"Sağlamlıq turizmi alternativ turizm növü kimi Azərbaycanda çox aktualdır"- Ruslan Quliyev

“Bu turizm növünü inkişaf etdirməklə Azərbaycana yüz minlərlə turistin gəlməsinə nail ola bilərik”
Xəbərlər 11 Oktyabr 2014 00:00 2108
"Sağlamlıq turizmi alternativ turizm növü kimi Azərbaycanda çox aktualdır"- Ruslan Quliyev

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək İctimai Birliyi bir il öncə yaradılıb. Az müddətdə uğurlar əldə edən qurum artıq Dünya Sağlamlıq Turizmi Şurasının üzvüdür. Bu günlərdə birliyin təşkilatçılığı ilə Bakıda sağlamlıq turizminə həsr olunmuş geniş konfransın keçirilməsi də əks-səda doğurdu. 
İctimai Birliyin sədri Ruslan Quliyevlə ölkəmizdə bu turizm növünün imkanları, onun təbliği istiqamətində qurumun gördüyü işlər, konfransın məqsədi və nəticələri barədə danışdıq:


- Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək İctimai Birliyinin fəaliyyəti hansı zərurətdən yarandı?


- Belə bir təşkilatın yaranması zamanın tələbi idi. Bundan öncə istər xaricdə, istərsə də ölkə daxilində Azərbaycanın sağlamlıq turizmi imkanlarını təbliğ edən bir qurum yox idi. Təbii ki, bu sahəyə həm dövlət tərəfindən, həm də müxtəlif turizm şirkətləri və s. tərəfindən diqqət ayrılır, amma Türkiyə, Rusiya və başqa ölkələrdə assosiasiyalar mövcuddur ki, onlar bir-biri ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərirlər. Bizim də məqsədimiz Azərbaycanın sağlamlıq turizmi potensialını daha da ətraflı formatda geniş auditoriyaya təqdim etmək və xarici ölkələrin müvafiq assosiasiyaları ilə işbirliyi imkanlarından yararlanaraq, seminarlar, forumlar təşkil etməkdir. Fürsətdən istifadə edib bu təşkilatın yaranmasına və fəaliyyətinə verdiyi dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürlərimi bildirirəm. 

- Bir ilə yaxındır fəaliyyət göstərirsiniz. Bu müddətdə ölkəmizin müalicəvi turizm imkanlarının təbliği istiqamətində hansı işlər görülüb?


- Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək İctimai Birliyinin 2013-2015-ci illəri əhatə edən fəaliyyət planı var. Plana uyğun olaraq bir çox işlər görülüb. Türkiyədə və Qazaxıstanda keçirilən sağlamlıq turizmi sərgisinə qatıldıq. Hər il müxtəlif ölkələrdə sağlamlıq turizmi konqresi keçirilir. Bu il bu tədbir Dubayda gerçəkləşdi. Orada Naftalan neftinin təbliği məqsədilə iştirak etdik. Azərbaycan Sahibkarlar Konfederasiyası ilə əməkdaşlığa dair niyyət protokolu imzalandı. Dünyanın müxtəlif ölkələrinin sağlamlıq turizmi assosiasiyaları ilə əməkdaşlıq əlaqələri qurmuşuq. Ötən il Bakıda beynəlxalq səhiyyə sərgisi çərçivəsində Azərbaycan-Türkiyə sağlamlıq turizmi konfransı keçirildi və Türkiyə Sağlamlıq Turizmini İnkişaf Şurası ilə əməkdaşlıq memorandumu imzalandı. Bundan əlavə, Dünya Sağlamlıq Turizmi Şurasına üzv qəbul olunduq. Qurumun veb səhifəsi yaradılıb.

- Bundan sonra ictimai qurum olaraq hansı işləri görmək niyyətindəsiniz?

 

