Azərbaycanın qədim hamamlarının dəbdəbəsi – FOTOLAR

Azərbaycanın qədim hamamlarının dəbdəbəsi – FOTOLAR
Xəbərlər 13 Fevral 2018 08:48 70
Azərbaycanın qədim hamamlarının dəbdəbəsi – FOTOLAR

 

Azərbaycan hamamları əhalinin həyatında hər zaman xüsusi yer tutub, insanların dincəldiyi sevimli məkan hesab olunub. Hamamlar istirahət, ünsiyyət, sövdələşmələr üçün əlverişli yerə çevrilib.

 

 Səyyah.az turizm portalı Azərtac-a istinadən xəbər verir ki, hazırda tarixi hamamların əksəriyyəti memarlıq abidəsi kimi qorunur, bir neçəsi isə öz təyinatı üzrə istifadə olunur.

Bakıda Hacı Banu hamamı

Qız qalasının yaxınlığında yerləşən bu hamam XV əsrin sonunda Hacı Qayibin sifarişi ilə memar Hacı Banu tərəfindən inşa edilib. Bu səbəbdən hamamın iki adı var: bəziləri onu Hacı Qayib, digərləri isə Hacı Banu hamamı adlandırır.

Köhnə Bakıda hər məhəllənin öz hamamı var idi. Memarlıq üslubuna görə, içəridə temperaturu tənzimləmək baxımından hamamlar əsasən yerin altında yerləşirdi. Bu cür hamamlar qışda isti, yayda isə sərin olurdu. Sanitar-gigiyenik funksiyaları ilə yanaşı, hamamlar asudə vaxtın səmərəli keçirilməsi üçün gözəl yer hesab edilirdi. Karvan ticarət yolunda yerləşən Hacı Banu hamamı da yorğun səyyahlar və tacirlər üçün sevimli görüş və ünsiyyət məkanı idi.

1964-cü ildə arxeoloji qazıntılar zamanı aşkar edilmiş hamam uzun zaman yerin altında qalıb. Hazırda hamamın binası milli əhəmiyyətli abidə kimi qorunur.

Bakıda Qasım bəy hamamı

Bu hamam da İçərişəhərdə yerləşir və XVII əsrdə Salyan darvazası yaxınlığında tikilib. El arasında ona daha çox “şirin hamam” deyilirdi, çünki burada çayın yanında həmişə şirniyyat verilirdi.

Hamamın planlaşdırma strukturu bu tip binaların ənənəvi memarlıq üslubundadır. Belə ki, hamam vestibül, soyunub-geyinmə otağı, yuyunma yeri, hovuz və qazanxanadan ibarətdir. Soyunma otağı və yuyunma yeri kənarlarında guşələr olan xaçşəkilli günbəzlə örtülüb. Hamamın su təchizatı, suyun qızdırılması və içərinin isidilməsi divarlarda və döşəmənin altındakı keramik borularla həyata keçirilib. 1970-ci ildə hamamda aparılan bərpa işlərindən sonra burada uzun müddət bakılılara yaxşı məlum olan “Yaşıl aptek” fəaliyyət göstərib.

Qasım bəy hamamı orta əsrlərə aid ən maraqlı memarlıq abidələrindəndir və hazırda milli əhəmiyyətli abidə kimi dövlət tərəfindən qorunur.

Bakıda Ağa Mikayıl hamamı

İçərişəhərdə yerləşən bu hamamın özəlliyi onun indiyədək fəaliyyət göstərməsindədir. Hamam XVII əsrdə qalanın cənub-qərbində - Kiçik qalanın əsas küçələrindən birində Şamaxı sakini Hacı Ağa Mikayıl tərəfindən tikilib. Hamamın yerləşdiyi ərazi el arasında hamamçılar məhəlləsi adlanırdı.

Ağa Mikayıl hamamı digərlərindən daxili otaqların genişliyi ilə fərqlənir. Hamamın soyunma və yuyunma yerləri kvadrat formadadır. Çаtmа tаğlаr və günbəzlər memarlıq kompozisiyasını prоpоrsiоnаl yаruslаrа bölür. Binanın üzərində qeyri-adi formada baca ucaldılıb.

Ağa Mikayıl hamamında Azərbaycan kinematoqrafının incisi - Üzeyir Hacıbəylinin eyniadlı operettasının motivləri əsasında ekranlaşdırılmış “O olmasın, bu olsun” filminin bir neçə səhnəsi çəkilib. Bunun sayəsində xalq arasında hamamı daha çox komediyanın baş qəhrəmanının adı ilə - “Məşədi İbad hamamı” adlandırırlar.

2010-cu ildə milli əhəmiyyətli bu abidə əsaslı bərpa olunub. Hamam Azərbaycanın qədim hamamlarının quruluş xüsusiyyətləri ilə tanış olmaq istəyən çoxlu turisti cəlb edir.

Yeri gəlmişkən, Bakının mərkəzində 1886-cı ildə tikilmiş və fəaliyyətdə olan daha bir tarixi hamam – Təzə bəy hamamı yerləşir. Saray üslubu elementləri olan ekzotik Şərq interyeri ilə fərqlənən bu hamam bakılıların və şəhərin qonaqlarının sağlam asudə vaxt keçirməsi üçün sevimli yeridir və heç şübhəsiz ki, diqqətəlayiqdir.

