƏRNİŞİN DAŞIYIR

Qeyd edək ki, “Etihad Airways” 2003-cü ildən etibarən fəaliyyət göstərir və artıq 2013-cü ildə şirkətin sərnişin dövriyyəsi 11,5 mln. təşkil edib. “Etihad Airways” Əbu-Dabi şəhərindən Yaxın Şərq, Afrika, Avropa, Asiya, Avstraliya və Amerikanın 110 istiqaməti üzrə sərnişin və yükdaşımalar həyata keçirir. Şirkətin aviaparkı 104 “Airbus” və “Boeing”, həmçinin, 71 “Boeing 787s”, 25 “Boeing 777-X”, 62 “Airbus A350s” və 10 “Airbus A380s” avialaynerlər də daxil olmaqla, 200-dən çox sifariş verilmiş təyyarədən ibarətdir. “Etihad Airways” şirkəti “Airberlin”, “Air Seychelles”, “Virgin Australia”, “Aer Lingus”, ”Air Serbia” və “Jet Airways” kimi aviaşirkətlərin səmdarları sırasındadır, hazırda şirkət öz aktivlərinin “Alitalia” və İsveçrədə yerləşən “Etihad Regional” aviaşirkətlərinə yatırma prosesini həyata keçirir.

“Marja”

OXŞAR XƏBƏRLƏR