Ölkəmizdə turistlərə göstərilən xidmətin çeşidi və səviyyəsi ildən-ilə artır

Ölkəmizdə turistlərə göstərilən xidmətin çeşidi və səviyyəsi ildən-ilə artır
Xəbərlər 15 Mart 2018 13:15 441
Ölkəmizdə turistlərə göstərilən xidmətin çeşidi və səviyyəsi ildən-ilə artır

Ölkəmizdə turizm sahəsinin hərtərəfli inkişafına yönəlmiş dövlət siyasəti son illərdə öz bəhrəsini verməkdədir.

 Turistlərin rahatlığı üçün müasir infrastrukturun yaradılması, xidmət keyfiyyətinin yüksəldilməsi, həmçinin sadələşdirilmiş viza sisteminin tətbiqi ildən-ilə ölkəmizə gələn xarici turistlərin sayının artması ilə nəticələnib. Turist axınının artması, təbii olaraq, ölkəyə daxil olan vəsaitin də yüksəlməsinə müsbət təsir edir.

Azərbaycan Mərkəzi Bankının (AMB) təqdim etdiyi məlumatlara əsasən, respublikamıza gələn xarici vətəndaşların bank kartları üzrə əməliyyatları 2017-ci ildə 1 milyard manatdan çox olub. Bu da 2016-cı illə müqayisədə 70 faiz artım deməkdir.

Ölkəmizə gələn xarici vətəndaşların bank kartları üzrə əməliyyatlarının həcminə görə 2016-cı ildə iyun, dekabr və noyabr ayları seçilsə də, 2017-ci ildə avqust, iyul və sentyabr ayları daha çox fərqlənib. Təsadüfi deyil ki, 2017-ci ildə ölkəmizi ziyarət edənlərin də böyük hissəsi məhz iyul, avqust və sentyabr aylarında gələnlərdir. Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinin sayı da son illər ərzində xeyli artıb. Turizm sahəsinin inkişafı və turizm xidmətlərinə artan tələbatla əlaqədar ötən ildə bu cür müəssisələrin sayı 100 faizdən çox artaraq 633-ə çatıb.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ölkəmizdə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli yerləşdirmə vasitələrinin sayı isə 2017-ci ildə 686 olub. Dünyanın müxtəlif ölkələrində turizmin inkişaf tempi, ölkəyə gələn turist axını 5-7 faiz arasında dəyişir. Ötən il Azərbaycana gələn xarici turistlərin sayı isə 20 faiz artaraq indiyədək qeydə alınan ən yüksək göstəriciyə - 2,7 milyon nəfərə çatıb. Belə yüksək artımın əldə olunmasında 2017-ci ildə ölkəmizdə turizm sahəsində həyata keçirilən tədbirlərin mühüm rolu olub. Dövlət Miqrasiya Xidmətinin təqdim etdiyi hesabata əsasən, 2017-ci ildə ölkəmizə gələn xarici vətəndaşların sayı 2016-cı illə müqayisədə 449 min 215 nəfər (20 faiz) artaraq 2 milyon 691min 998 nəfər olub.

Ölkəyə gələn xarici vətəndaşlardan 853 min 82-si Rusiya, 537 min 710-u Gürcüstan, 362 min 597-si İran, 301min 553-ü Türkiyə, 102 min 360-ı Birləşmiş Ərəb Əmirlikləri, 62 min 454-ü İraq, 57 min 756-sı Ukrayna, 33 min 273-ü Səudiyyə Ərəbistanı, 381min 213-ü isə digər ölkələrin vətəndaşlarıdır.

Mövcud göstəricilərə əsasən, mart, iyun, iyul, avqust və sentyabr ayları gələn xarici ziyarətçilərin sayı baxımından daha aktiv aylar olub. Digər tərəfdən, yanvar, fevral və aprel ayları daha aşağı göstəricilərlə yadda qalıb. 2017-ci ildə ölkəmizdə turizm üçün xarakterik sahələrdə çalışan işçilərin sayı 54 min 600, bu sahə üzrə qoyulan investisiyaların həcmi 91 milyon manat, iaşə fəaliyyəti göstərən sahibkarlıq subyektlərinin sayı 18 min 700, sözügedən obyektlərdə oturacaq yerlərinin sayı isə 711 mini ötüb.

Mədəniyyət və Turizm Nazirliyi ölkəmizə gələn xarici turistlərə göstərilən xidmətin səviyyəsinin daha da artırılmasını hər zaman diqqət mərkəzində saxlayır. Turistlərə göstərilən xidmətlərin çeşidinin və səviyyəsinin artırılması istiqamətində müvafiq işlər həyata keçirilir. @azərtac

OXŞAR XƏBƏRLƏR