"Azərbaycanlılar qeyri-adi turlar axtarır" - YENİ TƏKLİFLƏR

"Azərbaycanlılar qeyri-adi turlar axtarır" - YENİ TƏKLİFLƏR
Xəbərlər 19 Fevral 2018 10:01 618
"Azərbaycanlılar qeyri-adi turlar axtarır" - YENİ TƏKLİFLƏR

Azərbaycandan başqa ölkələrə turist səfərlərinin böyük potensialı var.

Bu fikir turizm biznesinin peşəkarları üçün keçirilən “B2B Luxury&MICE Workshop”da səsləndirilib. Ənənəyə çevrilmiş illik seminarın təşkilatçıları Britaniyanın “TMI Consultancy” şirkəti və onun Azərbaycandan olan tərəfdaşlarıdır. Bu il Azərbaycanın paytaxtına dünyanın hər yerindən 30 turizm təşkilatının nümayəndələri gəliblər. Onlar lüks turizmi seqmentindən Bakının 53 turizm agentliyinin nümayəndələri ilə görüşüblər.

Dəniz kruizləri və yunan qonaqpərvərliyi

“B2B Luxury&MICE Workshop” seminarı “B2B Luxury&MICE Workshop” layihəsinin bir hissəsidir. Bu layihə çərçivəsində, həmçinin Qazaxıstanda və Gürcüstanda seminarlar keçirilir. Tədbirin daha çox Bakıda təşkil edilməsi və müvafiq sahə ilə bağlı daha çox qonağı əhatə etməsi dünya turizm bazarının aparıcı aktorlarının dinamik inkişaf edən ölkəmizə artan marağını təsdiqləyir. “Biz Azərbaycan bazarını diqqətlə izləyir, yerli turizm şirkətləri ilə daim əlaqədə olur, daha çox tələbat olan xarici turizm istiqamətləri barədə onların rəylərini toplayırıq, - deyə layihənin rəhbəri Mariya Qorbaçova bildirir. - Elə bu cür əməkdaşlıq əsasında biz lokal bazarın çağırışlarına maksimum cavab vermək üçün növbəti seminarın iştirakçı heyətini formalaşdırırıq”.

Bu il tədbirin qonaqları sırasında daimi iştirakçılarla yanaşı, debütantlar da olub. Onlar otelləri, turoperatorları, milli turizm təşkilatlarını, aeroport və aviaşirkətləri, müxtəlif ölkələrin turizm infrastrukturunu və digər obyektlərini təmsil ediblər.

Məsələn, Avropanın kruiz şirkəti, baş ofisi İtaliyada yerlən “Costa Cruises”in nümayəndəsi Bakıya ilk dəfə gəlib. Şirkətin sərəncamında dəniz marşrutunun böyük seçimini təklif edən müasir, geniş donanma var. “Costa Cruises” şirkətinin biznesin inkişafı üzrə regional meneceri Yekaterina İlyuşina əmindir ki, “Azərbaycan turistləri daim yeni qeyri-adi istirahət istiqamətləri axtarışında olurlar. Bu baxımdan kruizlər bir səfər çərçivəsində bir neçə şəhər, ölkə və hətta qitə ilə tanışlıq üçün daha rahat şərait təklif edir. Beşulduzlu laynerlərin göyərtəsində qonaqlar heç nəyin qayğısını çəkməyəcək, burada onların qalması, yeməyi, əyləncəsi və istirahəti üçün gözəl şərait yaradılıb”.

“Costa Cruises” şirkətinin sərəncamında olan 15 layner dəniz sularında İtaliya bayrağı altında üzür. Bu o deməkdir ki, şirkət italyan istirahət ənənələrinə və yüksək səviyyəli servisə sadiqdir. Bununla belə, 11 laynerdə rusdilli servis var ki, bu da rus dilində konsultasiyanı, restoranların menyusunun və günün proqramlarının tərcüməsini və s. həyata keçirir. “Costa Cruises” laynerlərinin marşrutuna Aralıq dənizi, Şimali Avropa, Fars körfəzi, Yaponiya, Hind okeanı, Şimali və Cənubi Amerika və digər yerlər daxildir. Turistlər dünya səyahəti variantlarına daha çox üstünlük verirlər.

