Azərbaycan etnosları: Nic kəndinin udinləri

Azərbaycan etnosları: Nic kəndinin udinləri
Xəbərlər 16 Fevral 2018 12:32 1317
Azərbaycan etnosları: Nic kəndinin udinləri

Azərbaycanın yerli etnoslarından olan udinlər Qafqaz Albaniyasının əsasını qoymuş 26 alban tayfasından biridir.

Hazırda onlar ölkənin Qəbələ və Oğuz rayonlarında yaşayırlar. 2009-cu ilin siyahıyaalınmasına görə, onların sayı 3800 nəfər olub. Udinlər əsasən Qəbələ rayonunun Nic kəndində yaşayırlar. Çoxsaylı qədim abidələrin qorunub saxlandığı bu özünəməxsus kənd etnoturizm həvəskarlarında böyük maraq doğurur.

Tarix, folklor və dil

Udinlərə aid ilk məlumata 2500 il əvvəlin mənbələrində rast gəlinir. Bu tayfanın əcdadları utilər haqqında eramızdan əvvəl V əsrdə qədim yunan tarixçisi Herodot özünün “Tarix” əsərində məlumat verib. Uti, Utiq, Otena Kür sahilində, Qarabağda, müasir Bərdə və İmişli ərazisində yerləşən mühüm vilayətlər kimi xatırlanır. Onlar haqqında, həmçinin qədim yunan tarixçisi və coğrafiyaşünası Strabon “Coğrafiya” əsərində eramızdan əvvəl I əsrdə Xəzər dənizi və Qafqaz Albaniyasını təsvir edərkən yazıb. Udin etnik termin kimi ilk dəfə I əsrdə yaşamış romalı yazıçı və filosof Böyük Pliniyin “Təbiət tarixi” əsərində işlədilib. II əsrdə yaşamış yunan mütəfəkkiri Ptolomey “Coğrafiya” əsərində Xəzər sahillərində müxtəlif tayfaların, o cümlədən udinlərin yaşadığı barədə məlumat verir.

VIII əsrdə yaşamış Musa Kalankatlı “Alban tarixi” əsərində udinlər haqqında daha müfəssəl məlumat verib və özünü uti tayfalarına aid edib. O, 26 alban tayfasının əsasını qoymuş mifik Aran haqqında yazıb: “Onun oğlundan Uti, Qardman, Savdey, Qarqar knyazlıqlarında yaşayan tayfalar yaranıb”. Müəllifin sözlərinə görə, utilər oturaq həyat tərzi keçirib, əkinçilik, maldarlıq və sənətkarlıqla məşğul olublar.

Udinlər girdəsifət, saçlarının rəngi açıq olur. Bu qonaqpərvər insanlar arasında uzunömürlüləri çoxdur, gənclər yaşlı nəslə hörmətlə yanaşır. Keçmişdə udin ailələri böyük olardı. Onlar yaxın qohumlarla nikaha girərdilər, erkən nikahlar geniş yayılmışdı. Lakin XIX əsrdən etibarən ailələrdə uşaqların sayı azalmağa başladı. Udinlərin milli geyimi Qafqaz xalqlarının ümumi geyimi kimidir. Keçmişdə uti tayfasından olan qadınlar üzləri bağlı gəzər, kişilərlə süfrə arxasında oturmaz, söhbətə qarışmaz, icazəsiz evdən çıxmazdılar. Cümə axşamı onlarda ən uğurlu gün hesab edilib, adətə görə həmin gün başlanılan iş xeyirlə başa çatardı. Udin folkloru çox rəngarəngdir. Bu folklorda müxtəlif oyunlar, lirik və qəhrəmanlıq mahnıları, rəqslər var. Əfsanə və rəvayətlər məişət mövzusundadır. Keçmiş inanclardan Aya tapınma indiyə qədər davam edir.