Qubada Çuxur hamamı

Bu qədim hamam Azərbaycanın şimalında, Quba şəhərində yerləşir. XVII əsrdə qırmızı kərpicdən inşa edilmiş bu binanın içəridə lazım olan temperaturu və rütubəti saxlamağa imkan verən böyük günbəzi var. Planda bu dördguşəli tikili Süxur (Çuxur), yəni xüsusi dağ süxurlarından inşa edilmiş bina da adlandırılır. Binanın altı otaq, altı pəncərə və iki qapısı var. Su hamamın altındakı quyudan və yaxud şəhər su kəmərindən verilirdi.

Azərbaycana səyahəti zamanı Qubanı da ziyarət etmiş fransız yazıçısı Aleksandr Düma o zaman bu hamamda yuyunub. Üstündən 150 il keçəndən sonra isə onun nəticəsi bu yerlərdə olub.

1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı zamanı insanları, həmçinin Çuxur hamamında buxarla boğub, cəsədləri qazılmış çalalara atıblar. İndi Qubada qardaş məzarlığının yerində aşkar edilmiş tapıntıların nümayiş olunduğu memorial açılıb.

1985-ci ilədək Çuxur hamamı öz təyinatı üzrə istifadə olunub və qubalıların əsas istirahət məkanı hesab edilib. İndi isə Şərq memarlığının bu incisi bərpa olunub və tarixi abidə kimi qorunur.

Masallının tarixi hamamları

Azərbaycanın cənubundakı Masallı rayonunda əsasən XIX əsrdə inşa edilmiş bir neçə qədim hamam var. Təəssüf ki, onların bir çoxu ötən əsrin 90-cı illərində öz fəaliyyətini dayandırıb. Onlardan biri Masallı şəhərinin mərkəzində yerləşir, digəri - Böyük hamam isə Qızılağac kəndindədir.

Böyük hamam XVIII əsrin sonu-XIX əsrin əvvəlində tikilib və doqquz günbəzli bu tikilinin beş böyük otağı var. Müasirimiz olan yazıçı Molla Hacı Nüsrət “Qızılağac və qızılağaclılar” kitabında yazır ki, bu hamam tanınmış xeyriyyəçi Hacı Məmmədə məxsus olub.

Hamam qazanxananın 3 metr dərinlikdə, yuyunma yerinin isə 2 metr dərinlikdə olması diqqəti cəlb edir. Hamam çox az miqdarda odunla qızdırılırdı, bununla belə tüstünün bayıra çıxdığı kanallar hamamın bütün döşəməsi boyu keçirdi və onu “isti döşəmə” sistemi ilə isidirdi. Odunlar alışdıqdan sonra qazanxananın ağzı kərpiclə örtülürdü və bu, bir neçə gün hamamda istinin saxlanmasına imkan yaradırdı. Hamamın su təchizatı ayrıca quyu vasitəsilə olub. 1988-ci ilədək fəaliyyət göstərmiş bu hamama təkcə qızılağaclılar deyil, ətraf kəndlərin sakinləri də gəliblər.

Masallı rayonundakı qədim hamamlar sırasında indi fəaliyyətdə olanı da var. Onlardan biri Boradigah kəndindədir. Bu hamam XIX əsrdə yerli xeyriyyəçi Hacı Mirağanın vəsaiti ilə tikilib. Müasir üslubda təmirdən sonra bu hamamın iki əsrlik tarixi az bəlli olsa da, təxminən 200 il əvvəl tikilmiş binada istirahət etmək insana xoş gəlir.

Gəncədə Çökək hamam

Azərbaycanın qədim şəhəri Gəncədə memar Şeyx Bahəddinin əsəri olan XVII əsrə aid möhtəşəm memarlıq ansamblı qorunub saxlanıb. Bu ansambla Cümə məscidi, karvansara və Çökək hamam daxildir.

1606-cı ildə Cümə məscidinin inşasından bir müddət sonra Şeyx Bahəddin həmin il bir az yaxınlıqda Çökək hamam tikib.

Hamamın tikintisində o zamanın ənənəvi materialları – qırmızı kərpic və yumurtanın ağı, gil və əhəngin bərkidici qarışığından istifadə edilib. Hamam iki iç-içə zaldan ibarətdir: mərkəzində çarhovuz və fəvvarə olan əsas zal istirahət üçün, kiçik zal isə yuyunmaq üçün nəzərdə tutulub. Hamamın iki böyük və beş kiçik günbəzi var. Böyük günbəzlərin qırağında ventilyator rolu oynayan yarımgünbəzlər tikilib ki, onlardan ventilyasiya boruları divarların içərisindəki məkana doğru ayrılır. Qışda burada çox isti, yayda isə sərin olurdu. Hamam odunla qızdırılırdı. Zirzəmidə iki buxar qazanı yerləşirdi. Divarlarda və hamamın döşəməsində quraşdırılmış keramik borularla buxar zallara ötürülürdü. Buxar bərabər ölçüdə dövr edir və bütün otaqları qızdırırdı. Dörd yüz illik tarixi olan bu unikal sistem1963-cü ilədək mükəmməl işləyib. Bu hamam şəhər sakinlərinin ən sevimli yeri olub.

2002-ci ildən Çökək hamam beynəlxalq əhəmiyyətli mədəniyyət abidəsi statusu aldı və UNESCO tərəfindən mühafizə olunur.

 

OXŞAR XƏBƏRLƏR