Ailəvi istirahət üçün ideal istiqamət kimi tanınan Yunanıstan tədbirdə ikinci dəfə təqdim edilib. Yunanıstan Milli Turizm Təşkilatının MDB nümayəndəliyinin direktor müavini Nikolaos Stamatisin sözlərinə görə, temperament, mədəniyyət və qonaqpərvərlik baxımından yunanlar və azərbaycanlılar arasında çox oxşarlıq var. “Bizə Azərbaycandan turistlər gəlir və özlərini evdəki kimi hiss edirlər. Yunanıstanda keçən əsrin 70-ci illərindən fəal inkişaf etməyə başlamış turizm sahəsi böyük təcrübəyə malikdir. Odur ki, biz səyahətin istənilən büdcəyə uyğun, demək olar, bütün növlərini təklif edə bilərik. Özü də Yunanıstan ilboyu aktual istiqamətdir. Çoxsaylı tarixi görməli yerlər, zəngin milli mətbəx, çimərliklər və arxipelaq hətta ən çox gəzib-dolaşmış səyahətçini də darıxmağa qoymayacaq”.

Yaşıl Sloveniya və gözlənilməz Ştutqart

Builki tədbirin rəsmi tərəfdaş ölkəsi Sloveniyadır. Bu ölkənin turizm ofisinin nümayəndələri Azərbaycanın turizm şirkətləri üçün geniş təqdimat ediblər. Onların “Turkish Airlines” aviaşirkətindən olan həmkarları isə Bakıdan Sloveniyanın paytaxtı Lyublyana şəhərinə İstanbuldan tranzit marşrutları proqramını təqdim ediblər. Lyublyana 2016-cı ildə “Avropanın yaşıl paytaxtı” adlandırılıb.

Alp dağları, Aralıq dənizi və Pannoniya ovalığı arasında yerləşən Sloveniya yaşıllığın çoxluğuna görə dünyada beşinci yerdədir və ərazisinin üçdəbirindən çoxunu qoruqlar tutur. Sloveniya əhalinin adambaşına düşən su ehtiyatlarının həcminə görə Avropa üzrə orta göstəricini dörd dəfə üstələyir. Sloveniya Turizm Ofisinin satış üzrə meneceri Anya Bezqovşek deyir: “Məhz bizim ölkədə su həm torpağın altında və üstündə, uca zirvələrin ətəyindən tutmuş məhsuldar düzənliyədək bütün təbii landşaftları yaradıb. Burada torpağın canına dirilik suyu hopub – ölkənin 15 təbii kurortunda termomineral bulaqlar, habelə büllur kimi saf çaylar, göllər və şəlalələr var. Avropanın ən mənzərəli guşəsi sayılan ölkənin yeraltı hissəsində 11 karst mağarasını da su yaradıb. Sloveniyaya nə zaman gəlsəniz, Avropada məşhur olan kurort xidmətləri sayəsində gündəlik qayğıdan qurtaracaq, xalq sənətləri ilə tanış olacaq, faydalı və sağlam qidanın dadından zövq alacaqsınız.

Sloveniyanın “Grand Hotel Sava Rogaška”, “Life Class Portorož” otellərinin nümayəndələri, “Palma DMC” və “Renee Tours” şirkətləri təkliflərinin özəllikləri ilə azərbaycanlı həmkarlarını tanış ediblər.

Azərbaycandan olan turistlər üçün maraqlı və kifayət qədər yeni variant Almaniyanın Baden-Vürtemberq əyalətinin paytaxtı Ştutqart şəhəridir. Bu barədə Ştutqart dövlət turizm təşkilatının regional direktoru Hans-Yorq Xatbavnik məlumat verib: “Almaniyanın ən gözəl şəhərlərindən biri olan Ştutqartda tarixi və müasir məkanlar, Qara meşə və Konstans (Boden gölü) gölü Almaniya, İsveçrə və Avstriyanın kəsişməsində yerləşir. Qonşu dövlətlərə bu cür yaxınlıq Ştutqartda istirahəti xüsusən dəyərli edir. Siz gecəni şəhərimizdə qalaraq səhər nahar edər və qonşu İsveçrəyə göl vasitəsilə bir saata çata bilərsiniz. Orada gəzib nahar etdikdən sonra yenidən bərəyə minərək 50 dəqiqəyə Avstriyanın yaxın şəhərlərinə gedər, orada şam edər və Ştutqarta qayıda bilərsiniz”.

