Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Şamaxı və İsmayıllı rayonlarını əhatə edən, rus və ingilis dillərində regional turist marşrutları xəritəsi hazırlanıb.
Səyyah.az turizm portalının məlumatına görə nazirlikdən azərtac-a bildirilib ki, qeyd edilən rayonlara səyahət edən turistlər bu xəritə vasitəsilə regionun abidələri, kempinq əraziləri və turist düşərgələri, tarixi məkanları, habelə regionun mətbəxi haqqında ətraflı məlumat əldə edə bilərlər. Bələdçi xəritəsi görməli yerlərə (qədim məscidlər, körpülər, mədəni mərkəzlər və muzeylər) ən qısa marşrutu tapmağa köməklik etməklə rayonda olan mehmanxanalar, istirahət zonaları və restoranlar haqqında məlumatı əhatə edir.
Xəritənin köməkliyi ilə regiona səfər edən turistlər Lahıc və Basqal qəsəbələri, Qız qalası abidəsi, İvanovka kəndi, Yeddi Günbəz, Diri Baba türbəsi, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Safari Park və Dəmirçi kəndi barədə ətraflı məlumatlar ala biləcəklər.
Turist xəritəsini ölkəmizdə fəaliyyət göstərən turizm informasiya mərkəzlərindən, eləcə də region ərazisində fəaliyyət göstərən mehmanxanalardan əldə etmək mümkündür.
Hazırda Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə ölkəmizin digər şəhər və rayonlarının turist xəritələrinin hazırlanması üzərində iş davam etdirilir.