Çoxları onu Ali Akbar kimi tanısa da, əsl adı Arifdir, soyadı isə Ələkbər. Ali Akbar adını da soyadından götürüb.
Dövlət qulluqçusu olan Ali Akbar fotoqrafiyanın hobbisi olduğunu desə də, fotoları “National Geographic” kimi nüfuzlu jurnalda yayımlanıb. Ali Akbar həm də səyyahdır.
Səyyah.az Turizm və İnformasiya saytı PrimeTime.Az-a istinadla Arif Ələkbərlə müsahibəni təqdim edir.
-Məşhur fransız psixoanalitik Frantz Fanon deyirdi ki, səyahət etmək yeni bir dildə danışmaq, yeni bir dünyanın və mədəniyyətin qapılarını açmaqdır. Siz səyahəti necə dəyərləndirirsiniz?
-Getdiyim yerlərə soydaşlarımızın kütləvi şəkildə səfər etmədiklərini nəzərə alsaq (bu, həmin yerin başqa yerlərdən üstün və ya zəif olmasına dəlalət etmir, sadəcə, həmin yerə ölkəmizdə maraq o qədər də çox deyil), ilk dəyərləndirdiyim şey məhz elə bununla bağlıdır: nəsə yeni bir şey görmək, bu yeni bir şeyi fotoda əks etdirmək və qayıdandan sonra da onun barədə izləyicilərə məlumat vermək. Hər hansı səfər mənim üçün yalnız o zaman məqbul hesab edilir ki, bu səfər boyunca özümün bəyəndiyim fotoşəkilləri çəkməyə nail olam. Buradan da belə qənaətə gəlmək olar ki, uğurlu fotoşəkillər və uğurlu səfər mənim üçün vəhdət təşkil edir.
Məsələn, Nyu-York şəhəri. Uzun müddət maraqlanırdım bu şəhərlə, daha doğrusu maraqlanmağıma səbəb ola biləcək nəsə axtarırdım. Tapa bilmirdim. Ora gedib-gələnlər də hamı bir ağızdan deyirdi ki: “Bu şəhəri bir dəfə görməlisən. Mütləq vurulacaqsan!” Vurula bilmədim amma. Dostlar sağ olsun, nə ki, görməli yerləri var – elə gəldiyim andan qabaqlarına qatıb tanış etməyə can atırdılar. Muzeylər, parklar, məşhur küçələr… Cəmi 2 gün gözlədim ki, bu vurğunluq təbim yəqin indilərdə gələr. O da məndən yan keçdi. 3-cü gün artıq Nyu-Yorku sevinə-sevinə tərk edib Mərkəzi Amerikadakı cəngəlliklərdə kolibri quşlarını seyr edirdim. Böyük şəhərdə canlanma var, bəli. Amma əksər şeylər hərəkətsizdir: binalar, parklar… Canlı təbiətdə isə hər şey başqa cürdür. Getdiyin cığırla bir neçə dəqiqə sonra geri dönüncə tam başqa bir mənzərənin şahidi ola bilərsən. Yəqin elə bu səbəbdən də meqapolislər, ümumiyyətlə iri şəhərlər heç vaxt maraq dairəmdə olmayıb.
-Fotoqrafiya üçün xüsusi hazırlıq, məktəb lazımdır? Ya o da digər bəzi sahələr kimi istedad tələb edir?
-Məktəb, hazırlıq, təlim fotoqrafiya ilə məşğul olan insan üçün yalnız o zaman lazım ola bilər ki, onun özündə cüzi də olsa o dediyiniz istedaddan nəsə olsun. İstedad da deyərkən kameranın gözaltı etdiyi obyektin, peyzajın və sairənin bir foto kimi hər hansı marağa səbəb olacağını öncədən hiss etməkdir, duymaqdır. Çox mənzərələr var ki, baxırsan – göz oxşayır. Amma anlayırsan ki, fotoda bu, öz möhtəşəmliyini qoruyub saxlaya bilməyəcək. Belə hallara çox zaman, məsələn, şəlalələ fotolarında rast gəlmək olar. Realda bu, möhtəşəm mənzərədir. Fotolarda isə çox vaxt bu əzəmətli şəlalə dağdan axan adi su axını kimi görünür.