Ştutqarq, həmçinin Almaniyanın istehsal mərkəzidir, burada “Mercedes-Benz” və “Porsche”nin mənzil-qərargahları və muzeyləri yerləşir. Şəhərdə yaşıllıq çoxdur, Avropanın ən böyük zooparkı və nəbatat bağı buradadır. Həmçinin Ştutqart şopinq həvəskarlarına geniş imkanlar açır: Almaniyanın ən böyük ticarət evlərindən biri, sahəsi 35 000 kvadratmetr, Avropada böyüklüyünə görə ikinci (Londonda “Harrods”dan sonra) univermaq olan “Broyninqer” burada yerləşir.

Sinqapurun rebrendinqi və B2B-nin üstünlüyü

“B2B Luxury&MICE Workshop”da çox maraqlı digər təqdimatlar da olub. Sinqapur özünün keçənilki rebrendinqinin nəticələrini turizm istiqaməti kimi Azərbaycanın turagentlərinə təqdim edib. Sinqapurun “Passion made possible” kimi yeni devizi bu ölkədə arzuların reallaşdırılmasından xəbər verir. Sinqapurun Rusiyadakı səfirliyinin turizm məsələləri üzrə köməkçisi Beverli Ay Yonq deyib: “Sinqapur hər hansı resursu olmadan yoxsul ölkədən Cənub-Şərqi Asiyanın çox böyük maliyyə və ticarət mərkəzinədək yolu çox sürətlə keçib. Bu, xalqın daha yaxşı həyat arzusunu reallaşdırmaq yolunda göstərdiyi əzm və cəhdlər sayəsində mümkün oldu. Bu gün Sinqapur turistlərə gözəl və mənalı istirahət üçün mədəni, maarifləndirici və əyləndirici tədbirlərlə hüdudsuz imkanlar yaradır. Ən yeni trendlər sırasında paraşüt idmanı növləri beyscampinqi və skaydayvinqi, Sentoza adasında çimərlik əyləncələrini və s. qeyd etmək olar”.

İlk dəfə olaraq seminarda Monako Turizm Ofisi, “Italian Hospitality Collection” qrupu, Paris aeroportu, habelə Avropanın bir sıra turizm şirkətləri iştirak ediblər. Bakıda əvvəllər də olmuş, “Belmond”, “Grecotel”, “Relais&Chateaux” kimi dünya şöhrətli otel qruplarının nümayəndələri öz yeniliklərini növbəti dəfə təqdim ediblər. Onlar öz bizneslərinin inkişafı üçün Azərbaycan bazarını çox vacib hesab edirlər.

Tədbir dostluq mühitində keçirilən görüşlər və məhsuldar nəticələrlə yadda qalacaq. Yunanıstandan Nikolaos Stamatis təəssüratlarını bölüşərək deyib: “Bir peşəkar olaraq B2B formatında seminarları çox bəyənirəm. Bu, əlaqəli lokal bazarın çoxsaylı nümayəndələri ilə qısa müddətdə ünsiyyət qurmağa imkan yaradır. Mən səmimi münasibətlər yaratdığım azərbaycanlı həmkarlarımla görüşmək üçün gələn il Bakıya qayıdacağım barədə indidən qərar qəbul etdim”.

Bakıda keçirilən bu seminarda uzun illərdir iştirak edən, Azərbaycanın “VIP Travel” turizm şirkətinin meneceri Ruslan Kərimov da öz fikirlərini səsləndirib. O qeyd edib ki, turizm bazarı çox sürətlə dəyişir, onun iştirakçıları son tendensiyalardan məlumatlı olmaq üçün daim səy göstərməlidirlər. “B2B Luxury&MICE Workshop” kimi tədbirlər peşəkarlara bazarın nəbzini tutmağa imkan yaradır. “Xarici ölkələrdən olan həmkarlarımızla görüşdə biz onların fəaliyyətindəki yenilikdən xəbər tutur, yeni istirahət imkanlarının özəlliklərini öyrənir, səmərəli əlaqələr qura bilirik. Bütün bunlar bizə Azərbaycan turistlərinə daha keyfiyyətli və aktual servis təqdim etməyə kömək edir”, - deyə R.Kərimov bildirib.

@azərtac

OXŞAR XƏBƏRLƏR