Udinlər öz aralarında ana dilində danışırlar. Bu dil Nax-Dağıstan dilləri qrupuna daxil olub, periferiya mövqeyi tutur, Nic və Vartaşen dialektinə bölünür. Hər dialekt müstəqil inkişaf etsə də, bu ayrılıq qarşılıqlı anlaşmaya mane olmur. Müasir udin əlifbasının müəllifi Nic kəndinin sakini, böyük təcrübəyə malik filoloq Keçaari Qriqori hesab edilir.

Udin mənəviyyatının gücü və ermənilərin iflası

VII əsrdə Azərbaycanın ərəblər tərəfindən işğalından sonra ölkə ərəb xilafətinin tərkibinə daxil olub və yerli əhali, o cümlədən udinlər islamı qəbul ediblər. Lakin onların bir hissəsi əvvəlki etiqadını qoruyub saxlayıb ki, bunun nəticəsində də VII əsrdə erməni-qriqoryan kilsəsinə daxil olublar. Bu kilsə hələ VI əsrdən başlayaraq Alban avtokefal kilsəsini özünə güclə tabe ütməyə çalışırdı. Həqiqətən də VIII əsrdən sonra alban katolikosu və onun dəftərxanası qorunub saxlanılmış, lakin alban xristianlarının fəal deetnikləşdirilməsi və erməniləşdirilməsi başlanmışdı. Nəticədə onlar Qarabağda öz dil və mədəniyyətlərini tam itirdilər. Yad kilsənin güclü təsirinə baxmayaraq, udinlər Qəbələ və Oğuz zonasında özünəməxsusluqlarını və doğma dillərini bu günümüzə qədər qoruyub saxlayıblar. 

Qəbələ rayonunun ən böyük kəndlərindən biri olan Nicin sahəsi 100 kvadratkilometrdir, rayon mərkəzindən 40 kilometr cənub-qərbdə yerləşir. Əsas əhalisi etnik udinlərdir. Kənd ərazisi becərilən torpaq sahələrindən, bağ–bağçalı, yaraşıqlı evlərdən, şəxsi həyətlərdən ibarətdir. Həyətlərdə yetişdirilən meyvə və qoz-fındığın əksəriyyəti satışa çıxarılır.

Nic kəndindən qonşu yaşayış məntəqələrinə və Bakıya avtobusla getmək olar. Kənddə beş orta məktəb var. Onlardan üçü tədrisin rus dilində aparıldığı, eləcə də udin dilinin mütləq tədris edildiyi, ikisi isə tədrisin Azərbaycan dilində aparıldığı və udin dilinin öyrənilməsinin məcburi olmadığı məktəblərdir.

Kənd “Çotari”, “Ağ dələkki”, “Qoca bəyim” və digər məhəllələrdən ibarətdir. Vaxtilə hər məhəllənin öz kilsəsi olub. Onlardan bir neçəsi dövrümüzə gəlib çatıb. Belə ki, kəndin qürur yeri, XVII əsrə aid “Çotari” kilsəsi vaxtilə Alban xristianlığının mərkəzi idi. Burada kilsənin yaşıdları hesab edilən dörd nəhəng çinar ağacı var. Yerli sakinlər deyirlər ki, kilsənin tikintisi başa çatandan sonra kəndin hər bir məhəlləsinin sakinləri onun ətrafında çinar ağacları əkiblər. Dini bayramlarda ailələr kilsəyə gələr, öz çinar ağacının altında oturar, yemək hazırlayır, yeyib-içərmişlər.

