Bakı Aeroportundan yarım milyon sərnişin istifadə edib

Bakı Aeroportundan yarım milyon sərnişin istifadə edib
Xəbərlər 12 Mart 2018 14:28 115
Bakı Aeroportundan yarım milyon sərnişin istifadə edib

 

Heydər Əliyev Beynəlxalq Aeroportu 2018-ci ilin ilk iki ayı ərzində 545 mindən çox sərnişinə xidmət göstərib. Bu göstərici ötən ilin analoji göstəricisindən 16 faiz çoxdur. 

Səyyah.az turizm portalı xəbər verir ki, hava limanının mətbuat xidmətindən oxu.az-a verilən məlumata görə, cari ilin yanvar-fevral ayları ərzində “Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının payına 222 min sərnişin, milli loukoster “Buta Airways”in payına isə 63 min sərnişin düşüb. 

470 min sərnişin (sərnişin dövriyyəsinin 86,2 faizi) beynəlxalq reyslərlə daşınıb. 

Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 47 istiqamət üzrə 27 aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna – İstanbul, Moskva, Dubay, Kiyev, Doha, Şarja, Tbilisi, Bağdad, Tehran və Sankt-Peterburq daxildir. Yanvar-fevral ayları ərzində bu istiqamətlərə 368 min sərnişin uçub. 

Cari ilin mart ayından Əbu-Dabidən Bakıya müntəzəm reysləri BƏƏ-nin aparıcı aviaşirkətlərindən biri – “Etihad Airways” yerinə yetirməyə başlayıb.

Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.

Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti “Skytrax” tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportu dörd ulduza layiq görülüb. 

2017-ci ilin mart ayında Heydər Əliyev Beynəlxalq Aeroportu Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edərək “Skytrax World Airport Awards” mükafatına layiq görülüb. 

OXŞAR XƏBƏRLƏR