Çəkilən fotoları, ilk növbədə, izləyicilərə sevdirməyə nail olmaq lazımdır. 5-6 dost-tanışa yox, məhz tanımadığın adamlara, gurultulu başlıqsız, sadəcə təqdim etməklə.Bir foto kimi heç bir söz deməyən nəyisə bəh-bəhli başlıqla, üstəlik fotoaparatın modelini və digər texniki məqamları da göstərməklə təqdim edən, məncə, bir balaca xəcalət çəkməlidir.
-Afrikanı daha çox sevdiyinizi, bir neçə dəfə səyahət etdiyinizi bilirik. Onu digərlərindən fərqləndirən nə kimi özəlliyi var?
-Özəlliyini öncəki cavablarda qismən də olsa qeyd etmişdim. İlk özəlliyi – Afrikanı yetərincə tanımamağımızdır. Ətrafda gördüklərimizin bizim üçün tamamilə yeni olmasıdır, görüncə bir çox stereotiplərimizin yox olmasıdır. Çox şahidi olmuşam ki, Afrika haqqında söhbət düşəndə bəzi insanlar sanki bir dövlət barədə fikir söyləyir, halbuki Afrikada 62-dək çox hallarda bir-birinə bənzəməyən ölkə var. Bənzərlik deyəndə təkcə landşaftı nəzərdə tutmuram, həm də əhalisi, yaşam tərzi, baxışları.
Şəxsən mənim üçün Afrikanın digər özəlliyi – canlı təbiəti, heyvanlar aləmidir. Dünyanın heç bir yerində Afrika savannasındakı kimi zəngin heyvanat aləmi yoxdur: 1100 növ məməli, 2500 növ quş, 3000-ə yaxın balıq növü, dünyadakı həşərat növlərinin 10-20%-i və s. Bayaq çəkdiyim cığır məsələsində bu zənginlik əyani surətdə öz əksini tapır: baxırsan – aslan ailəsi özünü günəşə verir, bir qədər keçdikdən sonra həmin yerə bir də baş çəkirsən – artıq həmin yeri böyük zebra sürüsü zəbt edib… Hər an nəsə dəyişir, hər an nəsə yenilik axtarırsan və tapırsan da. Əlbəttə, bir çox Asiya, Amerika ölkələrində, həmçinin Avstraliyada da fauna aləminin müxtəlif nümayəndələri var, amma Afrikadakı kimi çalarlıq yoxdur. Afrikada bu çaları axtarmırsan, özü pişvazına çıxır.
-Səyahət zamanı hansı çətinliklərlə qarşılaşmısınız və o vəziyyətdən necə çıxmısınız?
-Sözün düzü, çoxları elə düşünür ki, bu tipli ölkələrə səfər edincə mütləq adamın başına nəsə qəribə bir hadisə gəlməlidir. Məsələn, Afrikaya getdinsə mütləq vəhşi heyvanın və yaxud minimum bir yerli qəbilənin hücumuna məruz qalmalısan. Mən sonradan qurtulmaq istədiyim sərgüzəşt (və ya inisident) axtarışında deyiləm. Mən gözəllik, maraq dolu nəyinsə axtarışındayam. Əlbəttə, getdiyim yerlərdə müxtəlif xəstəliklər, tünd xasiyyətli qəbilələr var və olur. Bunun üçün də getməzdən öncə lazımi peyvəndlər etmək, qəbiləyə baş çəkmək istədikdə isə öncədən onların razılığını almaq kifayət edir.
Problemlər olur, əlbəttə. Amma onlar, adətən, viza və sair buna oxşar problemlərdir. Məsələn, əksər saytlarda Tanzaniyaya Azərbaycan vətəndaşlarının sərhəddə viza almasının mümkünlüyü yazılsa da, həqiqətdə bu belə deyildir və ya East African Visa Keniya, Ruanda, Uqandaya keçərli olduğu halda bu, Keniyada Azərbaycan vətəndaşlarına şamil edilmir.