- İctimai Birliyin yaranmasının əsas məqsədlərindən biri ölkədə bu sahə ilə bağlı müvafiq təsisatları bir araya gətirmək, xidmət səviyyəsinin yüksəldilməsi ilə bağlı treninqlərə cəlb etmək və onların təqdimatını həyata keçirməkdir. Bundan əlavə, ölkə ərazisində sanatoriya, kurortlar, sağlamlıq mərkəzləri, spa mərkəzləri və s. sağlamlıq turizmi obyektlərini, o cümlədən mineral sular, şəfalı su mənbələri, balneoloji, iqlim, müalicəvi palçıq kurortları, Naftalan nefti, müalicəvi duz mağara və yataq-hövzələrini əks etdirən xüsusi sağlamlıq turizmi xəritəsini yaratmaq barədə düşünürük. Ümumi bir məlumat bazası yaratmaq və gələcəkdə bu mərkəzlərin çeşidli formada təqdimatını həyata keçirmək istəyirik. Dünyanın bu sahə üzrə aparıcı elmi araşdırma və laborator mərkəzləri var. Azərbaycandakı qaynaqlardan götürülən nümunələri həmin laboratoriyalara vermək və dünya səviyyəsində tanınan keyfiyyət nişanının alınmasına nail olmağı planlaşdırırıq. Keyfiyyət nişanı onu göstərir ki, həmin müəssisə lazımi xidməti və effektli müalicəni təqdim etməyə qadirdir. Bu isə xarici ölkələrin müxtəlif təsisatlarının diqqətini cəlb edəcək. 
Tədbirlər planında bir neçə əsas məqam da var ki, onların reallaşdırılması vacibdir. Bunlardan biri dövlət proqramlarının, sərəncamların və sosial turizmin təbliğ edilməsidir. Bakı və bölgələrdəki müəssisə və təşkilatlar arasında daha çox turist cəlb etmək məqsədi ilə sosioloji sorğu və marketinq araşdırmalarının aparılmasını həyata keçirəcəyik. Menecer və xidmət personalının hazırlıq səviyyəsinin artırılması məqsədilə treninq-kurslar təşkil edəcəyik. Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələri və dövlət qurumları ilə, o cümlədən Mədəniyyət və Turizm, Səhiyyə nazirlikləri, Azərbaycan Turizm İnstitutu ilə sıx əməkdaşlıq şəraitində çalışmaq niyyətindəyik. Planlarımızdan biri də tibbi profilə uyğun olaraq, sanatoriya-kurort müəssisələrinin bazasında ATİ və Turizm Kolleci tələbələrinə təcrübələrin keçirilməsidir. Azərbaycan Turizm İnstitutunda müalicə işinin təşkili ixtisası var. Amma maddi-texniki bazası yaradılmalıdır. Sanatoriyalarla, sağlamlıq turizmi müəssisələri ilə bağlı ATİ-də çox az hazırlıq keçilir. Gələcəkdə bunun formatını daha da genişləndirmək istəyirik. 

- Bakıda keçirilən səhiyyə sərgisi çərçivəsində «Sağlamlıq turizmi - turizm sektorunun yeni trendi, marketinq strategiyası və brendləşmə» mövzusunda konfrans keçirdiniz. Konfransdan gözləntiləriniz özünü doğrultdumu?

 

- Termal qaynaqların və müalicəvi turizm imkanlarının olması hələ turizm məhsulu demək deyil. Keçirdiyimiz konfrans da ölkəmizdə bu turizm növünün inkişafına xidmət edirdi. Biz təqdimetmə texnologiyalarını, yeni innovativ sistemləri, dünya bazarının daha populyar məkanlarına sirayət etmə imkanlarımızı araşdırırıq. Bu səbəbdən də həmin tədbirə dövlət qurumlarının, Milli Elmlər Akademiyasının, Sahibkarlar Konfederasiyasının, Həmkarlar İttifaqları Konfederasiyasının, «Azərkurort» Səhmdar Cəmiyyətinin, sanatoriya və turizm şirkətlərinin nümayəndələrini dəvət etdik. Konfransa Yunanıstan, Almaniya, Çexiya, Gürcüstan, Ukrayna, Rusiya və Türkiyədən sağlamlıq turizmi üzrə mütəxəssislər qatılmışdı. Konfransı keçirməkdə də əsas məqsədimiz həmin mütəxəssislərin öz təcrübələrini bizimlə bölüşməsi idi.
Ümumilikdə götürdükdə sağlamlıq turizmi Amerikadan Malayziyaya qədər olan geniş bir coğrafiyada çox aktualdır. İldən-ilə bu turizmdən istifadə edənlərin sayı artır. Dünyada müalicə turizmi sahəsində dövriyyə ildə 100 milyard dollarlarla ölçülür. Maraqlıdır ki, dünyada baş verən ekoloji fəsadlar, müxtəlif ölkələrdə gedən məhəlli müharibələr belə bu məqsədlə səfər edən insanlara mane ola bilmir.
Konfransımızı ənənəvi keçirmək niyyətindəyik. Növbəti ildə tanıtım fəaliyyəti ilə məşğul olmaq üçün prioritet olaraq MDB məkanı üzrə Qazaxıstanı, Yaxın Şərq və Ərəb körfəzi ölkələri üzrə Dubayı seçmişik. Aparılan araşdırmalar onu göstərir ki, müxtəlif ölkələri təmsil edən mütəxəssislər də Naftalan neftinin çox böyük müalicəvi əhəmiyyətə malik olduğunu deyir. Amma bu istiqamətdə hələ görüləsi işlər çoxdur.