2006-cı ildə Alban kilsəsi bərpa işlərindən sonra təntənəli surətdə açılıb. Nic sakinləri 170 ildən sonra ilk dəfə öz məbədlərinə daxil olublar. Amma bu hadisənin bir tarixçəsi var. Rus Pravoslav Kilsəsi idarəsi 1836-cı ildə Alban kilsəsini və onun katolikosunu ləğv edəndən və bu kilsənin tarixinə aid bütün sənədləri daşıyıb aparandan sonra udinləri erməni kilsəsinə keçməyə məcbur ediblər. Amma udinlər Rusiya çarının Alban kilsəsinin erməni-qriqoryan kilsəsinə tabe etdirilməsi barədə fərmanını qəbul etməyiblər və heç kəs erməni kilsəsinə keçməyib. Udinlər bütün ayinlərini və ibadətlərini evdə icra etməyə başlayıblar. Bundan istifadə edən ermənilər udinlərin bütün tarixi və dini irsini mənimsəyərək, onları assimilyasiya etməyə çalışıblar. Amma udin xalqı bütün bu illər ərzində öz etiqadını, dilini, adət və ənənələrini qoruyub saxlaya bilib.

Hazırda “Çotari” alban kilsəsi tam fəaliyyət göstərir. Tezliklə burada udin dilində ibadətlər təşkil ediləcək. Hazırda bu kilsəni MDB və digər xarici ölkələrdən yüzlərlə qonaqlar ziyarət edirlər.

Milli mətbəx, adlar və qonaqpərvərlik

Kənddə digər udin məbədləri də qorunub saxlanılıb. Məsələn, XVI-XVII əsrlərin “Bulum” məbədi, XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid “Göy kilsə”. Vaxtilə “qriqorianlaşdırmaya” məruz qalmış bu kilsələr indi fəaliyyət göstərmirlər.

Kənddə XVI-XVII əsrlərə aid qədim qəbiristanlıq da var. Ən qədim məzarlarda çay daşlarından istifadə olunub və üzərində heç bir yazı yoxdur. XIX əsrə aid daşlarda mətn və şəkillər qalır. Bütün yazılar udin dilindədir.

Udinlərin özünəməxsus və çeşidli mətbəxi var. Buraya undan, süddən, ətdən, göyərtilərdən hazırlanan yeməklər daxildir. Populyar yeməklərdən biri “Xərisə”dir. Buğda həll olunana qədər bişirilir, sonra kərə yağı ilə yağlanır, ət və ya toyuqla qarışdırılır. Əkinçilərin ənənəvi xörəyi olan xərisə qədimdən Ön Asiyada, o cümlədən suriyalılarda eyni adla məşhurdur. Azərbaycanın digər rayonlarında bu yeməyə həlimaşı deyilir.

Nic kəndində yerləşən kafedə udinlərin milli və qədim yeməklərinin dadına baxmaq olar. Udin kulinariyasında ətli sıyıq, fırrama (içi doldurulmuş hind toyuğu təndirdə bişirilir), şıftılıq (şabalıd və qozdan hazırlanmış sous), çilov (paxlalı plov), döşəməli aş (cücə-plov) və s. qeyd etmək olar.

Başqa xalqlarda olduğu kimi, udinlərin də öz milli adları var. Amma Nic kəndində əsl udin adları ilə yanaşı, iqtibas edilmiş adlar da çoxdur. Bəzən çox maraqlı adlara təsadüf edilir. Məsələn, çoxsaylı Vitali, Sergey, hətta bir Volter və bir Geroy adlı kişi də var.

Nic kəndində poliklinika, mağazalar, kafe, 300 yaşlı bulaq olmasına baxmayaraq mehmanxana yoxdur. Əhali qonaqpərvərdir: səyahətçilər yerli sakinlərin evində qala bilərlər. Sakinlər kəndə məmnuniyyətlə ekskursiya təşkil edər, görməli yerlərə aparar, milli yeməklərə qonaq edər. Nic kəndinin bolluca meyvə-tərəvəz, qoz-fındıq, ədviyyat və Azərbaycanın bu bərəkətli diyarının digər məsullarının satıldığı, bölgədə məşhur olan Həftə bazarına baş çəkməyi unutmayın.

OXŞAR XƏBƏRLƏR