İtaliya adının “buzovlar ölkəsi” mənasını verən “italia” sözündən götürüldüyünü çoxumuz bilirik. O zaman, gəlin, bir az da bilmədiklərimizdən danışaq.
Səyyah.az turizm portalı məlumat verir ki, İtaliya yeganə ölkədir ki, hər kvadrat kilometr ərazisinə bir sənət əsəri düşür. Ərazisində yerləşən, lakin suveren dövlət hesab olunan iki ölkə var: Vatikan və San Marino. Vatikanlılar axşam saatlarında şəhərlərinin rəmzi darvazalarını bağlayan yeganə sakinlərdir.

San Marino isə Avropanın ən qədim müstəqil ölkəsi sayılır. Dünyanın ən qədim Konstitusiyası da məhz bu ölkəyə aiddir. İlk opera XVI əsrin sonlarında məhz İtaliyada bəstələnib. Deyilənə görə, burada uşaq evləri, kimsəsiz heyvan sığınacaqları yoxdur.

Dünyanın ən qədim universiteti Bologna da İtaliyanın eyni adlı şəhərində yerləşir. 1088-ci ildə inşa olunub. Ən qədim bank da məhz İtaliyadadır: Monte di Siyena. Bu bank 1472-ci ildə qurulub.

Bundan əlavə, İtalyanlar bir çox ilklərə imza atıblar. Məsələn, mexaniki saatlar, barometr, termometr, şüşə və telefon italyanlar tərəfindən icad olunub. Dünyanın ilk kinematoqraf festivalı da burada, 1932-ci ildən etibarən keçirilir.

İtaliyada 140 növdən çox spagetti var. Orta hesabla bir italyan ildə 25 kiloqram spagetti istifadə edir. Ən məşhur desert olan tiramisu da XVII əsrdə İtaliyada yaradılıb. Desertin adının mənası “məni xoşbəxt edir” deməkdir.

İtalyanların Avropada çox məşhur olan qəhvə növü espresso “bu anda, sizin üçün hazırlanmış” mənasını verir. Bundan əlavə, ilk pizza satılan yerin adı “Antica Pizzeria Port’Alba” olub. O, 1830-cu ildə Neapolda açılıb. @seyahetchi