-Bəzi səyyahlar deyirlər ki, uzaqlara getdikdə insan dəyişərək geri dönür…
-Başqa ölkəyə səfər edib qayıtdıqdan sonra istər-istəməz insan bir müddət o ölkənin ab-havasında olur. Bu, təbii şeydir. Amma bir müddətdən sonra bu hiss keçib gedir. Biliklərim artıb, amma qlobal şairanə dəyişiklik heç vaxt məndə olmayıb.
-İlk səyahətini edənlər daha çox nələrə diqqət etməlidirlər?
-Yeri gəlmişkən, bu yaxınlarda məhz elə bu barədə bir məlumat hazırlamışdım: “Səyahət zamanı etdiyimiz 10 səhv” (http://travelstory.az/?p=448). Orada qeyd etdiklərim həm yeni səyahət edənlərə, həm də digərlərinə faydalı ola bilər. Əsas getməzdən öncə həmin məkan barədə internet vasitəsilə dolğun məlumatla tanış olmaqdır. Oranın daha maraqlı yerləri barədə bilgili olmaq, özümüz üçün qeydlər aparmaq lazımdır. Məsələn, biz Kosta-Rikaya səfər etməzdən əvvəl bizə maraqlı gələ biləcək yerlər barədə məlumat topladıq, marşrut cızdıq, otellər, icarə üçün avtomobil rezervasiya etdik və rahat şəkildə səyahətimizə start verdik.
-Bir az da getdiyiniz ölkələrdə gördüyünüz qəribə adətlərdən danışın…
-Qəribəliklər yenə də Afrika səfərlərində olub. Daha doğrusu, onlar üçün adi, bizim üçün isə qəribə sayılan adətlər. Məsələn, massai qəbiləsinin toy adətləri. Həmin adətlər yüz illərlə dəyişməz qalıb. Bu qəbilədən olan kişilərin mal-qaralarının sayına görə arvadlarının sayı az və ya çox ola bilər. Gəlinliyə namizəd gələcək ərini ilk dəfə toy günü görür. Gəlini oğlan evinin ata-anası seçib bəyənir, həmin gəlinə görə “ödənişi” təyin edirlər (nəsə tanış gəldi?). Bu “ödəniş” pul deyil, müxtəlif lazımlı əşyalar, ərzaq, mal-qara və hətta silah da ola bilər. Bu zaman gəlinə görə təqdim olunanlar onun alınması məqsədi daşımır. Sadəcə onun ata-anasına bu cür ağıllı-kamallı qız dünyaya gətirib böyütdüklərinə görə təşəkkür xarakteri daşıyır, həmçinin gələcək həyat yoldaşının ailəsini saxlamağa qadir olduğunu sübut edir. Yeri gəlmişkən, sonradan əri yenə evlənmək fikrinə düşsə, onun gələcək arvadını məhz ilk həyat yoldaşı seçəcək. Masailərdə boşanma olmur. Bütün problemləri qəbilə başçısı yoluna qoyur.
Toy günü gənc massailər hündürlüyə tullanma üzrə yarışır. Ən hündür tullanan masai hamıdan güclü, ağıllı sayılır. Massailər Afrikada təbilləri olmayan yeganə qəbilədir və toy günü də bolluca boğaz səslərindən bəhrələnirlər. Toy dəm-dəsgahı bitdikdən sonra gəlinin atası qızına bizim üçün qəribə gələ biləcək tərzdə xeyir-dua verir: alnına və sinəsinə tüpürür.