- Bəzən sağlamlıq turizmi müəssisələrinin hansı sahəyə aid olması ilə bağlı suallar yaranır. Sizcə, bu mərkəzlərə hansı dövlət qurumu tərəfindən nəzarət olunmalıdır? 

 

- Türkiyədə uzun müddət Səhiyyə Nazirliyi ilə Mədəniyyət və Turizm Nazirliyi arasında bu sahənin hansı quruma aid olması ilə bağlı suallar yaranıb. Təbii ki, Səhiyyə Nazirliyinin dəstəyi, peşəkar həkimlərin mövcudluğu bizim imkanlarımızı daha da artırır. Amma sağlamlıq və termal turizm məkanlarının tanıdılması, oraya çoxsaylı turistlərin cəlb olunması sırf Mədəniyyət və Turizm Nazirliyinin məşğul olacağı işdir. Özəl sektorun da bu işdə olması baxımından bu vacibdir. Yəni bu iş birlikdə görülməlidir. Ayrı-ayrılıqda bu istiqamətdə nəsə etmək mümkün deyil. 

Sağlamlıq turizmi alternativ turizm növü kimi Azərbaycanda çox aktualdır. Digər turizm növlərində geriləmə olduğu halda da sağlamlıq turizmi hər zaman rentabelli olur. Bu turizm növündə gecələmə sayı 14, 21, 28 gündür. Bu da turistlərin mövsüm və qeyri-mövsümdə ölkəyə cəlb olunmasında böyük əhəmiyyət kəsb edir. Sovet dövründə də bu istiqamətdə, konkret Naftalanla bağlı ənənələr mövcud olub. Keçmiş MDB ölkələrində orta və yaşlı nəslin nümayəndələrinə Naftalan neftinin reklamına ehtiyac yoxdur. Sadəcə olaraq, hafizələrdə bir oyanış həyata keçirmək lazımdır. 

- Azərbaycana xarici ölkələrdən müalicə məqsədilə gələn turistlər çoxdurmu və onlar əsasən hansı məkanlara üz tuturlar?

 

- Bu il Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sağlıq turizm mərkəzlərinə MDB ölkələrindən çoxsaylı turistlər gəlib. Əsasən İran, Türkiyə, Rusiya və Qazaxıstandan gələn turistlər sayca üstünlük təşkil ediblər ki, bunların əhəmiyyətli bir hissəsi məhz müalicə məqsədilə səfər edənlərdir. Ötən il Naftalana gələn turistlərin də üçdəbiri Qazaxıstanın payına düşür. Bəzən müxtəlif ölkələrdə olan sanatoriya-kurort müəssisələrində olarkən görürük ki, məhdud imkanları olan bir yerdə gözəl təsisatlar yaradıblar. Azərbaycanın hər qarışı şəfalı su qaynaqları ilə zəngindir. Masallıda, Lənkəranda, Qaxda, İsmayıllıda belə yerlər çoxdur. Naxçıvanın Culfa rayonunda Darıdağ termal suyu min bir dərdin dərmanıdır. Azərbaycanın bənzərsiz palçıq vulkanlarını da xüsusilə qeyd etmək lazımdır.
Palçıq vulkanlarının ekoturizmdən əlavə, müalicəvi turizmin təşkilində də xüsusi əhəmiyyəti var. Dünya təcrübəsində bir çox xəstəliklərin müalicəsində vulkan palçığından geniş istifadə olunur. Statistikaya görə, hazırda planetimizdə olan 800 palçıq vulkanından 300-dən çoxu Azərbaycanın şərqində və onunla həmsərhəd Xəzər akvatoriyasında yerləşir. Bunların hər birində müalicə müəssisələri yaratsaq, lazımi infrastrukturu qura bilsək, dünyada təbliğ etsək, Azərbaycana ildə müalicə məqsədilə yüz minlərlə turistin gəlməsinə nail ola bilərik. 

"Mədəniyyət" qəzeti

OXŞAR XƏBƏRLƏR