Həmçinin Yaponiyada da qəribə də olmasa, turist üçün xeyli xoş təəssürat bağışlaya bilən adətlər var ki, onlardan da biri insanların sənə qarşı olan diqqəti, nəzakətidir. Kimdənsə nəsə soruşanda, əgər suala cavab bilmirsə və ya ingilis dilində danışmırsa, sadəcə, gülümsəyərək, sanki xəcalət çəkir kimi dayanacaq və gözləyəcək ki, özün anlayıb gedəsən. Və ya adicə mağazaya daxil olduqda satıcı üçün yapon dilini bilmədiyin bəlli olduğu halda belə yaponca “xoş gəldin” nitqini söyləyəcək.
-Müsahibələrinizdə demisiniz ki, kimsə sizdən fotosunu çəkməyinizi xahiş edəndə “mən ancaq flora-fauna çəkirəm” cavabını verirsiniz. Amma çəkdiyiniz insan fotoları da az deyil. İmtina etməyinizin səbəbi nədir?
İki səbəbi var. Birinci səbəb – portret çəkərkən, ilk növbədə, simanın özü maraqlı olmalıdır. Və bu maraqlılığı da mən özüm təyin etməyi xoşlayıram. Həkk olunmuş portret cansız fotoqrafiyada olsa da, o, vizual olaraq nəsə deməlidir. Süni olmamalıdır. Nə iləsə fərqlənməlidir.
İkinci səbəb də – sifarişlə, poz verməklə deyil, anidən çəkilmiş portretlərə üstünlük verirəm. Bu cür çəkilən fotoların bir başqa özəlliyi olur.
-Bir çoxu səyahət etməyin ən böyük arzuları olduğunu, lakin yetərli kapital olmadığı üçün bunu reallaşdıra bilmədiklərini deyirlər. Sizin səyahət təcrübəniz kifayət qədərdir. Səyahət etmək istəyib də edə bilməyənlərə tövsiyələriniz…
-Bəllidir ki, minimal da olsa müəyyən maliyyə vəsaiti olmalıdır. Və ona uyğun olaraq da mümkün bir marşrutla bağlı məqsədəyönlü çalışmaq lazımdır. O cümlədən də qənaət etmək. Bir çoxları düşünür ki, Afrikaya getmək üçün külli miqdarda vəsait lazımdır. Realda isə bu məbləğ qat-qat aşağıdır. Bir az axtarış etmək bacarığını aşılamaq lazımdır. İnternetdə çoxlu sayda səhifələr var ki, orada bu və ya digər marşrut üzrə ən ucuz aviabilet qiymətləri göstərilir. Özü də hər dəqiqə yenilənir. Sadəcə, səyahət etmək istəyən kiməsə yox, məhz elə özünə güvənməlidir.
-Gələcək planlarınızda hansı ölkələrə səfər etmək var?
-Təkcə səyahətlə bağlı deyil, ümumiyyətlə plan qurmağı bacarmıram və xoşlamıram. Səfər etmək arzusunda olduğum yerlər isə Namibiya, Danimarkanın Qrenlandiya adası və Çinin Tibet vilayətidir.
-Gəzdiyiniz ölkələrlə Azərbaycanı müqayisə etsək nə kimi çatışmazlıqları və üstünlükləri var?
-Getdiyim yer özlüyündə özəldir. Fərq etməz – kasıb ölkədir ya varlı. Onun özünəməxsusluğu var. Məndə oranın mənfi və ya müsbət tərəfləri barədə fikir formalaşa bilər. Amma mən heç vaxt onları Azərbaycanla müqayisə etmək barədə düşünməmişəm. Əgər fərqlilik varsa da, bunu hər zaman labüd bir şey kimi qəbul etmişəm.
-Səyahət bloqlarında adətən bu cümləyə rast gəlirik – “ölmədən görməniz gərəkən 10 şəhər və yaxud ölkə”. Siz belə bir siyahı tərtib etsəniz, hansı ölkələri və ya şəhərləri tövsiyə edərdiniz?
-Ölmək söhbəti olmasın(gülür). Mənim tövsiyəmi isə soruşmayın, çünki öləcəyəmsə də, ölməyəcəyəmsə də, tərtib etdiyim bu siyahının 90%-ni Afrika ölkələri tutacaq".